manera.az
manera.az

Bu şair çəkdiyi aha and içir - Yeni şeirlər

Bu şair çəkdiyi aha and içir - Yeni şeirlər
Hüseyn Bağıroğludan yeni şeirlər..

Bu insan sevgidən yetim qalıbdı

Atadan, anadan yetim qalmayıb,
Bu insan sevgidən yetim qalıbdı.
Nənədən, babadan yetim qalmayıb,
Bu insan sevgidən yetim qalıbdı.

Sevinci kədərli olubdu bir az,
Gülüşü qəhərli olubdu bir az,
Ömürü zəhərli olubdu bir az,
Bu insan sevgidən yetim qalıbdı.

Sevgidən xəbərsiz gəlib dünyaya,
Eşq ilə baxmayıb Günəşə, Aya,
Sevgi qatmayıblar içdiyi çaya,
Bu insan sevgidən yetim qalıbdı.

Qəmli gözlərindən öpən olmayıb,
Gecələr üstünü örtən olmayıb,
Eşq ilə əlindən tutan olmayıb,
Bu insan sevgidən yetim qalıbdı.

Boylan keçmişə bax, bu günlərə bax,
Hər gün qan ağlayan könüllərə bax,
Atalı, analı yetimlərə bax,
Bu insan sevgidən yetim qalıbdı.

Yerin, göyün lap özünü oxudum,
Bu həyatın hər üzünü oxudum,
Gecəsini-gündüzünü oxudum,
Bu insan sevgidən yetim qalıbdı.

And içir

Yenə dağ başına qoyub özünü,
O gözəl çəkdiyi dağa and içir.
Qəriblər gözündən düşübdür deyə,
Çiçəklər hər səhər şehə and içir.

Qəlbi qəm əlində süzülən aşiq,
Ruhu ayaq altda əzilən aşiq,
Əli yerdən-göydən üzülən aşiq,
Köksünə sancılan oxa and içir.

Qibləsi olmadı göydən savayı,
Bir həmdən bulmadı Aydan savayı,
Bir kəsi yoxdurmu ahdan savayı,
Bu şair çəkdiyi aha and içir.

Sevməmək əlində deyil ki, sənin

Sevməmək əlində deyil ki, sənin,
Mən bilirəm, sən sevməyi sevərsən.
Nifrət adlı o iblisdən qaçarsan,
Sevgi adlı o mələyi sevərsən.

Varmı bu dünyada sevgidən doyan,
Sevgidən doyarmı sevgini duyan?
Leyli adlı tellərinlə oynayan,
Məcnun adlı o küləyi sevərsən.

Bu fani aləmdə təkcə mən qərib,
Deyəsən, mənim də bəxtim gətirib;
Bu qoca dünyayla əl-ələ verib,
Sən yarama duz səpməyi sevərsən.

Yeyir

Dünyanı yuxuya verib eləcə,
Aşiqlər dərdini çox incə yeyir.
Qoymazlar bir dərd də səhərə qala,
Hər kəs dərdinə şeh düşüncə yeyir.

Hər bir şey var-baldan zəhərə kimi,
Sevincdən, kədərdən qəhərə kimi.
Şairlər axşamdan səhərə kimi,
Hey fikir ovlayır, düşüncə yeyir.

Eşqin qapısını döyməyən kəslər,
Bir qara qəpiyə dəyməyən kəslər,
Öz halal qəmini yeməyən kəslər,
Özgənin haqqını, gör necə yeyir.

Gecə Ay işığı yol göstərmədi

Ömür bir şey deyil röyadan başqa,
Ömrə elə-belə baxan kəslərə.
Axı, nə görünər dünyadan başqa,
Dünya gözüylə baxan kəslərə.

Tale lələ olub ləl göstərmədi,
Kimsə könül açıb gül göstərmədi,
Gecə Ay işığı yol göstərmədi,
Gündüz kölgəsindən qorxan kəslərə.

Göy üzü Günəşin, Ayın oynadar,
Qurdlar oyun qurub qoyun oynadar.
Şeytan hər gün qanlı oyun oynadar,
Allahın yolundan çıxan kəslərə.

Gəzər dərə-dərə, dağ-dağ dumanlar,
Qanlı yalquzağa ortaq dumanlar.
Neyləyər bu qara, bu ağ dumanlar,
Dünyaya Gün kimi doğan kəslərə.

Yer üzü haçansa durulacaqmı?
Görən açılmayan sirr qalacaqmı?
Əbədi dünyada yer olacaqmı?
Bu fani dünyaya sığan kəslərə.


***
Hər dəmdə bir eyham ilə imana çəkirsən bizi Sən,
Bu dayaz gölməçələrdən ümmana çəkirsən bizi Sən.

Ürfansız olan urvatsızdır fanidə hər an eləcə,
Urvatsız olmayaq deyə ürfana çəkirsən bizi Sən.

Ərənlər neylər görən meydan ilə atı olmasa,
Meydan əhli olaq deyə meydana çəkirsən bizi Sən.

Şeytan nələr fısıldayır könlümüzün qulağına,
Guya Allahdan ayırıb, Şeytana çəkirsən bizi Sən.

Su üzündə gəmi kimi tufanlar oynadar bizi,
Nə yaxşı ki, Nurun ilə limana çəkirsən bizi Sən.

Bu dünyada çox yaşasa, çox oyundan çıxar bəşər,
Şükürlər olsun, Ya Rəb, asimana çəkirsən bizi Sən.

Özünə yaxın olduğun qədər gümandan uzaqdasan,
Şair, ağ olar desələr, gümana çəkirsən bizi sən.


***
Göz-qaş ilə danışardı eşq əhli söz olmayanda,
Yerdə çiçək bitməyəndə, göydə ulduz olmayanda.

Qəmlər gəlib ömrümüzü gör necə alt-üst elədi,
Xoşbəxtliyi anlamadıq qəmimiz olmayanda,

Nə səpirdin, mənim gülüm, qəlbimdəki yaralara,
Süfrənizə qoymağa bir çimdik duz olmayanda.

Biz, ürəyin telləriylə çaldıq könül havasını,
Qəmli gündə sarılmağa üç telli saz olmayanda.

Eşqdən doğulmuşuq deyə, eşqə rast gəldik dünyada,
Yenə hər an dində idik, bu dinimiz olmayanda.

Ağlına da gəlməzdi heç, Allaha ağ olar bir gün,
O İblis də, məsum idi yəqin ki, biz olmayanda.

MANERA.AZ


Baxış sayı - 239 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031