Xalq rəssamının Novruzla bağlı sərgisi açılıb - Fotolar

Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Novruz naxışları” adlı sərginin açılışı və eyniadlı kataloqun təqdimatı keçirilib.
Manera.az xəbər verir ki, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev Arif Hüseynovun yaradıcılığının xüsusiyyətlərindən danışaraq rəssamı təbrik ediblər.
Vurğulanıb ki, sərgidə rəssamın Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən, eləcə də xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, əyləncəli, poetik tabloları nümayiş olunur.
Arif Hüseynovun ənənə və müasirliyin harmonik birliyi əsasında işlənmiş “Novruz”, “Novruz çiçəkləri”, “Novruz nağılları” və s. silsilə əsərlərində miniatür üslubun modern tərzdə interpretasiyası yüksək sənətkarlıq keyfiyyətləri ilə səciyyələnir.
Sonda çıxış edən Arif Hüseynov sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.
Qeyd edək ki, aprelin 16-dək davam edəcək sərgi çərçivəsində müxtəlif ustad dərsləri, rəssamla görüş və digər tədbirlər təşkil olunacaq.

