manera.az
manera.az

Açılmayan kilid - Ələsgər Əlioğlunun hekayəsi

Açılmayan kilid - Ələsgər Əlioğlunun hekayəsi
Vüqarın şəhərdə yeni kirayə tutduğu evin qonşuluğunda bir gənc qadın tənha yaşayırdı. Onun mütənasib bədəni, yerişi, duruşu, gözlərinin şövqü, üzünün cizgiləri elə ilk baxışdan kişilərin çoxunu günəbaxana döndərirdi.

Küçədən ötüb keçəndə qadınlar belə, başlarını qaldırıb yüngülvari də olsa onu gözaltı süzürdülər. Vüqarla həmin qadının arasında yeganə ünsiyyət ancaq salam verib-salam almaqla bitirdi...

Vüqar bir axşam işdən evə qayıdırdı.. Həyət qapısının ağzına çatanda həmin qadının küçədə narahat bir halda dayanıb böyür-başa nəzər yetirdiyini gördü.

Axşamınız xeyir deyib evə keçmək istəyirdi ki, qadın onu: - "bir dəqiqə olarmı" - deyə səslədi. Vüqar səmtini dəyişib ona sarı yaxınlaşdı:

- Buyurun, xanım, eşidirəm.
- Evimin kilidi dolaşıb, aça bilmirəm.Bəlkə kömək göstərəsiniz...

Vüqar onun yaşadığı evin həyətindən ilk dəfə içəri keçdi. Açarı alıb kilidin içində sağa-sola fırladı. Elə ilk cəhddən qapını aça bildi.

Qadın sevincək halda : "Sizi çox yordum. Keçin içəri,indi sizə kofe dəmləyərəm.Özü də Braziliya kofesidir, yəqin ki, işdən yorğun gəlmisiniz. " - dedi. Ürəyindən olan bu gözlənilməz təklif Vüqara götür-qoy etməyə belə imkan vermədi. O, içəri keçdi və stullardan birini çəkib əyləşdi. Qadın mətbəxə keçdi.

Vüqar öz-özünə düşünürdü: "Bu cür gözəl-göyçək qadın niyə tənha yaşayır?..Bir sevib-seçdiyi yoxdurmu?..Bəlkə hələlik heç kimi bəyənmir!?" Onun fikri, xəyalı bu sualların qarşısında aciz qalmışdı...

Çox keçmədi ki,kofe dəmlənib ortalığa gəldi.Qadının özü də qonaqla birgə stolun arxasında əyləşdi. Onun incə və bir qədər mülayim danışığı bayaqdan bəri otağı əsarətdə saxlayan sükutun əl-qolunu bağladı:

- Doğrudan da sizə çox əziyyət verdim. Əgər bir az da gec gəlsəydiniz, məcbur idim ki,axtarıb bir usta tapım.
- O nə sözdür, xanım, bəs qonşu qonşuya nə gündə lazımdır!? Nə çətinliyiniz olsa mən həmişə hazıram.

- Minnətdaram.
- Bağışlayın, adınız nədir?
- Təravət.
- Gözəl adınız var, adınız da özününzə çox yaraşır. Mənim də adım Vüqardır.
- Çox şadam. Soruşmaq ayıb olmasın, bəs harada işləyirsiniz?
- Elə bir yönlü işim yoxdur. Nəşriyyatda hələlik korrektoram. Söz veriblər ki, bu yaxınlarda redaktor keçirəcəklər.
- Deməli ziyalısınız.
- Bəs siz hansı sahədə çalışırsınız?
- İngilis dili müəlliməsiyəm.
- Lap əla! Bu gün sizin ixtisasa tələbat daha çoxdur.
Vüqar dörd-beş kəlmə kəsib, içdiyi kofeyə görə öz minnətdarlığını bildirdikdən sonra Təravətə "gecəniz xeyirə qalsın" deyib ayrıldı...

Aradan bir həftə keçmişdi. Vüqar axşam çağı işdən qayıdarkən həmin qadının yenə də küçədə pəjmürdə bir görkəmdə dayanmış olduğunu gördü. Salam-kəlamdan sonra qadın həyəcanlı bir tərzdə dilləndi:

- Daha bu kilid məni xəcalət elədi. Bir də dolaşıb...Qoy bu dəfə açılsın, mütləq dəyişdirəcəm...

Vüqar artıq işinin adını bildiyindən ona:"Zəhmət olmasa açarı verin"-deyərək evin qapısına doğru yaxınlaşdı.Yenə də əvvəlki kimi açarı kilidə keçirib sağa-sola hərlədi. Qapını asanlıqla açıb açarı Təravətə qaytardı:

- Buyurun, xanım.
- Yenə sizə əziyyət verdim. Xahiş edirəm getməyin,qonağım olun.

Təravət təklifini elə bir yalvarıcı tərzdə işlətdi ki,Vüqar ikinci kərə onun stolunun arxasında əyləşməli oldu. Qadın gülümsəyə-gülümsəyə dilləndi:

- Maşınla yaxşı ət çəkmişəm. İndi sizə qutab hazırlayaram. Özünü tərifləmək olmasın, mənim bişirdiyim qutabı hamı da bəyənir. Görək siz də bəyənəcəksinizmi?..

- Bu cür xanım hazırladığı qutab söz yox ki,dadlı-ləzzətli olar.

Təravət qutabı ərsəyə gətirdi və boşqabda süfrəyə qoyanda otağı xoş bir rayihə bürüdü. Vüqar elə ilk loxmadan ona öz təşəkkürünü bildirib ləzzətlə yeməyə davam etdi...

Bu qonaqlıqdan heç bir həftə keçməmişdi ki, Vüqar axşam işdən evə qayıdarkən yenə də Təravətin həyət qapısının ağzında fikirli bir halda dayandığını gördü. Salamlaşdı. Qadın utancaq bir tərzdə çəkinə-çəkinə dilləndi:

- Kilid yenə də açılmır...Heç bir vaxt tapıram ki...
Vüqar gülümsəyə-gülümsəyə dedi:
- Narahatlığa dəyməz, indi açaram.

Təravətdən açarı almaqla kilidi açmağı bir oldu... Artıq ürəyində elə hiss etdi ki,kilid də bir bəhanədir...
Təravət Vüqarı yenə də evə dəvət etdi:

- Sizi çox yordum.Heç bilmirəm ki,minnətdarlığımı necə bildirim.Xahiş edirəm keçin içəri.

Vüqar daha çəkinmədən otağa keçdi və stolun başında əyləşdi.Təravət bir gözqırpımında süfrəni qaydaya saldı və həlim baxışlarla: "Mənə bir qutu şokalad pay veriblər.Xahiş edirəm ki,bir ondan dadasınız..." - dedi və servantın gözündəki "Napoleon" konyakını da gətirib stolun üstə qoydu:

- Mən içən deyiləm. Bu konyak da ad günümdən qalıb.Mən bilən şokalad konyakla yaxşı tutur.
Vüqar dilləndi:

- Onda siz də içməlisiniz,yoxsa tək içməyəcəyəm.
Ani tərəddüddən sonra Təravət başını tərpətməklə razılığa gəldiyini bildirdi.Hər ikisi kiçik qədəhlərə süzülmüş konyakı içdi. Artıq Vüqar da,Təravət də özlərini bir az sərbəst hiss edirdilər. Beləlliklə, ikinci-üçüncü sağlıq da qeyd olundu.

Bir vaxt Vüqar hiss etdi ki, əyləşmiş olduğu stulun qeyri-adi "sürüşməsi" nəticəsində Təravətlə diz-dizə, nəfəs-nəfəsədir.Bədəni artıq ehtizaza gəlirdi.Yerində qovurğa kimi qovrulurdu...Birdən özündən asılı olmayaraq əlini Təravətin yaxasına sarı uzatdı... Qadın əlləri ilə onun istəyinin qarşısına sipər çəkdi:

- Silikondur...Özünü yorma!..
Vüqar heç nə anlaya bilmədi. Sanki dumanlı bir yuxu görürdü. Heyrət dolu baxışlarla üzünü Təravətə tutdu:
Heç nə başa düşmədim, silikon nədir?..

- Dayan,indi mən hamısını danışaram.
Beləliklə, qadın öz taleyinin son fəsllərini səhifələməyə başladı:

- Tələbə yoldaşım bir oğlanla ailə həyatı qurmuşduq. İkimizin də təyinatımızı elə bu şəhərə vermişdilər. Həyat yoldaşım imkanlı bir ailədən çıxmışdı. Bu evi də bizə onun valideynləri almışdılar. Lakin xoşbəxt günlərimizin ömrü cəmisi altı ay çəkdi. Günlərin birində döş nahiyəmdə kəskin ağrılar hiss etməyə başladım.

Onkoloji xəstəxanaya müraciət etmək məcburiyyətində qaldım. Bildirdilər ki, xərçəngə tutulmuşam. Təcili əməliyyat olunmalıyam. Döşümün birini kəsib götürdülər.Hələ yaramın yeri tam sağalmamış həyat yoldaşım məndən ayrıldı.

Dedi ki, ev də sənə qalsın, amma daha mən gedəsi oldum... Sonralar Almaniyadan onkoloji xəstəxanaya qısamüddətli ezamiyyətə gəlmiş bir professorun qəbuluna düşdüm. Xəstəlik tarixçəmlə bağlı bütün kağızları nəzərdən keçirib acı-acı başını tərpətdi...

Bildirdi ki, hər şey müalicəylə ötüb keçərmiş... Təəssüf ki,artıq gec idi. Həkim naşılığı öz amansız izlərini mənim taleyimə həkk etmişdi... Mən adamlar içinə çıxarkən silikondan istifadə edirəm ki, heç nə hiss olunmasın. İndi başa düşdünüzmü!?

Artıq Vüqarın hissləri üstə su əndərilmiş bir ocağa dönmüşdü.Yavaş-yavaş əli qadının əlindən ,dizi də dizindən geri çəkilirdi...Bayaq özünü od-atəş içində hiss edirdisə,indi ona elə gəlirdi ki,bədəni buz bağlayır...

...Aradan beş-on dəqiqə keçməmiş yorğunluğunu bəhanə gətirən Vüqar Təravətə "gecəniz xeyirə qalsın" deyib, sonu iztirablar üstə köklənmiş bu qonaqlıqdan çıxdı və səhər obaşdan paltar-palazını da kirayə tutduğu evdən yığşırıb getdi.

Vüqar getməyə də bilməzdi...Getdi ona görə ki,Təravətin qapısının kilidini asanlıqla aça bilsə də, onun taleyinin kilidini açmağa sinəsində elə bir ürək yox idi...

Qeyd: Hekayə tanınmış yazıçı Ələsgər Əlioğlunun yeni çapdan çıxan "Açılmayan kilid" kitabında yer alıb.

Açılmayan kilid - Ələsgər Əlioğlunun hekayəsiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031