manera.az
manera.az

Herman Hesse - "Novalis"- TƏRCÜMƏ

Herman Hesse - "Novalis"- TƏRCÜMƏHerman Hesse

"Novalis"
esse


Bu son dərəcə zəngin, çevik, cəsarətli mütəfəkkir, bu əsl, həqiqi uzaqgörən, bəsirətli adam, qəlbşünas, psixoloq sanki peyğəmbər yuxusunda olduğu kimi, öz zəmanəsini yüz il qabaqlayaraq, alman mədəniyyətinin ruhunu yaradırdı. Elmi təfəkkürün mənəvi təəssüratla sintezini o elə bir güc-qüvvətlə işləyib hazırlamış və inkişaf etdirmişdi ki, buna ancaq Höte müvəffəq ola bilmişdi. Onda dalğın mənəviyyata bürünmüş, bu gün artıq Alman poeziyasında Allahlıq edə bilmədiyi üçün çoxları tərəfindən inkar edilmiş Alman əfsanəlirinin səsinin bizə müraciəti var. Yaradıcılığında, söz üzərindəki hakimiyyətində özünü demək olar ki, sonuna qədər ruh halına salmış bu insan, bu qəribəliklərlə dolu, ölümü sevən insan duyulan, şəhvani gözəlliyi və tamlığı, mənəvi və cismani ahəngi biruzə verir, üzə çıxarır. Biz böyük minnətdarlıq və heyranlıqla onun qanad açmış yazılarının arxasınca gedir, onun yaratdığı insan zahirinin, insan sifətinin barəsində məyyusluqla düşünürük. Bu haqqda onun ilk bioqrafı gözəl sözlər yazmışdı: "Özü dediyi kimi, ona duyğu aləmində yaşamaq xasdır. Lakin duyğu sahəsində onun zahiri hissləri daxili hisləriylə idarə olunurdu. Bax bu cür o, görünən dünyada başqa bir dünyanı - öz gizli, görünməz dünyasını yaratmışdı. Bura onun yorğunluğunun, əzablarının çağırdığı və öz varlığının məqsədinə nail olub qayıtdığı bir ölkə idi.

Sakit, böyük, ruhlandırıcı, şövqlü gözləri olan, baxışlarına tab gətirmək mümkünsüz olan qeyri-adi, xüsusi uşaqlar olur. Onlara uzun müddət etiqad göstərmirdilər, onlara alicənab yad, qərib kimi, hörmət və təəssüf hissiylə baxırdılar.
Novalis də bu cür uşaq idi.

Camaat onu adından və məcmuəyə daxil olmuş iki - üç nəğməsindən tanıyırdı. Ziyalılar içində çox az tanınmağının səbəbi isə, önümüzdə olan onun əsərlərindən ibarət nəşrin ötən yarım əsrdə hələ birinci olmasıdır.

Alman xalqının xatirində nəğmələri və adı zərif bir musiqi kimi səslənən bu şairin ən sevimli, dərin cəzb etmə qüvvəsi, onun bu qısa ömründə yaratdıqları, ən dar ədəbiyyat dairəsindən kənara çıxmır. Novalis iyirmi səkkiz yaşında dünyasını dəyişmiş və ölərkən Alman romatizminin ən yaxşı pöhrələrini özüylə qəbrə aparmışdı. Yaxın dostlarının işıqlı xatirəsində o, öz gənclik gözəlliyinin cazibəsini qoruyub saxlamışıdır. Onu hələ də sevirlər, onun üçün hələ də darıxırlar, onun yarımçıq qalmış yaradıcılığı başqa heç bir şairə məüvəffəq olmayan sirli bir gözəlliklə əhatə olunmuşdu.

O, ilk "Romatizm məktəbinin" yaradıcılarından idi. Heyif ki çox tez - tez onu ikinci dərəcəli səslərlə, əks-sədalarla dəyişik salıb, ona inamsızlıq duyub, onu unudulmağa doğru yönəldirdilər. Əslində isə Alman ədəbiyyatında erkən romantizm dövrü kimi bu cür maraqlı, bu cür cəzb edici dövrlər çox azdır. Bu dövrü bir neçə sözlə ifadə etmək olar: bu həmin dövr üçün yüksək tendensiyalar - üstünlük təşkil edən fəslsəfə tərəfindən ədəbi imkanları əzilmiş, məhv edilmiş gənc şairlər dərnəyinin qısa tarixçəsidir. Bu məktəbin ən böyük faciəsi, onun ən böyük ümidi, yeganə təmsilçisi, əla və təkrarsız şairin gənc yaşlarındaykən dünyasını dəyişməsi idi. Həmin o gənc Novalis idi.

Məncə Almaniyanın bundan maraqlı, bundan daha canlı gənc ədəbiyyatçıları olmamışdı. Bu dövrdə Vilhelm Şleqel öz mütəşəkkil yaradıcılığına başlamışdı. Onun dahiyanə, lakin, öz iradəsinə tabe olmayan qardaşı Fridrix Berlində inadcıl və zəhmətsevər Şleyermaxerlə yaşayırdı. Yenicə yaradıcılığa başlayan Tik isə, qətiyyətsiz Vakenderi öz ardınca çəkib poetik coşğunluğu ona təlqin etmişdi. Şleyermaxer qəlbinin fərəhini, coşğusunu "nitqlərində" öz dövrünün insanlarına çatdırmaq istəyirdi. Böyük Şlegel incə, nəfis ədəbi tənqidləri üzərində işləyərək, onları daha mükəmməlləşdirir və dərrakəli, çox ağıllı olan Karolina ilə çox dəyərli olan Şekspirin əsərlərinin tərcüməsinə başlamışdı. Fridrix Şlegel bir-birini inkar edən minlərlə fikir və planların içində öz bədnam, bizim dövrümüzdə artıq az oxunan, çətin anlaşılan "Lyusinda" əsərini yazmışdı. Hötenin nəzəri iki qardaşının üzərində idi. Novalis başdöndürən inkişafdan sonra başqalarına da əl uzadırdı. Fixtenin yanında isə dərin mənəviyyata və ürəyə malik olan Şellinq var idi. Diltey ("Şleyermaxerin həyatı") və Haymı ( "Alman romantizm məktəbi") nəzərə almasaq, heç bir ədəbi tarixçi bu dövrün özünəməxsus füsunkarlığını və zənginliyini anlaya bilməmişdi. Onilliklər boyu "romantizm" yarlığını (damğasını) müxtəlif yazıların üzərinə ayırd etmədən, seçmədən onları məhv etmək üçün vururdular.

"Romantizm" sözündən sui-istifadə və yuxarıda adları çəkilən Diltey və Haymın bu dövr barəsində əla işləri (əsərləri) barəsindəki məlumat çatışmamazlığı - Novalisin yaratdıqları ilə zəngin olan həmin dövrün unudulmasına gətirib çıxaran yeganə və ən vacib səbəb deyil. Novalisin əsərlərini oxumaq müasir dövrün istənilən alman yazıçısının əsərlərini oxumaqdan çətindir. Ondan demək olar ki, ancaq abstrakt mühakimədən saf yaradıcılığa doğru axtarışda olduğu yollardan kiçik hissələr - fraqmentlər qalıb. Heç nəyə baxmayaraq, onun əsərlərini oxuyan yaxşı oxucu öz təlabatını ödəmiş olur. Onlar həmin dövrün və onun məktəbinin ehtiyac duyduğu ədəbi qələbə hissini oyadırdı. Və onun əsərlərində fikirlər daha çox düzgün ifadə olunurdu. Bizi əzabverici iti bir hiss bürüyür: daha bir addım, daha on il ömür olsaydı, bizim daha bir ölməz yazıçımız olardı. Çox heyif ki, biz yalnız qısa fraqmenləri oxumaqla kifayətlənməliyik. Onları oxuyarkən gözlərimizin önündə həyatın bizdən çox tez alıb apardığı gözəl, gülərüz, mülayim bir gənc gəlir. Böyük kədər və təəssüf hissiylə bildirməliyik ki, onun heç bir əsəri tamamlanmamış, hamısı yarımçıq qalmışdır. Əgər belə olmasaydı, o əsərlər son dərəcə mükəmməl sərvətə çevrilə bilərdi. Tik də yaradıcılığının erkən çağlarında bir neçə füsunkar nağıl yazmışdı. Lakin, öz fraqmentliliyi ilə bizi ondan daha az məmnun edən Novalisin tək bir cümləsində yüksək poeziyanın sehri var. Onun yaradıcılığıın ayrı-ayrı nümunələrində, həmçinin nəğmələrdə qəlbin sözlə ifadə olunmayan, qeyri-adi, zərif və incə duyğuların rüzgarı əsir. Orada elə sözləri var ki, sanki bizi əzizləyir, oxşayır. Elələri də var ki, nəfəsini saxlayaraq, bu təmiz, saf, xəyali, xariqüladə gözəlliyə heyran olmaq istəyirsən. Bunlarla yanaşı onun fikirləri özündə cazibəli, məlahətli bir şəxsiyyətin gənclik hərarətini saxlayır. Cismanilikdən, dünyadan bu qədər azad, bu qədər uzaqlaşmış olsa da, o, tərki-dünya deyildi, zahid deyildi. Onun şəxsiyyətində onun həyatı, onun ölümü kimi qeyri-adi, çox qəribə, izahı olmayan, ruhumuzun, qəlbimizin əhvalını pozan qısa təsvirlər qalıb.

Novalis son günlərində belə, xəstə olmağına baxmayaraq, həyat doluydu, həyat eşqiylə yaşayırdı. Gəzişirdi, söhbətləşirdi, nəsə bir məşğuliyyət tapıb işləyirdi. Və bir səhər o, oturub fortepianoda ifa olunan musiqini dinləyib xəyallara dalır. Yuxuya getmiş kimi üzündə xoş bir təbəssümlə dünyasını dəyişir. Sizə elə gəlmirmi ki, bu alicənab, mərd, qəribə qeyri-adi, dərin və canlı ruh əziyyət çəkmədən, vidalaşmadan, səslənən musiqi sədalarının həfif ritmləri altında öz xatirələrinin mavi dağlarından keçərək oxunmayan nəğmələr diyarına yollanmışdı. Novalisin bir insan kimi sirri - onun sakit təbəssüm və mavi gözlü sevincin altında gizlincə ağır əzablarla yanan, qovrulan ruh və bədəninin olması idi. Onu dostları bu cür təsvir edirdi və öz əsərlərində bizim gözlərimiz önündə o, bu cür canlanır - boylu-buxunlu, alicənab görünüşlü, ləyaqətli, bayağılıqdan uzaq və zərrə qədər pafossuz. Mən onu haqqında düşünən zaman gözlərimin önünə onun mehriban, səmimi, ciddi siması, ölüm saatında səslənən musiqi sədasına diqqəti, yarımçıq qalmış yaradıcılığının və ömrünün ən sirrli füsunkarılığı olan incə, həfif təbəssümü gəlir.

Novalisin bizim dövrə qədər gəlib çatan əsərində hər şey iki yerə bölünür: fəlsəfə və poeziya. Lakin mən əminəm ki, hətta "Saisidə Şagirdlər"i və ya "Gecə himnləri"nin mistikasını və təbiət fəlsəfəsini adi fəlsəfə kimi qəbul etməklə biz ona haqqsızlıq edirik. Bütün bunlar əhval-ruhiyyə kimi, poeziya kimi çox dəyərli idi. Və Novalisin bəzi aforizmləri onun ömrünün sonunda öz məqsədinə qəsdən, bilərəkdən çatdığını düşünməyə vadar edir. Hətta məşhur ədəbiyyat xadimlərinin ölümlərindən sonra dərc olunmuş qaralama əlyazmaları belə onun poetik fraqmentlərinin yanında öz darıxdırıcı gözüaçıqlığı və süniliyi, qeyri-səmimiliyi ilə qorxulu görünürdü. Qəlbində elə bir ruh yaşayırdı ki, onun yaratdıqları məcraya giriş və qeyri-adi mənəvi bolluğun formalaşması kimi, zəif əsərlərdən uzaq olub, bir icad, bir uydurma idi. Həqiqətən də öz yaradıcılığında ədəbi işin böyük zərif təfərrüatları ilə tamamilə qeyri-bədii tamlığın, saflığın və sadəlövhlüyün ahəngliyi sirrli idi. Bəlkə də ondan başqa bu cür poetik ruha malik olan ikinci bir alman yox idi. Lakin, çox təəssüf ki, o da öz zəmanəsininin qurbanı oldu. Çünki həmin illər çağdaş ədəbiyyatın əsl, həqiqi yaradılışı, dünyaya gəlişi dövrü idi. Tik hər şeydən öncə müasir anlamda ilk kitab istehsalçısıdır. Almaniyanın sonrakı yüzilliklərində məhz bu cür cəld, fəal, yaradıcı istedadlı gənclər daha gözə görünmədi. "Ateneya"nın yaranması, Berlin salonlarının peyda olması bizə daxilimizdə ədəbiyyatın varlığını və yazıçılığın bir peşə olduğunu hiss elətdirdi. O zamandan bəri bizim artıq roman yazarlarımız, jurnalistlərimiz, boşboğaz ustadlarımız, felyetonçularımız və ümumiyyətlə müxtəlif ciddi və qeyri-ciddi ədəbi tiplərimiz var. Romantizmin zərif cücərtisi bu ədəbi, gurultulu canlanmanın ilkin qurbanı oldu. Novalisin başlanğıcını qoyduğu incəliklər 20-30-cu illərin dəbdə olan romantizm yazıçılarının məqsədlərində utanmadan istifadə olundu. Əlbətdə ki, onların arasında Eyxendorf kimi saf, təmiz simaları istisna edirik. Bu gün artıq solmuş, öz rəravətini itirmiş romantizm heç kimə maraqlı deyil. Romantizmə qarşı ən qəddar mübarizə isə reaksiya element idi. Çağdaşlarımızın melanxolik tərzdə "yeni ədəbiyyat"ın perspektivlərinə doğru necə can atdığını müşahidə edərkən, məhz yepyeni ədəbi dairələrdə 1800-cü illərdə olan coşğun poetikliyi olan gəncləri, həmin o əhval-ruhiyyəni və başlanğıcı görürük.

Beləliklə, bizdə yenidən Novalisin nəşrləri var. Əgər bizim "qeyri-romantizm" yazıçılarımız öz güc- qüdrətlərini və poetik ədalətlərini bu ölmüş janra ölçü kimi istifadə etsələr, onun bizə ancaq xeyri dəyər. Kaş ki, içərimizdən bu sadəlövh, uşaqsayağı baxışlara, bu mənəvi tamlığa tab gətirə biləcək kimlərsə tapılardı! Kaş ki, bir az daha çox oxucu müasir mütaliə texnikasını və ümumiyyətlə zahiri görünüşü olan hər şeyi unudaraq, bu sirrli, qeyri-adi dərinliklərə dala bilməyi bacarıydı! Onlarda sanki uşaqlıq çağlarında dinlədiyimiz bir mahnının nəqarəti və ya ata evimizin həyətində olan çiçəklərin artıq unudulmuş ətrini duyduğumuz zaman baş qaldıran, eyni zamanda həm şirin və həm də əzabverici hisslər oyadardı.

Rus dilindən tərcümə edən: XANIM AYDIN
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031