manera.az
manera.az

BAYRAQ RUHU - Nicat Səmədzadə

📅 17.07.2025 10:16

BAYRAQ RUHU - Nicat Səmədzadə
Hörmətli Manera.az!

İyulun 15-də AMEA Lənkəran Regional Elmi Mərkəzində “AMEA-nın 80 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində regionun görkəmli alimləri: Yaşar Rzayevin ictimai-siyasi və bədii-elmi fəaliyyəti” mövzusunda elmi seminar keçirildi. Tədbirlə bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşımlar olduğundan haqqında danışmağa ehtiyac duymuram. Amma başlıca həqiqət odur ki, biz özümüzü, tariximizi, milli-mənəvi dəyərlərimizin arxeologiyasını və özü tarix olan və ya tarixin bir parşasına çevrilmiş insanların ibrətamiz həyat yolunu öyrənmədən irəli getməkdə çətinlik çəkərik. Belə çətin gedişin qəddar simvolikasını vaxtilə dahi Mirzə Cəlil “Tarix” essesində çox gözəl verib…

Baxış bucağımızı bir qədər genişləndirsək, əslində, hər bir fərdin tarixin bir kəsimi olması qənaətinə gəlmiş olarıq. Amma bu bir qədər kosmopolit yanaşma olacaq. İnsan ilk növbətə yaşadığı evə, elə, ocağa, yurda, obaya və bu sevgili, duyğusal hissələrin əmələ gətirdiyi böyük Vətənə hansı sirli və ya sirsiz kodlarla bağlı olduğunu öz işi, əməli, fədakarlığı ilə ortaya qoymalıdır. Yoxsa, Vətən, səni çox sevirəm - deməklə nə Vətən duyğulanıb sənin qucağına atılacaq, nə də sən ona ruhən “özünəmxsus” hiyləgərliklə yaxınlaşa bilərsən. Elmi seminarımızın həsr olunduğu Yaşar Rzayev də o unikal şəxsiyyətlərdəndir ki, onlar sözdən əmələ yox (çünki buna heç vaxt yox idi!), əməldən əmələ, fədakarlıqdan fədakarlığa keçiblər və heç vaxt düşünməyiblər ki, onların Vətən, Millət, Bayraq üçün gördüyü işlərə kimlərsə nə zaman sözlə qiymət verəcəklər…

Aşağıda söhbət açdığımız hadisə də həmin Gözlənilən Sözün nə zamansa özü gəlib öz sahibini tapmasına bir işarədir. Heş kəsin ağlına gəlməzdi ki, o sözü tanımadığımız bir gənc deyəcək. Mən baş verənləri ikicə sözlə ifadə etmək istəyirəm: BAYRAQ RUHU! Məhz istedadlı həkim Nicat Səmədzadənin danışdığı əhvalat və şeiri Bayraq Ruhunun zamandan-zamana, nəsildən-nəslə necə ağrı, sevgi və göz yaşlarıya keçdiyini simvolllaşdırır. Biz təkcə bir Bayrağın deyil, həm də özümüz də bilmədən bir Ruhun altında birləşirik. Necə ki, 44 günlük Vətən savaşında və ondan əvvəllər də belə olub. “Bir kərə yüksələn bayraq bir kərə enməz” deyərkən də qurucu babalarımız heç vaxt enməyən Ruhumuzu nəzərdə tutublar.

Aşağıda Nicat bəyin danışdığı əhvalatı və şeirini veririk. Elə şeirin özü də Bayraq Ruhunun fasiləsiz hərəkətliliyini, keçidlərini bizə göstərir. Bayraq Ruhu

“Bayraq”dan (Əhməd Cavad) “Azərbaycan Himni”nə, “Azərbaycan Bayrağına” (C.Cabbarlı), “Bayrağ”a (Bəxtiyar Vahabzadə) və ordan da çağdaş şairlərimizə adlayıb. Nicatda da bunu hiss edirik. Təbii ki, Bayraq Ruhunun böyük Azərbaycan aydını Yaşar Rzayevlə birbaşa əlaqəsi olduğundan biz onun üzərində israrla dayanırıq.

Hörmətli Manera.az!

Nicat bəy Bayraqla bağlı hislərini çox təbii, aydın və təsirli ifadə edir. Çünki bu hislər metafor, təşbeh və epitet adlanan qəddar Prokrustun yatağından keçməyiblər…


Hörmətlə: Mehman Qaraxanoğlu

* * *

“Uzun illər bundan əvvəl (o vaxt mən hələ orta məktəbdə oxuyurdum) bacımın ali məktəbə daxil olması ilə əlaqədar mərhum atam Doktor Səmədağa Səmədzadə şənlik təşkil etmişdi. Bu münasibətlə qohum-əqrəba, dost-tanış olmaqla bir çox insanlar yığılmışdı. Həmin vaxt qonaqlar bacıma müxtəlif növ hədiyyələr verdilər. Sonda isə atamın dostları qəfildən mikrafona yaxınlaşıb: - Əziz qızımız, sənə çox vacib hədiyyəmiz var!- deyə xitab etdilər. Hər kəs hansısa ziynət əşyasının veriləcəyini gözlədikləri məqamda qəfildən bacımın kürəyinə çox gözəl bir Azərbaycan bayrağı sərildi. Hamı təəccüb içində idi. Atamın və dostlarının üzlərində isə təbəssüm və qürur, gözlərində isə parıltı necə də aşkar sezilirdi. (bu əhvalat 25 il əvvəl baş verdiyindən, orada iştirak edənləri bir-bir xatırlaya bilmirəm, amma inanmıram ki, atam ən hörmət bəslədiyi bir insanı- Yaşar Rzayevi o məclisə dəvət eməsin) Azərbaycan, vətən, bayraq, dövlətçiliyimiz, Lənkəran və s. milli-mənəvi kimlik nişanələri həmişə Yaşar müəllimin ətrafındakı insanların ortaq dəyərləri olub və olmaqdadır. Həmin vaxt bu davranışın özündə nə mesajlar gizləndiyini anlamasam da, illər sonra həmin mesajın bütün sirli məqamları mənə aydın oldu. Mənası bu idi: Sən nə qədər uğur qazansan da, Vətən, Bayraq sevgisi olmadan əldə edilən uğurların heç bir mənası olmaz!

Odur ki, mən Yaşar Rzayevlə bağlı belə bir elmi seminarın keçiriləcəyini eşidəndə (Atam dünyasını dəyişdiyi üçün) orada iştirak etməyi özümə mənəvi borc bildim. Yaşar müəllimə bayraq hədiyyəsini ona görə verirəm ki, üşrəngli Bayraq və Vətən sevgisi, Lənkəran sevgisi onun qəlbində əbədi qərar tutub.

EY GÖZƏL BAYRAQ!

Səni hər görəndə, ey gözəl bayraq!
İki hiss oyanır mənim qəlbimdə.
Bu iki duyğunu olarmı danmaq?
Mələklər hər nəyi yazır çiynimdə.

Səni göy üzündə görəndə azad,
Gah qəmli oluram, gah oluram şad.
Bu fərqli duyğunu bilmirəm nədən,
Ruhum hiss eyləyir, özü bilmədən?

Kədərli oluram, üç rəngli Bayraq,
Sən şəhid tabutun qucaqlayanda
Göydə qəmli-qəmli dalğalanırsan
Şəhid məzarında biz ağlayanda...

Şəhid övladları Sənin önündə
Hərbi salam verir öz atasına...
Bilir ki, şəhidlər silah əlində
Səni ucaldıblar qan bahasına.

Oğul itkisindən olsa da qəmdə,
Şəhid atasına Səni verəndə,
Silirlər süzülən göz yaşlarını,
Öpüb dik tuturlar öz başlarını.

Şəhidi dəfn edib gedəndən sonra,
Məzarı üstündə tək Sən qalırsan.
Övladın qoruyan bir ana kimi,
Şəhid məzarına kölgə salırsan.

Lakin sevinirəm Səni görəndə,
Cəsur əsgərlərin mən əllərində.
Qələbə paradı olan günlərdə,
Qürurla gedirsən hamıdan öndə.

Bayraq meydanından keçəndə hərdəm,
Mən tam ixtiyarsız qürürlanıram.
Əlimi sinəmə söykəyib möhkəm,
Sənin hüzurunda dik dayanıram.

Sən ey ay, ulduzlu, üç rəngli bayraq!
Ayaq altda olub hər zaman torpaq.
Mənim Allahımdan təmənnam budur:
Bayrağım torpağa düşməsin heç vaxt...

Xalqa işıq saçan bir günəş kimi,
Mavi səmalara sən ucalmısan.
Dərdə dərman olan bir iynə kimi,
Vətən vücuduna sən sancılmısan.

Səni hər görəndə- ey Gözəl Bayraq!
Həm qəmli, sevincli, həyacanlıyam...
Müzəffər bir xalqın nişanəsisən,
Mən fəxr eyləyirəm ki, AZƏRBAYCANLIYAM!
Mən fəxr eyləyirəm ki, AZƏRBAYCANLIYAM!

Nicat Səmədzadə
Lənkəran


Baxış sayı - 458 | Yüklənmə tarixi: 17.07.2025 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031