manera.az
manera.az

Ölüm tərəfdən boylanar bütün şəkillər.. - yeni ŞEİR

📅 02.11.2020 11:57

Ölüm tərəfdən boylanar bütün şəkillər.. - yeni ŞEİR
Aqşin Yenisey

ƏSGƏR

Sən dünyada yoxkən, ƏSGƏR,
öldürdü Qabil Habili!
Sən olmasaydın,
Ya insan insanın qurbanı olacaqdı,
ya da qatili…

Sən yoxkən qopdu tufan!
su basdı yer üzünü, ƏSGƏR!
Həyat sularda yalqız; ümid dolu bir gəmi…
Sən olsaydın,
tufanlar geri çəkiləcəkdi, görüncə məğrur çəkməni.

Sən yoxkən dünyada, ƏSGƏR!
Qanın alın yazısı yox idi.
Sən günahsız körpələrin yerə enən ahı oldun
Ölümlərin əfəndisi, şahı oldun!

Sən yoxkən dünyada, ƏSGƏR!
Qorxu siyasət oldu, din oldu, div oldu.
Hər şeyin əvvəli səhv oldu…
Hər şeyin sonu əfv oldu…

Sən yoxkən dünyada, ƏSGƏR!
Tanımadan sevmirdi bir kişini bir qadın
Səndən sonra əsgər doğdu
Hər qadın öz övladın.

Sən yoxkən dünyada, ƏSGƏR!
İlk günaha batdı insan, tamaha yenildi
Keçmişə uduzdu, sabaha yenildi.
Sən olsaydın başlamayacaqdı bu əbədi müharibə!
Sən cənnəti mədəniyyətə çevirdin, ƏSGƏR!

Sən tikanısan qızılgülün!
Yarpaq kimi solduğun günlərin geri dönən qisasısan
Sən qızılgülün özüsən!
Gözəlliyin əynindəki cəngavərlik libasısan

Sən həmişə canlısan, sən həmişə şanlısan!
şəkil olan bizik, ƏSGƏR!
ölüm tərəfdən boylanar bütün şəkillər…


Baxış sayı - 930 | Yüklənmə tarixi: 02.11.2020 11:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031