manera.az
manera.az

Şairlikdən alimliyə.. - Mehman Qaraxanoğlu yazır

📅 17.04.2023 16:32

Şairlikdən alimliyə.. - Mehman Qaraxanoğlu yazır
Bildiyim qədərincə, yapon dilində şəxs əvəzlikləri yoxdur. Deməli, yapon dilində qəddar eqonun əsas rıçaqlarından biri ta əvvəldən qırılıb, alt-üst olub...

Samir Kərimoğludan yazarkən niyə məhz gözlənilmədən bu nüansa fokuslandığımı heç özüm də bilmirəm. Bəlkə də mətn əmələ gələ-gələ bunun səbəbini anlaya bildim. İndilikdə isə məlum “postulat”ın qırılıb boyunbağı dənələri kimi ora-bura dağıldığını görürəm. Əgər bir az da gec tərpənsəm, sonra onları yığıb yığışdırmaq mümkün olmayacaq.

Nədir o məlum “postulat?!”

Adətən, belə bir metafizik konsept vardır ki, haqqında yazdığın adamın portreti elə ilk cümlədən cızılır. Samir haqqında yazdığım ilk cümlə də məni haradasa mübarək inkara hazırlayır, əsasən, “mən” əvəzliyinin inkarına...

Samiri tanıyanlar bilir ki, onunçün “mən” yoxdur və “mən”in özüylə gətirdiyi zəhlətökən eqo da yoxdur. Yəni, mən belə elədim, bunu ilk dəfə mən eləmişəm, bu haqda ilk elmi araşdırmanı mən aparmışam və ya mən belə hesab edirəm ki...

Sadəcə, Samir öz işini görür...
Əlahəzrət fakt da bunu sübut edir.
Şairlikdən alimliyə.. - Mehman Qaraxanoğlu yazır
Baxaq:
Samir Kərim oglu Kərimov 1978-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1996-cı ildə E.Səfərov adına Çayrud kənd tam orta məktəbini, 2001-ci ildə Lənkəran Dövlət Universitetinin tarix fakultəsini və 2003-ci ildə “Arxeologiya və etnoqrafiya” ixtisası üzrə magistraturanı fərqlənmə diplomları ilə bitirmişdir. 2005-2011-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Orta əsrlər” şöbəsinin dissertantı olmuşdur.

2011-ci ildə “Şimali Azərbaycanın orta əsr şəhər məişəti (IX-XIII əsrlərin ilk qərinəsi; arxeoloji materiallar əsasında) mövzusunda tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmiş və iki ixtisas üzrə alimlik dərəcəsi almışdır.

Samir Kərimov 2 monoqrafiya və 50-ə yaxın elmi məqalənin müəllifidir. Elmi əsərləri Çexiya, Türkiyə, Qazaxıstan, Tatarıstan və s. ölkələrin beynəlxalq impakt faktorlu jurnallarında çap olunmuşdur. AMEA-ın Lənkəran Regional Elmi Mərkəzinin aparıcı elmi işçisidir.

2012-ci ildə IV Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Ən yaxşı şeir” nominasiyası üzrə II yeri tutmuşdur. Şeirləri “Ulduz”, “Azərbaycan” və digər
jurnallarda çap olunmuşdur.

Biz dah çox son iki cümlə üzərində dayanıb, bədii təfəkkürlə elmi təfəkkürün bir-birinə unikal keçidini və bunun hesabına poetik-elmi və nəzəri-metodoloji xarakter daşımasını diqqətinizə çatdırmaq istəyirik. İncəsənət, o cümlədən poeziya sənəti təkcə özünün xaotik yönümlü olması ilə deyil, həm də haradasa elmi əhəmiyyət daşıması ilə fərqlənir. Bunu Füzulimiz də gözəl deyib: “Elmsiz şeir özülsüz divar kimidir”.

Texnoloji tərəqqinin mədəni inkişafı üstələmək üçün göstərdiyi bütün çabaların nə zamansa fiaskoya uğrayacağına qəlbən inanırıq. Əgər texnogenliyin mahiyyətində poetik intuisiya, stimulverici ilham olmasa, bu proses bir az da tez baş verəcək. Eyneşteyn deyəndə ki, kainat təbəqə tortudur, hər təbəqənin öz vaxtı, öz sıxlığı, quruluşu və varlıq formaları vardır, bu fikri birnəmalı olaraq qəbul etməliyik.

Maraqlı orasındadır ki, alimin özü də bədii-poetik faktdan – təşbehdən istifadə edir. Onun bədii ədəbiyyata çox möhkəm tellərlə bağlılığı haqqında saysız-hesabsız nümunələr vardır.

Samirin elmə keçidi də çox yumşaq bir poetik sıçrayışla baş verir. Daha dəqiq desək, alimliyə şairlikdən keçdiyinə görə əynindəki poetik işləmələri, zərli tozları büsbütün çırpmağa sanki vaxtı olmamışdır. Və ya əksinə, şeirlərindəki obrazlı elmi qənaətlər və təzahürlər bədii xammala idrak pəncərəsindən baxışını ilk andaca sezdirir:

Bütün
Boşluqlarda
bir həqiqət...
butün
həqiqətlərdə
bir süküt...
açılan
gözdə
həqiqət,
yumulan
gözdə
həqiqət...

Əgər biz Samirin poetik platformasından həqiqətə elmi tərif vesək, elə onun dediyi kimi olacaq.

Dahi rəssam Leonardo da Vinçinin gündəliklərindən birində çəkdiyi eskiz belə adlanır: “Vitruvian Adam.” İnsan bədənini, onun daxili strukturunu bunca dahiyanə bir halətdə təsvir edən ikinci bir İntibah rəssamı çətin ki, tapıla. Burada kvadratla dairə iç-içədir. Zənnimizcə, bu həm də sənətlə elmin iç-içə olmasına bir işarədir.

Qəribə orasındadır ki, Samir son vaxtlar şeirlərini üzə çıxarmasa da, hər dəfə onunla söhbətləşəndə onun daxilində elmlə “cəzalandırılmış” istedadlı bir şair görürəm...

“Onlar elmin poeziyadan inkişaf etdiyini unudublar: nəzərə almadılar ki, zaman keçdikcə hər ikisi qarşılıqlı fayda üçün daha yüksək səviyyədə mükəmməl şəkildə yenidən görüşə bilərlər.” Bu fikirlər Y.V.Hötenindir. Dahi haqlıdır.

Artıq görüşürlər də...
Darıxmaq
bir az
ölümlə söhbətdi...
darıxmaq
özünü unutmaq.
unutmaq...
Həsrət
qatil.
Görəsən,
ölümün
hec əli
əsir?


Etiraf edim ki, sözlərin bu cür sıralanıb, “dimdik” ayaqda durması da dərinliyə canatımı, hadisələrə üfüqi deyil, şaquli vəziyyətdə nüfuzetməni simvollaşdırır.

Necə deyərlər, ip hazırdır.

Elm Quyusuna enmək olar.

Bütün istedadlı adamlar kimi Samiri də quyu başında özgələr deyil, qardaş hesab elədiyi zalım dostlar gözləyir. Və hər an onun kəndirini kəsməyə hazırdırlar...

SAMİR

Dalgalar,
dənizin
çırmaqlanmış üzü...

***
Sürgündən
nə yazım sənə,
bəlkə
bir az
duman göndərim...

***
Yagış yagır
damcısı
ovcümda dəniz.
mən isə
kəniz gecəni
yola salıram...

***
Gör
necə ildir
ayrılığın
qucaqlayıb məni
heç yana,
heç yana
buraxmır məni...

***
Qana
bələnmiş həqiqətlər
kəfənsiz
dəfn olunur.
Yalan
hey
hey
əfv olunur...

***
buludlar
damcı-damcı ölür
torpagın
qurumuş dodaqlarında

***
bir mismar
bir də
uçulmuş divar...
bir mismar
bir tabut bağlar...


Baxış sayı - 891 | Yüklənmə tarixi: 17.04.2023 16:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031