manera.az
manera.az

"Dəfn nəğmələri"nin Cəmosu və ya "kəndin yaddaş kitabı"

"Dəfn nəğmələri"nin Cəmosu və ya "kəndin yaddaş kitabı"
Son illər çağdaş ədəbiyyatımızda öz dəsti xətti ilə seçilən, ona yeni töfhələr verməyə çalışan yazarlar arasında Təranə Vahidin adını xüsusi qeyd etmək istərdim.

Onun əsərləri öz mövzu rəngarəngliyi, aktuallığı və orijinallığı, obrazlar qaleriyasının müxtəlifliyi, dilinizin saflığı və bədii ifadə vasitələrinin zənginliyi baxımından diqqəti cəlb edir. O, yaratdığı obrazların daxili aləmini özünəməxsus sənətkarlıqla açaraq onların psixologiyasını, dünyagörüşünü, hərəkət və düşüncə tərzini, həyata baxışını, hiss və həyəcanını səmimi bir şəkildə qələmə alaraq oxucuların rəğbətini qazana bilmişdir. Onun əsərlərində cərəyan edən hadisələr maraqlı təhkiyə müstəvisində öz bədii əksini tapır. Bədii ümumiləşdirmələr apararaq yaratdığı obrazların daxili aləminə dərindən nüfuz etməyi bacarır. Qələmə aldığı hadisə və əhvalatlara kənardan müdaxilə etmir. Personajların hərəkət və davaranışlarını hərtərəfli şəkildə açıb, oxucuya çatdıra bilir. Yazıçının əsərlərində insan qəlbini dərindən duyğulandıracaq qədər bol işıq var. Çünki bu əsərlərin dilinin poetik dünyası çox zəngin və işıqlıdır. Oxucu bu işığın ətrafına toplanaraq personajların taleyini yaxından izləmək imkanı qazana bilir. O, eyni zamanda, yazıçının səmimiliyinə inanır, onun sənətkarlıq qüdrətinə valeh olur. Məhz buna görə də, yazıçı real həyat həqiqətlərini bədii boyalarla təsvir etməklə yanaşı, bir-birindən maraqlı, yadda qalan obrazlar yaradır.

"Ulduz" jurnalının (iyul, 2018) "Dərgidə kitab" rublikasında dərc olunmuş "Dəfn nəğmələri" hekayəsində müəllif bizi ilk öncə Cəmogilin kəndi ilə tanış edir: "Cəmogilin kəndi dünyanın axırında yerləşirdi, elə bir yerdə ki, burdan oyana nəyin olub-olmadığını Allahdan başqa kimsə bilməzdi. Cəmogilin kəndi qayaların arasına sığınmış, daha doğrusu, qayaların arasında gizlənmiş bapbalaca bir obaydı". Bu kənd özünün gözəl təbiəti, təmiz havası, mehriban insanları ilə diqqəti cəlb edir. Bir-biri ilə səmimi rəftar edən, xeyir-şərdə biryerdə olan, sevincini, kədərini birlikdə bölən bu adamlar "dünyanın heç bir yerində olmayan" göy qurşağı kimi "rəngli adət-ənənələrə" uyğun bir həyat tərzi keçirirlər.

Bəs hekayənin əsas personajı Cəmo kimdir? Müəllif onu oxuculara belə təqdim edir: "Cəmo bu kəndin gözü, möcüzəsi, hamının xeyrinə-şərinə yarayan, yaşı bəlli olmayan, qısqıvraq bir adamdır".

O, dinamik bir obrazdır. Onu əsərin bütün qütblərindən görmək mümkündür. O, yazıçı təxəyyülünün məhsulu olsa belə, həyatın özündən doğan bir varlıqdır. Öz hərəkət və davranışları ilə kənddə böyük hörmət və nüfuz sahibidir. "Kəndin yaddaş kitabı" olan bu şəxs kəndin bütün işlərində fəal iştirak edir". Onun üzündə həmişə "günəşə oxşar təbəssüm dolaşır". O, kənddə "Əlsizə əl, köməksizə kömək, arxa olur". Ancaq Cəmonun "nə varı, nə dövləti var". Əvəzində onun yaxşı ürəyi, sapsağlam səsi, ağ nəğmələri var". Görəsən, Cəmo olmasa, bu "bapbalaca" kənddə, ölənlərin ruhunu isti sözlərlə kim yuyub, təmizləyər. Günahların bağışlanması üçün kim Tanrıya əlçim-əlçim nəğməli dualar yollayar...
"Dəfn nəğmələri"nin Cəmosu və ya "kəndin yaddaş kitabı"
"Televizordan", "kompüterdən" uzaq olan bu kənddə bir paklıq, saflıq, təmizlik hökm sürməkdədir. Maraqlı burasındadır ki, bu kənddə yaşayan adamların dəfn mərasimi üçün burunlarının ucu göynəyir. "Adam öləndə isə sevincdən yerə-göyə sığmırlar. Sevinirdilər ki, nə yaxşı, Tanrı onları unutmayıb, yada salıb".

Cəmonun özünəməxsus həyat amalı, dünyabaxışı, adamlar içərisində öz yeri, səslər içərisində öz səsi, öz nəfəsi vardı.

Biz hekayəni oxuduqca, Cəmonu nəinki, xatirimizdə canlandırır, hətta özümüzü bir anlığda olsa da, onun yanında hiss edirik; biz gah onun nazik barmaqları ilə "diksindirdiyi" dəfn "dınqıltısını" eşidir, gah da yanıqlı səslə oxuduğu duaları dinləyirik. O, "Əlinə dəfi alıb meyitin baş tərəfində yerini rahatlayır, kəndin adamları da cənazənin yan-yörəsində gözlərini Cəmoya dikirdilər. Handan-hana Cəmonun təbi gəlirdi... Uzun, çöp kimi barmaqları dəfi diksindirərdi... Dınqıltını eşidən qadınların ürəyi birtəhər olardı. Kirpikləri bir-birinə sıxılar, ilk damcıları səssiz-səmirsiz yanaqları aşağı süzülərdi... Cəmonun dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi". Onun oxuduğu duaların mənası isə belə olardı: "... darıxma indi səni ağ yuxularına büküb gəldiyin yerə göndərəcəyik. Bilirik ki, günahsızsan, elə gəldiyin kimi tərtəmizsən, vicdanına toz qonmayıb, ruhun yaralanmayıb, Tanrı canın alıb, amma səndən əlini üzməyib, kənd buna şahiddir".

Cəmo ölən adamın xeyirxah əməllərini elə hüznlü səslə sadalayırdı ki, "dəfndəki adamlar elə bil kinoya baxırdılar". Mərhumun "yerişi, duruşu, gülüşü..." lent kimi onların gözü önündən keçərdi. Cəmo bəzən göz yaşlarına, "zərif gülüş qatar, mərhumun sevgisini işığa boyardı". O, bunu elə ustalıqla edərdi ki, "ölənin ömür-gün yoldaşı da ilk dəfə əlli il bir yastığa baş qoyduğu adamı Cəmonun nəğmələrindən tanıyardı..." Kənddə hamı onu sevər, hörmətini gətirərdi. Mərasimin sonunda hamı ayağa qalxıb, mərhumu son mənzilə yola salanda "kişilər əl-ələ verib halay çəkirmiş kimi cənazəni dövrələyər, qəfildən əllərini buraxıb geri çəkilərdilər. Bu o demək idi ki, halaydan biri ayrıldı..."

Hekayədə maraq doğuran qeyri-adi hadisələrdən biri də budur ki, bu kəndin nə mollası, nə də qəbiristanı var. Adamlar ölülərini öz həyətlərində dəfn edirdilər. "Ölünə sahib çıx" ifadəsi də ta o vaxtdan bu günümüzə qədər gəlib çatıb.

Bu kəndin toyları da Cəmosuz keçinməzdi. Cəmo eşitdiyi lətifələrdən, nağıllardan, dastanlardan toya gələnlərə danışar, "Qızılgül ətirli nəğmələr söylərdi". Pilə Lətif də ondan geri qalmaz, yanıqlı səslə tütəyini çalardı. Bütün el-oba şənlənərdi. "Toy günü bəy Cəmonun yanına gedər, ondan xeyir-dua alardı. Cəmo da bəyin qulağına nəsə pıçıldayıb onu utandırardı". Bu yerlərdə toylar gündüz olardı. Göydə ulduzlar, evdə lampalar yananda toy bitərdi. "Gözəgörünməz bir əl bu kəndin üstünü ipək yuxuyla örtərdi..." Tanrı ölümü də sevinclə qarşılayan, dəfn nəğmələri oxuyan, sabaha ümidlə baxan bu adamları hələ ki, "əlçatmaz bir yerdə-qayalar arasında qoruyub saxlayır".

Bu hekayədə hər obrazın öz "səsi", öz "nəfəsi" öz daxili dünyası duyulur. Yazıçı şirin və yadda qalan təhkiyəsi ilə oxucunun intellektuallığını artırır, əsərin bədii təsir gücünü, emosionallığını gücləndirir, onun poetikliyini dərinləşdirir və oxucu özü hiss etmədən bu hadisələrin bilavasitə fəal iştirakçısına çevirir.

Əsərin məzmun və forma gözəlliyi, xarakterlərin kamilliyi və bütövlüyü, söz sırasının düzülüşü, bədii təsvir və ifadə vasitələrinin yerli-yerində işlədilməsi o qədər aydın, səlis, təmiz və şəffafdır ki, oxucu bundan estetik zövq alır. Onun əsərlərinin sujet dolayları oxucunu yormur, əksinə, həyatın ən tipik cəhətlərini ümumiləşdirməklə oxucuda nikbin əhval-ruhiyyə yaradır../525.az/

Vəliyulla NOVRUZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031