manera.az
manera.az

Hökm - Adilə Aslanovanın hekayəsi

Hökm - Adilə Aslanovanın hekayəsi
Zübeydəni aparmağa gələn maşınların siqnal səsi kəndi başına götürmüşdü. Eşidən hər kəs küçəyə qaçırdı. Maşınların dalınca qaçan uşaqlar toz- duman içində görünməz olmuşdu. Qohum- qonşu, hətta evləri uzaq olan qız- gəlin də qız evinə tərəf qaçırdı. Zübeydənin gəlin paltarında necə görünəcəyi onlara da maraqlı idi.

Bəzənmiş qara " Qaz- 24" Volqada gəlin köçmək çox qızların arzusu idi. Kənddə bu maşında aparılan ilk gəlin idi Zübeydə. Hətta, onu aparmağa gələn müxtəlif markalı maşınların sayı da, uzun müddət kəndin dilindən- ağzından düşmədi.

Qara zurnanın səsi adamın iliyinə işləyirdi. Oğlan evindən gələn qır- qızıllı qadınlar, özlərini nümayiş etdirilmiş kimi, əllərindəki bahalı xonçalarla " Qaz- 24" ün qabağında oynamağa başladılar. Oğlan evinə hörmət əlaməti olaraq, rəqs etmək həvəsində olan qız adamları da onlara qoşuldu.

Nəhayət, vağzalı çalındı. Kəndin ağbirçək qadınlarının xeyir- duası ilə Zübeydə göz qamaşdıran bahalı gəlin paltarında evdən çıxanda, onun gözəlliyinə tamaşa etmək üçün gəlmiş çoxunun arzusu gözündə qaldı. Ağlamaqdan qan çanağına dönmüş gözlərini hamıdan gizlətmək istədi Zübeydə. Onun ağ tacına bənd etdiyi qırmızı örpəkdən üzü görünmürdü.

Hamı çaş- baş bir- birinə baxırdı. Kəndin gözəl qızlarından sayılan Zübeydənin üzü örtüklü gəlin görüntüsü gözəl olduğu qədər də, inanılmaz idi.

Bir müddət özünü toparlamağa çalışdı Zübeydə. Maşına oturandan sonra çiyinlərinin tərpənişindən hiss olunurdu ki , onu hıçqırıq boğurdu. Əli lampalı qız yengəsi Solmaz arvad Zübeydəni nə qədər sakitləşdirmək istəsə də, qız sanki onu heç eşitmirdi.

Maşın karvanı kənddən çıxana qədər Zübeydə bir neçə dəfə, üzü örpəkli olsa belə, dönüb arxaya baxdı. Arxada " Qaz- 24- ü müşayiət edən maşınlardan başqa kimsə gözə dəymirdi...

Yusifgilin evləri Zübeydəgildən iki ev yuxarı idi. Zübeydə hər gün onların qapısından keçib dərsə gedirdi. Zübeydə səkkizinci, Yusif onuncu sinifdə oxuyurdu. Məktəbin əlaçıları lövhəsində şəkilləri yanaşı vurulmuşdu. Zübeydənin özünün belə duymadığı, hələ anlaya bilmədiyi bir hiss onu tez- tez bu lövhənin önünə gətirirdi, şəklin altında yazılmış adları ürəyində dəfələrlə təkrar edirdi:

- Yusif Səfərov!
- Zübeydə İbrahimova!

Məktəbə gələndə Yusifgilin qapısında biraz ayağını ləngidirdi ki, görsün o gedib, yoxsa hələ evdədir.

Zübeydənin Yusifi görmək istəyi hər gün artırdı. Ən çox qorxduğu da bu idi ki, kaş Yusif bunu hiss etməyəydi. O, hiss etsəydi, Zübeydə öz hərəkətindən çox utanardı, çalışardı bir də onun gözünə görünməsin.

Yay tətilinə az qalırdı. Artıq onuncular buraxılış imtahanlarına hazırlaşırdılar. Zübeydə Yusifi əvvəlkitək tez- tez görə bilmirdi. Bir gün Zübeydənin onların qapısına çatması ilə Yusifin çıxması bir anda baş verdi. Yusif sevincək:

- Nə xoş təsadüf, Zübeydə, necəsən, dərslərin necə gedir, - deyə soruşdu.
Qız özünü itirdi. Həyəcandan yanaqları qızardı. Güclə eşidiləcək səslə:
- Yaxşıyam, sağ ol, - dedi.

Yusif qızı ilk dəfə görürmüş kimi yenə nəsə soruşmaq istədi və tez də fikrindən vaz keçdi. Daha heç nə danışmasalar da, məktəbə qədər birlikdə getdilər. Məktəbin qapısına çatanda, Yusif sağollaşıb , iti addımlarla qızdan uzaqlaşdı.

Yusif məktəbi bitirənədək bu hadisə təsadüfdən, ya qəsdən bir neçə dəfə də təkrar olmuşdu. Yusif dərslərindən əlavə Zübeydəyə heç nə deməsə belə , onun qıza qarşı rəğbəti açıq- aydın hiss olunurdu.

Beləcə dərslər başa çatdı. Onuncular buraxılış imtahanlarını verib qurtardıqlar. Yusif məktəbi qızıl medalla başa vurdu. İnstituta imtahansız qəbul olundu. Hüquqşünas olacaqdı.

Zübeydə 10- cu sinifdə oxuyanda, poçtalyon məktəbə gəlib Zübeydəyə bir açıqca verdi. Ünvan yerinə Bakı şəhəri. B. Y. yazılmışdı.

Yusif sadəcə 8 mart təbriki yazmışdı ona. Amma, Zübeydə onu ilk sevgi məktubu kimi qəbul elədi. Onun sevincini görən sinif yoldaşları duyuq düşdülər. Zübeydə heç nəyi boynuna almadı. Amma, Zübeydənin Yusifi görmək istəyinin həddi- hüdudu yox idi.

Hələ bu hisslərinə " sevgi" adı qoya bilmirdi. Çünki, oxuduğu kitablardan, qarşılıqsız sevginin insanı necə bədbəxt etdiyini az- çox bilirdi. Yusifin onu sevdiyindən əmin deyildi. Həm də, bu ərəfədə özü də qəbul imtahanlarına hazırlaşırdı. Bacardığı qədər ürəyinə gələn hissləri yaxına buraxmaq istəmirdi.

Zübeydə Pedoqoji institutun riyaziyyat fakültəsinə qəbul olundu. Tələbə adı almaq sevincinə bərabər ikinci sevinc , onun Yusiflə eyni şəhərdə təhsil alacağı sevinci idi.

Zübeydə hər gün yataqxanadan çıxıb instituta gedəndə elə bilirdi indicə Yusif qabağına çıxacaq, onu təbrik edəcək, harda, kimlə qaldığını soruşacaq, tapmadığı kitabları tapıb gətirəcək. Bütün bunlar Zübeydənin şirin xəyallarından başqa bir şey olmadı.

Ürəyini döndərə bilmədi deyə, daim özünü qınadı Zübeydə.

Çünki, Yusifin bu illər ərzində, qıza ümidverici bir kəlmə sözü olmamışdı. Bəs onda, Yusifin ona biganə olmaması qənaəti hardan yaranmışdı Zübeydənin ağlında? Onu niyə axtarırdı, niyə gözləyirdi? Niyə Yusifdən başqa heç bir oğlan onu maraqlandırmırdı?

Səlim rayonda sayılıb - seçilən, hörmət- izzət sahibi olan Abdulla müəllimin oğlu idi. Zübeydəni rayon məktəblərinin birinə təcrübəyə gələndə görmüşdü. Bu əsmər bənizli suyuşirin qızın, hündür boyu, uzun qara saçları bir çox subay oğlanlar kimi, onu da cəlb eləmişdi. Səlim institutu yenicə bitirib rayon kooperativlər ittifaqında işə başlamışdı.

Dəbdəbəli ev- eşiyi, pulu- parası ilə yanaşı, özü də yaraşıqlı oğlan idi Səlim. Hansı qıza ağız açsa, yəqin ki, "yox" deməyəcəkdi. Amma, Zübeydə dedi. Və buna görə çox qınadılar, çox üstünə getdilər.

- Ay qız, sənə nə lazımdı bilmirik... Ev- eşik, vəzifə, üstəlik də yar- yaraşıqlı oğlan.., bunu ona ana- bacısı, dost- tanışı çox dedi, Zübeydə eşitmək istəmədi.

O qədər qapalı qız idi ki, heç kəslə sirr- söz bölüşməzdi Zübeydə.

Nə Səlimin, nə də anası Saranın Zübeydədən əl çəkmək niyyəti yox idi. Anasına Zübeydəyə görə elçi düşənlər çox olsa da, o Səlimdən başqa heç kimə verməyə razı deyildi.

Uzun çek- çevirdən sonra axır ki, ana qızının razılığını ala bildi. Çünki, Yusifin iş yerində başqa qızla nişanlanması xəbəri kəndə ildırım sürətilə yayılmışdı. Sarsıntıdan aylarla özünə gələ bilməyən Zübeydə, çox çətin də olsa, taleyilə barışmalı oldu..

Aradan uzun- uzun illər gəldi...keçdi... Zübeydə ilə Səlim artıq övladlarını da evləndirmiş, nənə- baba olmuşdular.

Zübeydənin hər şeyi vardı, hər şeyi.. Nə ötən bu qədər illər, nə də Səlimin özünü yaxşı həyat yoldaşı rolunu icra etmək bacarığı Zübeydənin içindəki boşluğu doldura bilmədi. Bəs kənardan xoşbəxt görünən bu ailənin içində çatışmayan nə idi?

Səlimin işi paytaxtla əlaqədar olduğundan, o, uzaq məsafəni tez- tez şəxsi avtomobili ilə getməli olurdu. Növbəti gedişlərin birində, Səlim avtomobildə idarəetməni itirib, ağır yol qəzası keçirdi.

Qəza nəticəsində qarşı tərəfdən gələn avtomobilin sürücüsü həlak oldu və avtomobildə olan daha iki sərnişin ağır kəllə- beyin travması alaraq Respublika Klinik xəstəxanasına yerləşdirildi. Səlimin isə, sağ qolu və ayağı ciddi zədə almışdı. Hadisənin səbəbkarı kimi, Səlim təqsirli bilindi və onun haqqında cinayət işi başlandı. Hadisə Bakı ətrafı rayonlarında baş verdiyindən, cinayət işi üzrə araşdırma Nizami rayon prokurorluğunda aparılırdı. Səlim cinayətini etiraf etsə də, qarşı tərəf şikayətini geri götürmədi.

Səlimin cinayət işi məhkəməyə göndərildi. Üç aydan çox davam edən məhkəmə prosesi nəhayət ki, başa çatdı. Hökm oxunan gün, uşaqların etirazına baxmayaraq, Zübeydə məhkəmədə iştirak etmək üçün Bakıya üz tutdu.
Məhkəmə zalında dəhşətli bir sükut vardı. Zübeydə çox həyəcanlı idi. Göz yaşları içinə axırdı.

- Qalxın, məhkəmə gəlir, deyə məhkəmə katibi elan elədi.

- Məhkəmə iclasının bu tərkibdə aparılmasına etirazı olan yoxdur ki? Zübeydənin gözləri hədəqədən çıxdı, dünya başına fırlandı, qolları yanına düşdü, huşu gedib yerə sərildi.
Təcili yardım çağırdılar.

Məhkəmə fasiləyə getdi.

Qətnamə hazır idi. Prokuror həmin cinayət işi üzrə on iki il həbs cəzası təklif elədi. Zübeydənin nəmli gözlərinə baxa- baxa, Səlimə on bir il həbs qətimkan tədbiri hökmünü oxuyan Yusif Səfərov idi...

Məhkəmə zalını hamı tərk etmişdi. Təkcə ailə məcəlləsinin ən ağır və uzunmüddətli hökmünü özünə oxuyan Zübeydədən başqa...


Baxış sayı - 719 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728