Ürəyim deyir ki, söz kədərindi - Yeni şeirlər

MANERA.AZ Taleh Mansurun yeni şeirlərini təqdim edir.
Söz kədərindi
Ay çıxıb, zülmətin halına yansın,
Ulduzlar gecənin, dan səhərindi.
Gülüşlər röyada, hönkür, oyansın,
Çəkdiyin son ahdı, son qəhərindi.
Hər şeyin, hər şeyin var qığılcımı,
Qoy düşsün qoynuna yar qığılcımı.
Od salıb buzlağa qar qığılcımı,
Ocaq da sərindi, köz də sərindi.
Özümdən, sözümdən özgələr dayaz,
Topuqdan aşağı kölgələr dayaz.
Şırımlar dayazdı, cərgələr dayaz,
Torpağa səpdiyim buğda dərindi.
Nə çoxdu çağıran, hay vermək olmur,
Tək qalan duyğuya tay vermək olmur,
Qaldırıb kiməsə pay vermək olmur,
Öz ömür payındı, öz qədərindi.
Kürəyin ağrısı yükə bağlıdı,
Çoxların hamısı təkə bağlıdı,
Nə varsa, torpağa, kökə bağlıdı,
Bulud da yerindi, göy də yerindi.
Ay Allah, duyuram hənir kürsüdən,
Lal olmuş arzular dinir kürsüdən,
Kövrəlib sevincim enir kürsüdən,
Ürəyim deyir ki, söz kədərindi.
Neyin badəsindən mey badəsinə
Ömrümün o üzü şad gəlir mənə,
Hökmdar taleyə vəzirəm, şərab.
Bu kefsiz kainat yad gəlir mənə,
Mən kefli bir dünya gəzirəm, şərab.
Gəlmişdim özümdə qonaq qalmağa,
Gedirəm özümdən uzaq qalmağa,
Sərxoşlar dözmədi oyaq qalmağa,
Mən hələ dözürəm, dözürəm, şərab..
Üzümü güldürən, qəmin olmuşam,
Sən yaxşı bilirsən, kimin olmuşam,
Dəryanda batmaram, gəmin olmuşam,
Qoynundan-qoynuma üzürəm, şərab.
Yapışdım buludun yaş ayağından,
Düşəydi damcılar, kaş, ayağından,
Daş asdım zamanın quş ayağından,
Tez keçən illərdən bezirəm, şərab.
Dəyməyin şairin mey badəsinə,
Qoy axsın, sevgilər, hey, badəsinə,
Neyin badəsindən mey badəsinə,
Gözümün yaşını süzürəm, şərab.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.