Gözlərindən ürəyimə düşən cığır mənimdir - Şeirlər

MANERA.AZ Reyhan Miqdadqızının şeirlərini təqdim edir.
Mən Vətənəm
Torpaqlarım yad əllərdən azad oldu qarış-qarış,
Mərd igidlər şəhid oldu, qazi oldu, alqış, alqış.
Övladımı işıqlı bir gələcəyə səsləyirəm,
Qucağımda Babək ruhlu nər aslanlar bəsləyirəm
Baxın mənəm, mən Vətənəm!
Mən azadam, müstəqiləm, başım üstdə duman yoxdur,
Hayqırıram, kükrəyirəm, daha ağzım yuman yoxdu.
Düşmənlərim məğlub oldu, düşmənləri dağlayıram,
İndi dərd yox, kədər yoxdu sevincimdən ağlayıram.
Başım üstdən duman, çəni çəkən əsgər, halal olsun,
Rahat uyu məzarında, Ulu Öndər, halal olsun,
Od baxışlı, od nəfəsli böyük Odər, halal olsun,
Gözləyirdim yolunuzu uzun illər, halal olsun.
Bir əmrilə komandanın yerlə-yeksan oldu düşmən,
Viran qalmış torpaqlarım sevinir, qovuldu düşmən.
Yenə çiçək bitirəcək hər qarışım, hər yamacım
Komandanım, sən var ol ki, bu gün bitdi ağrım, acım.
İllərdir ki, qucaq açıb, yolunuzu gözləyirdim,
Bu nisgili, bu ağrını ürəyimdə gizləyirdim.
İndi bitdi köksümdəki həsrətim də, nisgilim də
Mənə döndü oğlum, qızım, min həsrətli sevgilim də.
Baxın mənəm, mən Vətənəm!
Kimyəvi element
Mənə toxunan barmaqlarında
Ruhunun fizikası gizlənirdi.
Necə kəşf etdin məni?
Niyə pozdun bu ətaləti?
mən ki saxlamışdım
öz sürətimi,
sükunətimi
Sən mənə toxunana qədər...
Sonra sən gəldin
Bu dəfə isə
Bütün hisslərimi qarışdırıb
yeni bir element kəşf etdin.
oksigen qədər vacib,
H2O qədər dəyərli,
bəzən alüminium qədər yumşaq,
bəzən hidragium qədər təhlükəli,
həssas bir element...
Məndən elə bir şey hazırladın ki,
Ətrafdakılara da təhlükə oldum.
Nə toxunmağa icazə verdim,
nə toxundum.
Sən də toxunma...
Qorxuram,
ruhunu incidə bilərəm,
Toxunsan,
səni də əridə bilərəm.
Dəfn et məni gözlərində
Yuxun olub kirpiklərini
düyünləmək istəyirəm.
Oyansan gözlərindən düşüb itərəm
qollarında, qoynunda.
Bəlkə düşüb addım-addım,
Sinəndəki naxışları öpərəm.
Bir az enib
ürəyinə alqışları öpərəm.
Baxışların ürəyimə cığır salır,
O cığırı nurlandıran,
baxışları öpərəm.
Ağlasan, yaş olub axaram
yanağından, dodağından
öpərəm.
Əgər silsən göz yaşımı,
barmağından öpərəm.
Barmaqların toxunar saçlarına,
tellərinin qarasından, həm ağından öpərəm.
Saçlarının hər telini daraq-daraq öpərəm,
Sonra düşüb
Alnındakı qırışları varaq-varaq öpərəm.
Yenə dönüb gözlərinə,
yuxu kimi ölərəm.
Dəfn et məni gözlərində,
qaranlıqlar yox olsun,
gözlərindən ürəyimə düşən cığır mənimdir.
Göz yaşım
Dünyaya mənimlə gəldin, göz yaşım
Mənim sevincimə şərik oldun sən.
Bir kimsə qəlbimə dəydiyi zaman
Gözlərim içinə o an doldun sən.
Bəzən kədərimi gizləyim deyə,
Xəlvətə çəkilib səninlə qaldım.
Çoxları dost olur içkiyə, meyə
Mən sənə sarıldım, sənə inandım.
Sən təsəllim oldun tənha anımda,
Ən çətin zamanda sən vardın yenə.
Kağız qələm idi bir də yanımda
Yazdığım hər sətri borcluyam sənə.
Bəzən də həyatdan bezib-usandım,
Son qoymaq istədim öz həyatıma
Otağın içində dönüb-dolandım,
Yenə sən yetişdin, sən imdadıma.
Təkcə kədərimi bölüşmədin sən,
Hər bir sevincimdə, qürur anımda
Mənim qəlb ortağım, yaxşı ki varsan
Daim gözlərimdə, daim canımda.
Gecələrin xoşbəxti
Göylərə səpələnib ulduzlar mirvaritək,
Onların arasında səmada bir ev quraq.
Buludlardan yorğan da çəkək üzərimizə,
Ay da xəlvətcə baxıb, qibtə eləsin bizə.
O parlaq ulduzların heç biri də sönməsin,
Bu məhəbbət gecəmiz göylərdən heç enməsin.
Çəkməsin gözlərini Ay da üzərimizdən,
Heç kimsə ayırmasın bizi bir-birimizdən.
Gəl, göylərdə birləşək, xoşbəxt yaşayaq indi
Gecələr də bizimdi, gündüzlər də bizimdi.
Gündüz Günəşlə birgə nurlandıraq torpağı
Axşam Ayın qoynundan baxaq üzüaşağı.
Yağan yağışla birgə torpağa həyat verək,
Sonrasa buxar olub, yenidən göyə dönək.
Rəngli göyqurşağı tək Günəşi qucaqlayaq,
Onun hərarətini qəlbimizdə saxlayaq.
Xeyirxah mələk kimi göylərdə dövrə vuraq,
Öz kiçik dünyamızda xoşbəxt kainat quraq.
Daim saf məhəbbətlə döyünsün ürəyimiz,
Qoy, Allah özü olsun hər zaman köməyimiz.
Tural Adışirinin təqdimatında..