manera.az
manera.az

Hər müşkülü dünyadə məhəbbətlə açarsan - Xaqani Əmininin qəzəlləri

Hər müşkülü dünyadə məhəbbətlə açarsan - Xaqani Əmininin qəzəlləri
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində qəzəlxan şair Xaqani Əmininin qəzəllərini təqdim edir.

* * *
Eşqinlə sənin ömrünü, ey gül, bitirən mən,
Neyçün, qazanan özgələr olsun, itirən mən?

Düşməz sənə ünvanına yarın bələd olmaq,
Hər gün səni, ey can, aparan mən, gətirən mən.

Fərq etməz, olam hansı gözəl eşqinə mail,
Biganədən ollam yenə minnət götürən mən.

Ey can, bunu sən bil, ey ürək, sən də unutma,
Sevda yoluna sizləri oldum yetirən mən!

Öz şö'leyi-ahımla bu Xaqanini, oldum
Eşqin bu qaranlıq küçəsindən ötürən mən.


* * *
Çox da məni, ey dilbər, ürəksiz belə bilmə,
Eşqinlə vuran qəlbi diləksiz belə bilmə.

Ey çərx, həzər qıl bu könül nalələrindən,
Aciz deyiləm, çox da köməksiz belə bilmə.

Min lalə səpər qanlı gözündən yerə Məcnun,
Səhranı da heç vaxtı çiçəksiz belə bilmə.

Zahid, bürüyüb nazlı gözəllər bu cahanı,
Sən Yer üzünü hurİ, mələksiz belə bilmə.

Gül zövqü ilə özgələrin qanına batmış,
Sən xarı da gülşəndə bəzəksiz belə bilmə.

Gör bir, nə edib Yusifə qardaşları, qardaş,
Qardaşdı deyib, uyma, kələksiz belə bilmə.

Xaqani, bu vəslə, gün olur, sən də yetirsən,
Bir xeyri dəyər, canı gərəksiz belə bilmə.


* * *
Qəmdən tutulan könlü bir afətlə açarsan,
Hər müşkülü dünyadə məhəbbətlə açarsan.

Zülmət gecələrdən bu qədər olma xəbərsiz,
Bir gün oyanıb sübhüvü həsrətlə açarsan.

Nadan deyilik, səndən umaq yaxşılıq, ey çərx,
Sən süfrəvi açsan bizə minnətlə açarsan !

Ey qönçə, tərənnüm eləsəm hüsnünü yarın,
Vəsfin eşidib ağzıvı heyrətlə açarsan !

Bilsən ki, yanar halıva, Xaqani, o dilbər,
Eşqində ürək sirrivi cür`ətlə açarsan.


* * *
Zövqümdə deyil, saqi, bu peymanələr indi,
Vermir mənə ləzzət daha meyxanələr indi.

Bu nərdi-məhəbbətdə, nə xeyri, verə cüt şeş,
Biganə daşıyla tutulub xanələr indi.

Bir vaxt eləmişdi bu könül zülfüvü məskən,
Eşqində tutubdur yerini şanələr indi.

Gördüm bu vəfasızlığıvı, səndən əl üzdüm,
Get-get, əvəz etsin məni biganələr indi !

Eşqində sənin şəm` tək atəşlərə yandım,
Hər gün dolanır başıma pərvanələr indi.

Öldürdü bu qəmlər məni, sən neylədin, ey eşq,
Hardan axı tapsın məni cananələr indi ?!

Xaqani verib ömrünü həqq üstə fənayə,
Dillərdə yaşatsın onu əfsanələr indi.


* * *
Hicranıva dözmək mənə müşküldü, sözüm yox,
Amma, elə zənn etmə ki, aşiqdə dözüm yox.

Saldın məni gözdən, könül, öz nalələrinlə,
İndi üzünə baxmağa cananın üzüm yox.

Səhraları başdan-başa sərgəştə dolandım,
Hicranın əlindən görəsən harda izim yox?

"Yum gözlərivi, bunca deyirsən, mənə baxma",
Nolar, elə billəm, koram aləmdə, gözüm yox.

Başdan-başa, Xaqani, vücudum dolu qəmdir,
Əks eyləyən ayinədə dərdimdir, özüm yox.


* * *
Bilsən, bizə vəslin nə ziyan vurmadı, getdi,
Hicran bizi heç bir bu qədər yormadı, getdi!

Sən yaxşılıq etsən bizə, heç vaxt unudulmaz,
Yüz Kə'bə tikib kim ki, könül qırmadı, getdi.

Olmaz nə qədər çox yaşasa, bəhrəsi ömrün,
Eşqinlə kimin qəlbi əgər vurmadı, getdi.

Hicran günü hər kəs məni tərk eylədi sənsiz,
Kölgəm də uzaqlaşdı belə, durmadı, getdi.

Durdum yolu üstündə ki, bilsin nədi dərdim,
Yüz dəf'ə gəlib keçdi, qəmim sormadı, getdi.

Əğyarə uyub sən belə olsan da vəfasız,
Xaqani öz əhdin yenə sındırmadı, getdi.


* * *
Sızlayar aşiq olanlar, gecə yatmaz, dedilər,
Yoxsa, qəlbin səsi cananına çatmaz, dedilər.

Qorxma, divanə könül, eşq ilə ülfət tutanın,
Bir tikan çöldə onun qəlbinə batmaz, dedilər.

Eşqə ver könlüvü hərgah əbədiyyət diləsən,
Başqa bir şey bu qədər ömrü uzatmaz, dedilər.

Yusifin çəkdiyi möhnətləri ibrətdi bizə,
Səhv edib, qardaşı qardaş o ki, satmaz, dedilər.

Çalış, öz kölgən ilə eşqdə yoldaşlıq elə,
Səni yalqız buraxıb bircə o, atmaz, dedilər.

Yetirir vəslinə canan səni, ey Xaqani,
Səni qəm bir də bu yollarda yubatmaz, dedilər.

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 213 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031