manera.az
manera.az

Hicranın qürbət, sənsizlik ağır - Türkiyəli şairin şeirləri

Hicranın qürbət, sənsizlik ağır - Türkiyəli şairin şeirləri
Mehmet Atilla Maraş – 1949-cu ildə Türkiyənin Urfa şəhərində dünyaya göz açıb. Yaradıcılığa məktəb illərində başlayıb. 1981-ci ildə Türkiyə Yazarlar Birliyi tərəfindən “Şehrayin” adlı şeir kitabına görə “İlin şairi” seçilib. 1992-ci ildə Hindistanda “Seçilmiş şair” mükafatını qazanıb. 2005-ci ildə Rumıniyada “Balkan böyük şeir mükafatı”nı alıb. 2009-cu ildə Bakıda keçirilən “Türkçənin beynəlxalq şeir festivalı”nda “Nizami Gəncəvi mükafatı”na layiq görülüb. Şeirləri bir çox dillərə tərcümə olunub. Bir sıra şeir kitablarının (“Aney”, “Şehrayin”, “Zor sözlər”, “Aldanmış şeirlər”, “Asel” və s.) müəllifidir. 1998-2000-ci illərdə Türkiyə Yazarlar Birliyinin sədri, 2002-2007-ci illərdə millət vəkili olub.

Tərəddüd

Gəl.
Varlığını isbat et.
Bir mötərizə aç.
Ölümünə
üfiqi bir xətt
çəkə bilərsən.
Hələlik mötərizəni bağla.
Sabaha qaldı.
Gedə bilərsən...

Oğlum

Oğlum,
bil ki,
o kədərli duruşuna,
o dərin baxışına
bir şeir yazmaq
gəlir içimdən.
Dolmuş gözlərini
qaçırma məndən.
Əgər
qəm dağının zirvəsinə
çıxdımsa,
bil ki, həsrətdəndir.
Hicranın qürbət,
sənsizlik ağır.
Səni görməmişəm
çoxdandır.
Ah, oğlum,
qəlbimdəki bu yanğın,
bil ki, ayrılıqdandır.

Yox olur

Qış gələndə qaranquşlar,
leyləklər uçub gedir.
Yer üzünün mərkəzinə
nə qumrular vurulur,
nə də sərçələr.
Hiylə şəstlə yeriyir
Haramı çölündə.
Talandan qalan evlər...
Şöhrət, sərvət
özünü gərir.
Haqq yox olur
toz və duman içində...

Şairlər

Doğulduğum yer
dəfn ediləcəyim torpaqdır.
Bu ölkənin şairləri,
həyatı anlayanları
Ağrı dağındadır.
Bu ölkəni alt-üst edənlərsə
Bodrumda yaşayarlar
ömürlərinin sonunu.

Xəttat

Ey şanlı süvari,
ey soylu və rəvan at.
Ey bir düyü dənəsiylə
İxlas surəsini
incə-incə
ustalıqla yazan xəttat.

Hənnaya yazılmış şeir

Sanki kordum...
Hənnanın gözlərində
əvvəlcə kainatı,
sonra insanı
gördüm.

Hənnanın anası anama,
atası atama
deyir ürək sözünü.
Özü
ana uşağıdır sanki...
Ancaq boynundakı xal
dəli edir adamı.

Hənna, ay qız, Hənna.
Amma
düzünü deyim.
Mən şairəm.
Mənə
çox da inanma.

Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Rəsmiyyə Sabir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930