Yaşamaq deyilən şey sərhəd pozuntusudur - Şeirlər
MANERA.AZ AYB-nin Şəki bölməsinin sədri, tanınmış şair Vaqif Aslanın şeirlərini təqdim edir.
Sərhəd pozuntusu
Atamın beli idi
bir zamanlar sərhəddim.
Anamın da boynuna
düşməyə yoxdu həddim.
Məqam yetişdi axır,
Və sair, və ilaxır...
Anamın bətni kəsdi
qabağımı sədd kimi.
Qadağan işarəsi
qoyulmuş sərhəd kimi.
Durub yarımbükülü,
məqam gözlədim yenə.
Süründüm, keçdim ondan
ömrün genişliyinə.
Nəfəs dərdim doyunca,
İməklədim,yeridim
uşaqlığım boyunca.
Gəncliyimlə üzbəüz
durub dayandım bir az.
Onun da sərhəddini
gördüm pozmasam olmaz.
Onu da pozdum axır.
Və sair, və ilaxır...
Qocalığım indidən
qabağımda sanki dağ...
İslanmışın yağışdan
nə qorxusu olacaq?
Sərhəddə çevriləndə
olumumun sonu da
Dağıdıb keçəcəyəm
and olsun ki, onu da.
Ölüm də olsa sərhəd,
dayanmadan onda mən
Şığıyıb işıq kimi
keçəcəyəm ölümdən.
Keçməsəm, öləm gərək.
Ömrün də sərhədləri
dünyanın sərhədditək
Canımıza muzudur.
Yaşamaq deyilən şey
sərhəd pozuntusudur.
Daş
Yuxuda daş gördüm...
Kiminsə əlindəydi,
Atdı, kiməsə dəydi.
Qana bulaşdı daş,
Daşdan səda qopdu,
Nida qopdu:
– Kaş dilim olaydı, kaş!
Yuxuda daş gördüm...
Sürüyüb saldılar yola.
Birisi gəlirdi,
Uçurdu az qala.
Çatıb ilişdi daşa,
Az qaldı ki, qapaşa.
Söydü,tüpürdü,dedi:
– Lənətə gələsən,daş!
Daşdan səda qopdu,
nida qopdu:
– Kaş dilim olaydı, kaş!
Yuxuda daş gördüm...
Tərəzinin gözündəydi.
Bu nəydi?
Hər gələn çəpəki
Baxırdı daşa.
Satıcı coşa-coşa
Deyirdi: – Bu daş haqqı!..
Daşdan səda qopdu,
nida qopdu:
– Boynuma yıxırlar
haqqı, nahaqqı.
Yuxuda daş gördüm,
Daşın da gözündə
yaş gördüm.
İlk məhəbbətim
Bulaqsan.. gözümdən axırsan mənim,
Tüstüsən.. təpəmdəm çıxırsan mənim.
Dustaqsan.. könlümdən baxırsan mənim,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
Sən – ciyər yanğısı, sən – sinəmdə dağ,
Yaxşısan, yamansan,.. mənimsən ancaq.
Üzümə çırpılan şillə, şapalaq,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
Sən gah sevinc oldun, gah fəryad, gah ün,..
Kaş ki, dağılaydı mən doğulan gün.
Sən – cavan ömrümə vurulan düyün,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
İlk dəfə heyrətdən çatılan qaşım,
Oşalanan qolum, əyilən başım.
Sən – vaxtsız yıxılıb qalan başdaşım,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
Qoşa müəllifli şeir
Mənə ürək verdin, aldım onu mən ...
O məndə qalacaq nə qədər sağam.
Nəğmələr yaradıb döyüntüsündən,
Söz-söz, sətir-sətir oxşayacağam.
Mənə ürək verdin, aldım onu mən ...
Gördüm ki, titrəyir, çırpınır, durur.
Gözəl, gözün aydın! Elə o gündən
O mənim sinəmdə rahatca vurur.
Mənə ürək verdin, aldım onu mən ...
Ətirlən, çətirlən, bəzən, düzən, gəz.
Daha arxayın ol öz ürəyindən,
Heç yerdə, heç zaman üşüyə bilməz.
Mənə ürək verdin, aldım onu mən ...
Necə almayaydım? Ürəkdir, axı!
Axdı damla-damla yaş gözlərimdən ...
Mənim də ürəyim kövrəkdir axı!
Mənə ürək verdin, aldım onu mən ...
Sevinə-sevinə sinəmi oydum.
Səni canımdan çox istədiyimdən
Yarıb ürəyimi, içinə qoydum.
Mənə ürək verdin, aldım onu mən ...
Sözümə gün düşdü, şeirimə işıq.
Heç kim bilməsə də, bilirsən ki sən,
Bu şeiri ikimiz birgə yazmışıq.
Aldatdı məni
Mən bu kənddə qalmaz idim,
Yazıyla aldatdı məni.
Boynuma yük almaz idim,
Nazıyla aldatdı məni.
İşım-işım işıltısı,
Xışım-xışım xışıltısı,
Pıçıl-pıçıl pıçıltısı,
Sözüylə aldatdı məni.
Ey gedəri,ey gələri,
Sayım sənə mən nələri?
Qayım-qayım çeşmələri
Gözüylə aldatdı məni.
Qalasının daşı ilə,
Qayasının qaşı ilə.
Böyüklüyü,yaşı ilə
Özüylə aldatdı məni.
Bax,yenə də yaşıl dondu,
Məndən ötrü daha sondu.
Zirvəsinə quşum qondu,
Düzüylə aldatdı məni.
Dilə tutdu axşam-səhər,
O – füsunkar,mən birtəhər.
Gördü məni çəkir şəhər,
Qızıyla aldatdı məni.
Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
I
Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Sən Tanrının zalıma
qırmancısan, vəssalam!
Kəsəndə işıq kimi,
əsəndə yel kimisən.
Çaxanda şimşək kimi,
axanda sel kimisən.
Damar-damar birləşib
türkün qeyrəti səndə.
Oğuz, qıpçaq saflığı,
qarlıq heyrəti səndə.
Başqurd, çuvaş, telengit
diləyir uğur sənə.
Əl edir kumuk, tatar,
tuvinlə uyğur sənə.
II
Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Ədalətin bükülməz
biləyisən, vəssalam!
Alpər Tonqa demiş ki,
olsan doğru ol, düz ol!
Yurd-yuva əmanəti!
Oda-ocağa göz ol!
Mətə xan söyləmişdir:
- Türk yağıya yedilməz!
Can fəda edilsə də,
torpaq fəda edilməz!
Bilgə xaqan ayıtmış:
- Özün-özünü bölmə!
Bölüm-bölüm bölünüb
ayaqlar altda ölmə!
III
Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Sən yıxılı evlərin
dirəyisən, vəssalam!
Türk qanına boyanan
çaylar da gəlir dilə:
- Göy hələ basılmayıb,
dəlinməyib yer hələ!
Erməni süngüsündə
çabalayır körpələr.
Sınıq körpülər sənə
söyləyəcəkdir nələr!
Əsir daşlar tökərək
gözündən yaşlar sənə
Hər addımda bir yeni
hekayət başlar sənə.
IV
Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Sən haqqın, insanlığın
gərəyisən, vəssalam!
Daşlar altından çıxan
bir çağa əli gördüm.
Sən əl verdin o ələ,
mən onu, bəli, gördüm!
Hayes canı saxlanan
şüşə var, əllərdədir.
Gör, hansı ölkələrdə,
gör, hansı ellərdədir.
O şüşəni qır belə!
Yeni dünya qur belə!
Düzlüyün, həqiqətin
keşiyində dur belə!
V
Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Haqq da var, divan da var!
Söz sənindir, vəssalam!
Öldürür insanlığı
insan əti yeyənlər.
İmanı, əqidəni göy
əskiyə düyənlər.
Şeytan, iblis, ifritə
Tanrını təkləyibdir.
Qiyamət deyilən gün
tamam gerçəkləyibdir.
Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Qabaqda Qılkörpü var,
keçməlisən, vəssalam!
Tural Adışirinin təqdimatında