manera.az
manera.az

Büqələmun - Ələsgər Əlioğlunun hekayəsi

Büqələmun - Ələsgər Əlioğlunun hekayəsi
Niyaz müəllim un-dən saxlanılan anbarçaya girərkən yenə də gözünə həmin büqələmun sataşdı. Yaz çağı yaşılı rəngə çalan büqələmun indi qışın nəfəsi duyulan bir ərəfədə tünd torpaq rəngini almışdı. Hardansa anbara dadanmışdı bu bədheybət məxluq...Hansı dəlmə-deşikdən keçmişdi içəri... Niyaz müəllim heç özü də bilmirdi...

Dayanıb büqələmuna diqqət yetirməyə başladı. Büqələmun divarla yuxarı dırmaşmış, düz tavan boyunca dayanmışdı...Sanki indicə nitq söyləyəcəkdi...Büqələmuna nəzər yetirən Niyaz müəllimin gözləri önündən dünənki pedaqoji iclas gəlib keçdi.

Məktəb direktorunun tənqidi çıxışı sanki bibər kimi onu yenidən acışdırdı. Direktorun çıxışında "təlim-tərbiyəyə diqqət yetirmirsiniz, proqramı tam əhatə etmirsiniz, mənimsəmə faizi çox aşağıdır, şagirdlərin dərsə dəvamiyyəti zəifdir" və s. bu kimi yerli-yersiz iradlar baş alıb gedirdi...

Sonra iclasdan bir gün qabaq məktəb direktorunun qarasınca danışan, onu kütbeyin, səviyyəsiz, qabiliyyətsiz, kobud bir şəxs adlandıran Şakir müəllim söz aldı. Hamı da düşünürdü ki, indicə iclasda bir tufan qopacaq ki, gəl görəsən...

Hamı da zənn edirdi ki, daha aləm bir-birinə qarışacaq...Hamı da ürək döyüntüsü ilə Şakir müəllimin direktoru yıxıb sürüyəcəyi anı gözləyirdi...Hələ müəllimlərdən kimsə pıçıldadı da: "Direktorun məhşər günü çatdı..."

Şakir müəllim şəstlə kürsüyə sinə gərdi: "A yoldaşlar, mən neçə direktorla işləmişəm,amma hələ belə bir direktor görməmişəm..." Müəllimlərdən biri özünü saxlaya bilməyib, hövsələsizlik edərək astadan dilləndi:"Döşə, dilinə qurban olum, cəsarətinə əhsən!" Şakir müəllim çıxışına davam etdi: "Bəli, belə bir direktor görməmişəm.

Görün necə alicənab, necə humanist bir şəxsiyyətdir ki, öz iradlarını bizə çox səmimiyyətlə bildirir. Onun bütün iradları tamamilə yerli-yerindədir. Mən direktorun bu çıxışını alqışlayıram.

Biz xoşbəxtik ki, hər şeyi gözəl dəyərləndirən, çox qabiliyyətli, çox savadlı, çox alicənab bir direktorumuz var. Onun rəhbərliyi altda çox uğurlara imza ata bilərik...”

Artıq müəllimlər çaş-baş düşmüşdülər. Sanki hamının üstə soyuq su ələnmişdi.Axı Şakir müəllim dünən belə demirdi...Buna nə oldu birdən-birə...Yoxsa kollektivi sarıyır!?

Bayaqdan anbarçada dayanıb büqələmuna baxdıqca dünənki iclas kino lenti kimi Niyaz müəllimin gözləri önündən gəlib keçirdi. O, tamamilə özünü unutmuşdu.

Düşüncələrin axarında birdən özündən asılı olmayaraq üzünü düz tavanın dirənəcəyində dayanmış büqələmuna tutub qışqırdı: "Şakir müəllim, düş aşağı!.."

Niyaz müəllim öz səsinə diksinən kimi oldu...Sanki indi hiss etdi ki, iclasda deyil, anbarçadadır. Bir də təəssüf hissi keçirdi ki, bu sözü dünən deməliydi...Büqələmun isə divardan bərk-bərk yapışıb dayanmışdı...Aşağı düşmürdü...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031