manera.az
manera.az

Hüsnün yaşayacaq könlümdə mənim - Məşhur gürcü şairin şeirləri

📅 13.08.2025 19:35

Hüsnün yaşayacaq könlümdə mənim - Məşhur gürcü şairin şeirləri
MANERA.AZ tanınmış gürcü şairi Qalaktion Tabidzenin şeirlərini təqdim edir.

"Qulağım həsrətdir tanış səslərə..."

Qulağım həsrətdir tanış səslərə,
Dostlar da baş alıb, gedib harasa.
Qara xülya kimi sanki Tiflisi
Hey qoynuna çəkir... qara yarasa.

Qadın gözəlliyi qarşısında mən
Dönmüşəm çarəsiz, gücsüz ahıla.
Leysan yağdırmaqla göylər də yəqin
Mənim bu halıma yas saxlayırlar.
1914

Şeir - hər şeydən öncə

Dostlar, şeir gəlir sizlərdən öncə,
Təkcə zamandan yox, özümdən öncə,
İlk sevgidən öncə, ilk otdan öncə,
İlk qardan, hər şeydən, hər şeydən öncə.

Qardan bəmbəyazsa, safsa ruhumuz,
Günəş boylandısa pəncərəmizdən,
İçəri işıq yox, şeir süzülər
Svetiçxovelidən, hər şeydən öncə.

Ey doğma şəhərim, niyə soyuqsan?
Bir çələng çoxmudur oğluna, səncə?!
Bu dua tökülər dodaqlarımdan:
Həyat, Ölüm, Şeir - hər şeydən öncə.
1920

Oğlan ilə qız

Dünya ibarətdir uca dağlardan,
Səmadan, bir də ki göy meşələrdən.
O, bir cüt uşağın dilləşməsini
Bizə xatırladır nədənsə... hərdən.

Torpaq da ondadır, sel-su da onda,
Sual da ondadır, cavab da onda.
Heyrətdən yüksələn hər "Əşşi, hə!"nin
Mütləq "Əşşi, yox!"u var cavabında.

Yamyaşıl çəmənin içiylə orda
Yaydıqca sürünü dərə aşağı,
"Əşşi, hə!" deyirsə, şəksiz haqlıdır
O qoyun otaran oğlan uşağı.

Böyründəki qız da "Əşşi, yox!" desə,
Haqlı sayılmazmı özünə görə?!
İstənilən cavab haqlı səslənər -
Baxılmaz gecəyə, ya da səhərə.

O bir cüt uşağın şux söhbətində
Niyə yola getmir "yox"larla "hə"lər?!
Çünki könlümdə də - dünyadakı tək -
Bunlar bir-birini izlər, hədələr.
1924

Külək əsir

Hayqırır, hayqırır, külək hayqırır,
Yarpaqlar budaqdan üzülür asan.
Ağaclar cərgəylə qarşıma çıxır:
Hardasan? Hardasan? Axı hardasan?

Yağışın ardınca qar gözlənilir,
Damlalar kəsilib o qara qənim.
Qovuşmasaq belə bir ömür boyu,
Hüsnün yaşayacaq könlümdə mənim.

Yağışda, yuxuda səsləyib səni,
Dinlərəm küləyin... iniltisini.

Rus dilindən çevirdi: Azad Yaşar


Baxış sayı - 230 | Yüklənmə tarixi: 13.08.2025 19:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031