Mən sənsiz bir az çaşqın, bir az dəli, sərsəri - Yeni şeirlər

MANERA.AZ Narıngül Nadirin yeni şeirlərini təqdim edir.
* * *
Sübh çağı,
Dan yeri qanayır.
Gözləri tutulmuş kor qoca
İllərdir
Səhərə qurubdur saatı.
Səhəri gözləyir.
Əqrəblər gecədə dayanır.
Qocadan uzaqda
Ağarır göy üzü.
Göy üzü-
Quşların dənizi.
Sübh çağı,
Dan yeri qanayır.
Ağzı süd qoxulu körpələr oyanır.
Ağzı süd qoxulu körpələr sərçə balasıdır.
Analar bir az süd,
Bir az da yuvadır.
Yuvalar anadır...
Sübh çağı,
Dan yeri qanayır.
Ağılsız balıqlar
Balıqçı toruyla oynayır.
Dəniz öz içindən qaynayır.
Aldanmış balıqlar ağlayır.
Balıqşı balığı,
Dəniz balıqçını vecinə almayır.
Sübh çağı,
Dan yeri qanayır.
Getmək istəyirsən
Heç kimin olmayan uzağa.
Ya itib batmağa,
Ya xoşbəxt olmağa.
Yenə də getmirsən...
Yenə də özünü- özündən asırsan
Yenə də bütün dalğalarda susursan...
* * *
Payız ayrılıqlar fəslidir
Bir vağzal ayrılıq
Bir səma durnalar.
Hönkürən göy üzü
Əsəbi yağışlar.
Ayrılıq adında dərdi var
Yarpağın, otun da
Bax, o qız da ağlayır
Ayrılığın notunda.
Payız qocalığın fəslidir
Qupquru əsayla
Yeri döyəcləyir
Gözləri tor görən bir kişi.
Elə bil inadla
Oyatmaq istəyir keçmişi.
Payız kənd fəslidir,
Şəhərə sığışmaz.
Qayğısı kənd boyda
Bir payız qadın var hardasa.
Gecəni sabah bilir
Ərini allah bilir
Bütün qayğılarına deyir ki, qismətdir.
Lüğətində yalnız bir söz var
O da ki ismətdir.
Payız açıb tökür kartları
Ürəyim sapsarı.
Gözümə yığmışam yolları.
Sapsarı yarpaq tək uçuram.
Payız köç fəslidir.
Misra-misra şeirə köçürəm.
* * *
Bir noxudu gecəydi,
Məndim,
Yarım dilim ay.
Bir də ayaq üstə ağaclar.
Ağaclar adam donundaydı
Adamlar ağac donundaydı
Başını vağzala söykəyib
yatmışdı Bakı.
Qucağında dəniz.
Əriyirdi gecə üzü sübhə sarı
Gecə açıq saxlamışdı bütün qapıları.
Saatı bilmirdim
Sübhün namaz çağı.
Saat əqrəbiydi
indi möminlərin
Tanrıya uzanan qolları
Uzaqda
bütün gəmilərin batdığı ayrılıq adası.
Başımda illərin sevdası, qovğası
İçimdə dəli bir qaraçı havası
Yığışıb gedirdim
Bu gecə yenə də qatara gecikdim.
Qayıtdım geriyə.
Qolumda bir bağlama Bakı
Başımın üstündə
Yarım dilim ay.
* * *
Yer Şuşa, göy Şuşa
Yurd Şuşa.
Adın
Həkk olunub
Hər dağa, hər daşa.
Rejissorun kimdir?
Səhnəni kim qurub?
Bütün lojaların tutulub.
Sənət əsərisən
Dağların qoynunda.
Sən vətən- tamaşa.
Yer Şuşa, göy Şuşa
Yurd Şuşa.
Salıb itirdik,
İtirib tapdıq.
Ağrını, bölüşdük.
Uğrunda
Hünərlə döyüşdük.
Döyüşdük birbaşa!
Sonunda
Bəxtinə zər atdıq
Şeş-qoşa.
Yer Şuşa, göy Şuşa
Yurd Şuşa.
Üstündən
Düşmənin
Calaq adını pozduq.
Adını tarixə yazdıq,
Ömrün uzun olsun,
Şəhərlər şəhəri,
Saraylar sarayı.
Xan, paşa,
Böyüdükcə böyü
Adınla çox yaşa!
* * *
Göy qəzəbli qarıdır
Çadrasını bağlayır.
Küçə reklamındakı
Çılpaq gözəl ağlayır
Bakıya yağış yağır.
Köhnə çəkmə tayını
Sular alıb aparır.
Əyripapaq damların
Örtüyü qaval çalır
Bakıya yağış yağır.
Ucuz, isti kafelər
Qazan kimi qaynayır.
İslaq pişik qapıda.
Şansını cırmaqlayır.
Bakıya yağış yağır.
Ayaqyalın dilənçi
Suları şappıldadır.
Bu dünya ovcundakı
Qara qəpik boydadır
Bakıya yağış yağır.
Bir qadın suya girən
Uşağını danlayır
Əvvəl qadın qışqırır
Sonra uşaq ağlayır
Bakıya yağış yağır.
Uzunqıç göydələnlər
Hamıdan tez islanır.
Şəhər üzən gəmidir
Suya düşüb fırlanır
Bakıya yağış yağır.
* * *
Səndən sonra miz üstündə əzik yol biletləri,
Müqəssir tək boynu bükük siqaret kötükləri.
Xəyallarım suya düşür, ümidlərim təklənir.
Mən sənsiz bir az çaşqın, bir az dəli, sərsəri.
Səndən sonra yağışlar da ara vermir, dayanmır
Yağışlar da ara vermir, tut ucundan göyə çıx.
Bir sərsəri ruh kimiyəm, məndən adam alınmır.
Səndən sonra hər nə varsa, sınıq-salxaq yarımçıq.
Mən sənsiz bir az çaşqın, bir az dəli, sərsəri
İsmin bütün hallarında çıxışlıqdır getməyin.
Səndən sonra mənə qalan ürəyimdə göynəyim
Birdə ipin üstündəki yaddan çıxmış köynəyin...
* * *
Göydən mərmilər yağır,
Toplar torpağı didir.
Mən bir cəbhə xəttiyəm,
Hər gün döyüşlər gedir.
Döyüş gedir qəlbimin
“N” saylı hissəsində.
Bütün döyüşçülərim,
Əsir düşərgəsində.
Əllərim bayraq kimi,
Saçım sünbül sarısı,
Dağılıb qəlbimdəki,
Şəhərlərin yarısı.
Məni bərk-bərk qucaqla,
Bütün sərhədlər itsin.
Getdin döyüş başlandı,
Qayıt, döyüşlər bitsin.
Tural Adışirinin təqdimatında...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.