manera.az
manera.az

Dön geri, nazlı gözəl, bir belə hicran olmaz - Səxavət Talıblının qəzəlləri

Dön geri, nazlı gözəl, bir belə hicran olmaz - Səxavət Talıblının qəzəlləri
MANERA.az "Azərbaycan qəzəli" layihəsində Səxavət Talıblının qəzəllərini təqdim edir:

***
Sənmisən, ey dilrübam, ey bəxti varım, sənmisən?
Ey çiçək üzlü nigarım, ilk baharım, sənmisən?

Küllü-aləm dərk edib çöhrəndəki nəqqaşini,
Ey təbiət incisi, cənnət nübarım, sənmisən?

Gör, mələklərdən belə Tanrı ayırmış adəmi,
Həvva Adəm gövhəri, tək yadigarım, sənmisən?

Ay, Günəş görsün deyə enmiş bu aləm səcdənə,
Səcdəgahım, Qibləgahım, ey nigarım, sənmisən?

Mən əminəm, qoy deyim, səndə Züleyxa eşqi var,
A Züleyxa bənzərim, can iftixarim, sənmisən?

Hər dəfə köksün sıxıb, basdı Səxavət bağrına:
-Sol, ürək hissəm, vicudum, tənbə yarim, sənmisən?


***
Dön geri, nazlı gözəl, bir belə hicran olmaz,
Ayrılıq bunca sürərmi, belə divan olmaz.

Gəl dola qollarını boynuma bir busə alım,
Qorxma, bir busədən ötrü gözəlim qan olmaz.

Söyləyərdin gecə-gündüz sənə mən qurban olum,
İsmayıldan sora qurbanlığa insan olmaz.

Xəstəyəm sən gedəli, çarəsizəm, qəm yeyirəm,
Dedilər eşqə düşübsən, sənə dərman olmaz.

Acı çəksin demisən, atəşə dönsün yatağım,
Könlümün sultanı əfv et, belə fərman olmaz.

Axirət gəldi, Səxavət, dedi ayrılmalısız,
Sürmüsüz birgə həyat, bir yerə ünvan olmaz.


***
Başıma səpdi duman, ciskini dən-dən, dən-dən.
Başa düşdüm ki, gedib gəncliyim əldən, dən-dən.

Bir ağac əkdim, uzanmışdı ki, birdən soldu,
Tökülür hər saralan yarpağı yeldən, dən-dən.

Uçuşardı başım üstən keçən illər quştək,
Qısalır günlərim hər bir ötən ildən, dən-dən.

Qocalıq saçlarıma qar kimi tək-tək yağdı,
Boyadı hər dəfə dən-dən, qara teldən, dən-dən.

Bükülən qamətimə əldə əsam da dözmür,
Əyilib dənləyirəm keçmişi yerdən, dən-dən.

Sona gəldi bu ömür, sən də Səxavət, dur, gəl,
Verəcək imtahan hər kəs, hər əməldən, dən-dən.


***
Vermə əğyarə könül, onda sədaqət yoxdu,
Fani dünya ipi üstündə zəmanət yoxdu.

Bir cana borcludur hər kəs, onu da al, getsin,
O müqəddəs, o əzizlikdə əmanət yoxdu.

Mən gözün içrə doğuldum, bəbəyindən düşdüm,
Mən ki, sadiq kölənəm, məndə xəyanət yoxdu.

Demirəm mən "Pir" idim, çoxdu gunahım, billəm,
Mən də Allah quluyam, məndə imamət yoxdu.

Bir ziyarətgaha dönmüsdü məzarım, uçdu,
Şahid ol, gəl, o gözəllikdən əlamət yoxdu.

Baxmışam gözlərinə, orda qiyamət gördüm,
Gözünü qırpma görərsən o Səxavət yoxdu.


***
İstərəm canım verəm canana, canan istəmir,
İstəmir qəlbim qopa,bağrım ola qan, istəmir.

Duymuşam etmiş fəda eşqin yolunda öz canın,
Ol səbəbdən al dedim cismimdi qurban, istəmir

Kəsməyin yollarını,vermiş qərarın qafila
Olmasın Leyla kimi dillərdə dastan, istəmir.

Çarə qıl, qıl ey təbib, axtar bu dərdin çarəsin,
Tək sənin qanın,- dedi, - canana dərman, istəmir

Ey Səxavət, ver qərarın, can sənin, canan sənin,
Bəlkə, qəlbindən keçir aşkara, pünhan istəmir.

Tural Adışirinin təqdimatında






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031