Çəkilməyən şəkil - Ələsgər Əlioğlunun hekayəsi
- Getmə!..
- Yox, gedəcəm! Öküzü soyub bıçağı xuncunda qoya bilmərəm...
- Getmə deyirəm sənə, getmə!.. Axı iki dəfə infarkt keçirmisən...
Bu gecə də səhərə kimi dağı arana daşımısan, aranı dağa. Nə özün rahat yatmısan, nə də bizi yatmağa qoymusan...
- Səmayə, bəs neyləyim?.. Uşaqlara bir parça çörək qazanmalıyam, ya yox!? Bir də ki, beş-on günlükdür də, sezonnu işdir. Özü də qalın geyinmişəm, qorxub eləmə...
Sultan həyat yoldaşının təkidinə baxmayaraq evdən çıxdı. Xəyallar aləmində var-gəl eləyə-eləyə axır ki, mənzil başına çatdı.
Şəhərin baş meydanında qurulan yolkanın böyür-başında adamlar qaynaşırdı.Yeni ilin gəlişinə sanılı saatlar qalmışdı...
Sultan yolkanın həndəvərində yerləşən binada ayırılmış soyunma-geyinmə otağına keçdi. Bir azdan Şaxta baba qiyafəsində meydandakı yolka ağacına yaxınlaşdı.
Hava olduqca soyuq idi.Sultan bu soyuğu bədənində hiss etsə də , özünü o yerə qoymur, şux dayanmaq istəyir, onunla şəkil çəkdirənlərin arasında süni də olsa üzünə təbəssüm çiləyir, gülərüz bir görkəm alırdı...
Artıq Yeni ilin gəlişinə saatdan da az bir vaxt qalırdı. Bu zaman bir qrup gənc Şaxta babaya yaxınlaşıb onunla şəkil çəkdirmək istədiklərini bildirdilər. Gənclər xahiş etdilər ki,Şaxta baba əyləşmiş vəziyyətdə dursun, özləri də onun ətrafında.
Şaxta baba kresloda əyləşdi, gənclər də onun əhatəsində yerlərini tutdular. Fotoqraf obyektivlə hədəfi nişan aldı.
Elə şəkli çəkmək istəyirdi ki, Şaxta babanın duruşu onu əl saxlamağa məcbur etdi. Şaxta babanın çiyni bir qədər yana əyilmişdi.Fotoqraf səsləndi:
- Şaxta baba,zəhmət olmasa, qəddinizi düzəldin, başınızı dik tutun.
Ancaq Şaxta baba onun göstərişinə əməl etmədi. Fotoqraf bir daha təkrar etdi:
- Şaxta baba, axı dedim ki, qəddinizi düzəldin, başınızı da bir az dik tutun!..
Şaxta baba qamətini düzəltmədi ki, düzəltmədi...
Fotoqraf bir qədər hövsələdən çıxdı:
- Kişi, məni eşitmirsiniz?..
Şaxta baba onun sözlərinə yenə də məhəl qoymadı... Fotoqraf gəlib dayandı düz Şaxta babanın önündə. Diqqətlə ona baxdı və əllərini onun üz-gözündə gəzdirdi...Anidən həyəcanlı bir tərzdə dilləndi:
- Bıyy!.. Şaxta baba deyəsən nəfəs almır...
Camaat bir-birinə dəydi.Təcili tibbi yardıma zəng etdilər. Məlum oldu ki, Şaxta baba artıq keçinmişdir...
Bir neçə dəqiqədən sonra Yeni il atəşfəşanlıqla yurda qədəm qoydu. Ancaq Şaxta baba ilə görüşə bilmədi...
Camaatın arasından kimsə başsağlığı verirmiş kimi ucadan səsləndi: Ay Yeni il, başın sağ olsun, Şaxta baba səninlə görüşə bilmədi, dünyasını dəyişdi!..