Sən azadsan, Şuşa! - Hekayə

Orta məktəbin doqquzuncu sinifində oxuyan Musa iki gün idi ki, sabah sinifdə yazacağı "Sən azadsan, Şuşa!" adlı inşanın konturlarını xəyalında cızmağla məşğul idi.
Axı, heç vaxt görmədiyi bir şəhər haqqında nə yaza bilərdi ki? Musa təkcə onu bilirdi ki, 8 noyabr günü Şuşa şəhəri müzəffər ordumuz tərəfindən işğaldan azad olunub.
Artıq gecə saat on ikini keçmişdi. Musa əlində tutduğu qələmi qarşısındakı ağ vərəqə döyəcləməkdən də artıq yorulmuşdu. Şuşa barəsində televiziyalarda gedən bir çox verlişlərə dəfələrlə baxsa da, amma o, fikrini cəmləyib hələ də heç bir şey yaza bilməmişdi. Yuxu da bir tərəfdən onu yaman karıxdırmışdı...
Mən ilk olaraq bu xəbəri hamı kimi televizordan - Ali Baş Komandanımızın dilindən "Sən azadsan, Şuşa!" sözlərini eşidəndə sevincimdən göz yaşlarımı saxlaya bilmədim. Axı, Azərbaycanın mədəniyyət beşiyi olan, xalqımızın qeyrət qalası kimi adlandırılan Şuşamız 30 il erməni işğalından sonra azad olunmuşdu.
Uzun illərdən sonra xalqımızın Şuşamızı azad görmək arzusu artıq gerçəkləşmişdi. Bu arzular içində mənim də arzum vardı - azad olunmuş Şuşamızda olmaq, onun küçələrini qarış-qarış gəzmək, təmiz havasını sinəmə çəkmək, sərin bulaqlarının suyundan doyunca içmək... Amma bu hələ də arzu olaraq qalırdı...
Arzumdan xəbərdar olan atam yaxın günlərdə məni özü ilə Şuşaya aparacağını söyləyəndə sevincimin həddi-hududu olmadı. Səbirsizliklə həmin günün yetişəcəyini gözləməyə başladım. Düzdür, bizim əslimiz gözəl və səfalı Şəkidən olduğundan, hər il yay tətilini doğma kəndimizdə yaşayan babamın yanında keçirdiyimdən dağlar, meşələr, bulaqlar haqqında təssəvürüm heç də az deyildi. Amma Şuşanı görmək mənim üçün bir başqa arzu idi. Bu arzu heç atamın da dilindən düşmürdü. Mən isə hətta yuxularımda da tez-tez Şuşanı görürdüm...
...Budur həmin gün yetişdi. Mən atamla birgə xüsusi avtobusla Bakıdan Şuşaya yola düşdük. Avtobusda bizimlə birgə Şuşaya gedən insanların hamısı kimi mən də sevincli idim. Çünki ilk dəfə idi ki, Şuşaya gedirdim. Şuşaya çatanda ürəyim sevincdən titrəməyə başladı.
Axı, mən Azad Şuşamızın ziyarətinə gəlmişdim. Şuşa da bizi görüb sanki sevinirdi. Uca dağların zirvəsində yerləşən Şuşa bizi açıq səma ilə qarşıladı. Göy üzü açıq mavi rəngdə idi. Günəş də şövqlə bərq vurur, şöləsini hər tərəfə yaymaqla onsuz da gözəl olan Şuşanın daha da gözəl görünməsinə çalışırdı, elə bil. Avtobusda bizimlə gələnlərin hər birinin üzündə bir sevinclə yanaşı, həyacan da duyulurdu.
Atam mənim əlimdən tutaraq şəhəri gəzdirməyə başladı. İlk getdiyimiz yer "Gövhər ağa" məscidi oldu. Bu qədim məscidin nə qədər gözəl memarlıq abidəsi olduğuna heyranlıqla tamaşa etdim. Xalqımızın hələ qədimdən imanlı bir xalq olmasına bir sübut idi bu tarixi abidə. Atam məsciddə namazını qılandan sonra yolumuzu Vaqifin möhtəşəm məqbərəsini ziyarət etmək üçün ora saldıq. Erməni vandallarının Vaqifin məqbərəsini dağıtdıqlarını televizordan dəfələrlə ürək ağrısı ilə izləmişdim.
Düzü bu vəhşiliyi görməmək üçün ora getmək heç ürəyimcə deyildi. Lakin ora yetişəndə Vaqifin məqbərəsinin əvvəlki kimi möhtəşəm və gözəl görüntüsü məni heyran etdi. Bu gördüyümüz qürurverici gözəlliyi bizlərə yaşadan, dağılmış şəhəri və eləcə də Vaqifin qəbirüstü məqbərəsini bərpa etdirmək üçün sərəncam verən prezidentimizə fəxarətdən az qala sinəmdən çölə çıxan ürəyimdə öz təşəkkürümü ünvanladım.
Sonra yolumuzu Xurşudbanu Natavanın evinə gedən yoldan saldıq. İkimərtəbəli imarəti dağılmış halda görmək çox ürəkağrıdan bir mənzərə idi. Amma içimdə bir arxayınçılıq var idi. Mən prezidentimizin televizorda dediyi sözləri eşitdiyimdəndir ki, çox ümidli idim - "Biz səni yenidən quracaq və yaşadacağıq, əziz Şuşa!"
Bülbülün ev muzeyində olanda ürəyim açıldı. Burada geniş təmir-quruculuq işləri gedirdi. Dahi Bülbülün bir zaman doğulub yaşadığı evdə olmaq bir başqa əhval yaradırdı məndə.
Ən sonda Cıdır düzünə yollandıq. Cıdır düzü öz möhtəşəm relyef yerləşməsi ilə hər birimizi heyrətə gətirmişdi. Mənim ilk düşüncəm belə oldu ki, görən bizim igid əsgərlərimiz bu sıldırım qayaları necə dırmaşıblarmış. Sərt qayalara baxdıqca igid və qəhrəman əsgərlərimizlə bir daha qürur duyurdum.
Atam da tez-tez Şuşa uğrunda şəhid olan qəhrəman əsgərlərimizin ruhuna rəhmət oxuyur, qazilərimizə Allahdan şəfalar diləyirdi. Mən də sakit tərzdə onun dualarına şərik olduğumu başımı aram-aram tərpətməklə təsdiq edirdim.
Onu da deyim ki, Şuşa ziyarətimiz həm sevincli, həm də bir az qüssəli keçirdi. Şəhərin boş olması adamı ağrıdırdı. Ağ buludlu səma ilə bizi qarşılayan Şuşa da yaxın saatlarda ondan ayrılacağımızı duyurdu sanki. Elə bil Şuşamız da bizim yaşamağa yox, gəzməyə gəldiyimizi hiss edirdi.
Bəlkə də elə o üzdən biz şəhəri tərk etməyə hazırlaşanda səmadakı ağ buludları yağışlı qara buludlar əvəz elədi. Şuşa da sanki ondan ayrılmağımızı istəmirdi. Onun da bizim kimi "gözləri" dolmuşdu.
"Salamat qal, Şuşa! Biz yenə də qayıdacağıq! Amma bu dəfə gəzməyə yox, yaşamağa qayıdacağıq! Səni yaşatmağa qayıdacağıq, Şuşa!"
Hamımızın üzündə bir kədər, bir qüssə vardı. Biz gözlə görünən, durduğumuz Şuşa torpağından çox da aralı olmayan qədim şəhərimizi, doğma yurdumuzun bir parçası olan Xankəndini ziyarət etmədik axı?! Ağrılı bir hiss idi... Özü də çox ağrılı...
Artıq geri qayıtmaq vaxtı idi. Yaxın zamanlarda Xankəndini də görməyimiz qismətimiz olsun deyib, ümidlə Bakıya yola düşdük. Amma hamı kimi mən də Şuşadan ayrılmaq istəmirdim. Lakin mütləq evə qayıtmalı idim. Bütün bu gördüklərimi sabah sinifdə yazacağım inşa yazısında qələmə almaq üçün mütləq Bakıya qayıtmalı idim.
Biz Şuşadan yola düşəndə dediyim kimi göyün üzünü qara buludlar almışdı və arabir yağış damcıları da çilənirdi. Sanki bizim şəhərdən çıxıb getməyimizi istəmədiyindən göz yaşlarını axıdırdı, Şuşa.
Avtobusumuz Şuşanın son döngəsini dönüb Bakıya doğru gedən baş yola çıxmağa az qalmış başımı pəncərədən çölə çıxardıb qışqırdım:
-Sən Azadsan, Şuşa! Şuşa - sən bizim qəhrəman şəhərimiz, alınmaz qalamız, müqəddəs səcdəgahımızsan!
...Öz səsimə gözlərimi açdım, divardan asılmış saat da artıq 07-00-ı göstərirdi. Əgər bu gün sinifdə "Sən Azadsan, Şuşa!" adlı inşa işini yazmalı olmasaydım, yəqin ki, heç məktəbə də getməzdim. Axı, çoxdan idi ki, belə gözəl və şirin yuxular görmürdüm...
Arif Ərşad
Azərbaycan Yazıçılar və Avrasiya Yazarlar Birliklərinin üzvü.
Prezident mükafatçısı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.