manera.az
manera.az

Ələsgər Əlioğlu: Dərman - Hekayə

Ələsgər Əlioğlu: Dərman - Hekayə
Əllərinin damarları kökdən düşmüş sazın simlərini xatırladırdı. Bu damarlar daha nə qədər gərilsə də, ötən ömrün-günün çılğın havası üstə bir daha köklənən deyildi.

Şuşa... Cıdır düzü... İsa bulağı... O yerlər qarış-qarış gəlib onun gözləri önündən keçirdi...

Xəstələnib yatağa düşən Şirin kişinin yaşı səksənin aşırımını geridə qoymuşdu. İyirmi ildən artıq idi ki, İsa bulağının suyunu dadmırdı. Həmişə də söz düşəndə deyirdi: "Mənim xəmirimin suyu İsa bulağından götürülüb." Ömür-gün yoldaşını da hələ altmış il qabaq ilk dəfə bu bulağın başında görərkən sevib-seçmışdi...

Üç oğlu, bir qızı vardı Şirin kişinin. Yenə də onun başına yığışmışdı övladları. Olub-keçənlərdən danışa-danışa kişini bir hovur ovundurmaq, xəstəliyini unutdurmaq istəyirdilər.

Ancaq nədən danışırlar-danışsınlar atalarının fikri-zikri İsa bulağındaydı. Birdən o, yastığa dirsəklənib xırıltılı bir səslə dilləndi:

– Ay uşaqlar, iynə vurula-vurula bədənim dönüb şadaraya. Mədəmin yükünü yeməkdən çox dərmandan tuturam. Heç birinin də bir xeyri yox... Bircə onu bilirəm ki, mənim dərmanım İsa bulağının suyudur. Bircə qurtum içsəm özümə gələrəm...

Şirin kişinin sözündən sonra araya ağır bir sükut çökdü. Evin kiçik oğlu Asif handan-hana dilləndi:

– Ay ata, heç xiffət eləmə, bu gün-sabah torpaqlarımızı qaytaracağıq. Dönəcəyik öz doğa yurd-yuvamıza. Yenə də İsa bulağının başında süfrə açacağıq...

Aradan bir-iki gün keçmişdi. Səs yayıldı ki, Asif çadır şəhərciyindən yoxa çıxıb... Qohum-əqrəbanın hərəsinin ağlına bir fikir gəlirdi. Həyat yoldaşı Gülyanaq isə deyirdi: "O mütləq işləmək üçün Bakıya gedib.

Neçə dəfə mənə bu haqda demişdi, amma mən razı olmamışdım. Bəlkə də elə buna görə evdə bildirməyib..." Birdən Gülyanağın ağlına gəlmişdi ki, Asif Bakıya getsə sənədlərini də özü ilə götürər.

Sandığı açıb gözdən keçirəndən sonra o da qohum-əqrəbaların hamısı kimi həyəcanlanmağa başlamışdı. Şirin kişidən başqa qohum-əqrabaların hamısı elə bil ki, tikan üstə yatırdı.

Nə gündüzləri vardı, nə də gecələri... Bütün bunlara baxmayaraq çalışırdılar ki, ağır yataq xəstəsi olan Şirin kişi bu hadisədən hələlik xəbər tutmasın. Qorxurdular ki, sonra kişinin əhvalı qarışar...

Artıq aradan bir neçə gün ötmüşdü. Asifin anası Sürəyya qarı xısın-xısın ağlayırdı. Elə ağlayırdı ki, əri ondan duyuq düşməsin. Hətta bir dəfə Şirin kişi onun gözünü yaşlı görüb soruşmuşdu:

– Ağlamış adama oxşayırsan, ay arvad...

Tez özünü ələ alan Sürəyya qarı demişdi:

– A kişi, indicə soğança hazırlayırdım, soğan gözümü acışdırdı...

***

Atasının "mənim dərmanım İsa bulağının suyudur" sözləri Asifin dinini-imanını qaçırmışdı. Heç dinclik tapmırdı. İlan kimi qıvrıla-qıvrıla qalmışdı. Ora-bura vurnuxurdu... Atasının murazını gözdə qoya bilməzdi... Gecə əl-ayaq yığışandan sonra gündüzdən hazırlayıb kənar bir yerdə gizlədiyi plastmas qabı da götürüb yola çıxdı... Heç kəsə də bildirmədi ki, birdən xofa düşərlər...

O, gecə səhərə qədər dayanmadan yol getdi. Sübh açılan çağı özünü yaxınlıqdakı kol-kosluğa verib daldalanmalı oldu. Ehtiyatsız bir hərəkət onun həyatı bahasına başa gələ bilərdi. Ona görə də yenidən qaranlıq düşənə kimi gözləməliydi. Elə ki, axşam düşdü, ətrafı qaranlıq bürüdü, Asif yenidən yoluna davam etməyə başladı. Atasının sözlərini tez-tez xatırladıqca addımlarını daha da yeyinlədirdi...

Ancaq tez-tez dayanır, ətrafa boylanır, yenidən yoluna davam edirdi. Arabir qarşısına çıxan irili-xirdali çətənə plantasiyaları onu həm çaşdırır, həm də qıcıqlandırırdı: "Alçaqlar öz xislətləri kimi bizim torpağı da zəhərləyirlər!.. Bir vaxtlar gül-çiçək qoxuyan bu yerlərdən indi üfunət iyi gəlir..."

Asif fəhminə bel bağlaya-bağlaya gedirdi... İnanırdı ki, fəhmi heç vaxt onu aldatmaz. Daha hiss edirdi ki, uşaqlıqda qoyun-quzu otardığı yamaclardan keçir... Buralarda o qədər çiling-ağac, mərə-mərə, dirədöymə oynamışdı ki...

Səhərin ala-toranında İsa bulağını axtarıb tapan Asif bir az rahat nəfəs aldı. Amma ona elə gəldi ki, İsa bulağı doğmaları üçün qəribsədiyindən daha özünə sığmır. Şırıltısı daha dəyişib... "Cəngi" çalıb ər oğulları başına toplamaq istəyir...

O, kövrəldikcə-kövrəldi... Əyilib bulağın suyundan içərkən suya düşən əksinə baxıb pıçıldadı: "Bu iyrənclərin arasında nə qədər qalsan da, çox şükür ki, duruluğunu qoruyub saxlaya bilmisən, İsa bulağı!.." Sudan içdikcə-içdi. Sonra plastmas qabı ağzınadək doldurdu. Əyilib bulağı son kərə öpdü...

Daha havanın işıqlandığını hiss etdiyindən axtarıb axşama kimi daldanacaq bir yer tapdı. Gecə yuxusuz qaldığından azacıq da olsa mürgüləmək, gözünün çimirini almaq istədi...

Bir də ki, onsuz da yenidən axşamı gözləməli idi. Elə bərk yorulmuşdu ki, oyananda gördü artıq şər qarışıb. Su qabını götürüb gəldiyi yolla da geri döndü...

Asif ikinci gecə idi ki, yol qət edird. Qarşıdakı yoxuşu da aşandan sonra daha bütün təhlükədən sovuşacaqdı. Həmin yoxuşu yenicə aşmaq istəyirdi ki, qəfildən atəş səsləri eşidilməyə başladı...

Görünür düşmənlər duyuq düşmüşdülər. O, dərəyə sarı yumalandı... Düşmənlərin atmış olduğu güllələrdən biri qabı dəlib keçmiş, hər iki tərəfindən deşik açmışdı. Qab Asifin əlindən çıxıb üzü dərəyə diyirlənmişdi... Asif özünü qabın üstə atdı. Güllənin açmış olduğu deşiklərdən su axıb töküolürdü. İşin tərsliyindən güllə qabın çox aşağısından dəymişdi.

Bir yandan qaranlıq, bir yandan da vaxtın azlığı imkan vermirdi ki, Asif həmin deşiklərə nəsə bir şey tapıb tıxasın. Buna görə də qabı sinəsinə tutub el arasında "balaca bacı" deyilən çöçələ barmaqlarının hər birini deşıyın birinə keçirdi. Qalan suyun axıb tökülməməsi üçün barmaqlarını bacardıqca deşiklərə kip yerləşdirdi.

Barmaqlarında kəskin ağrılar hiss etsə də, yeganə çıxış yolunu canını dişinə tutub dözməkdə gördü...

...Asif axır ki, gəlib çadır şəhərciyinə yetişdi. Birbaş atasıgilə üz tutdu. O, çadırın qabağına çatıb səsləndi:

– Ana, ay ana! Bir çadırın qapısını aç!..

Yuxa yaymaq üçün xəmir yoğuran Sürəyya qarı bu doğma səsdən diksinən kimi oldu. Elə əli xəmirli-xəmirli bayıra çıxdı. Oğlunun qucağındakı su qabını görən qarı daha da heyrətləndi:

– Bu nədir, a bala!? Harda qalmışdın bu neçə günü?.. Bu nə qabdı?..

– Ana, atama dərman gətirməyə getmişdim! Cəld bir vedrə gətir. Barmaqlarımı qabın deşiyindən çıxarsam, dərman axıb tökülər...

Sürəyya qarı cəld vedrə gətirdi. Asif su qabının deşiklərinə kipləşmiş barmaqlarını bir təhər çəkib çıxardı. Qan işləmədiyindən barmaqları uyuşub taxtaya dönmüşdü...

Vedrədə isə cəmisi iki dolça su olardı-olmazdı...

Şirin kişi İsa bulağının suyundan bir stəkan başına çəkdi. Bir azdan hiss etdi ki, bədəninin ağrı-acıları səngiyir... Ürəyi təpərlənir, gözləri işığa gəlir... O, dik qalxıb dirsəkləndi çarpayıda:

– A bala, o sudan bir stəkan da ver!.. Çox şükür, İlahi! Axır ki, dərmanım tapılıb gəldi! Deyəsən yaşayacam, İsa bulağını görmək mənə də qismət olacaq! – dedi.

2015






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031