Mənə qayıtmayır, məndən gedənlər - İlham İnamın şeirləri
MANERA.AZ İlham İnamın şeirlərini təqdim edir.
MƏNDƏN GEDƏNLƏR
Yaza taleyimə arzu, muradı,
Səmadan mələklər çiynimə enə.
Yanımda dünyanın üzü qaradı,
Məni çıxardammır deyə ağ günə.
Ruhumuz uludur istəyimizdən,
Taleyin oyunu başaldadandı.
Çox arzular keçir ürəyimizdən,
Ürəyimiz keçən yollarsa qandı.
Üzünə gün düşən bəxtin yatırsa,
Kimə tapşırıblar qismətimizi?
Fikrimi dərd alıb kədər satırsa,
Bu həyat bazara çıxardıb bizi?
Gözümdə , könlümdə qəm hərləyirəm,
Dolmuş bulud kimi hərdən yağıram.
Kövrək duyğuları dəhmərləyirəm,
Çevrilib o tozlu yola baxıram...
Arzular gül açır tikandan xəlvət,
Elə bil hisslərim aşıb - daşıbdı.
Görüb görməzliyə vururam əlbət,
Qəlbim ruhum ilə qucaqlaşıbdı.
Sürət qatarıdı zaman elə bil,
Günlər ac toyuqdu ömrümü dənlər.
Köçüb ata - ana, seyrəlib nəsil,
Mənə qayıtmayır, məndən gedənlər.
10.03.2025
ANAMIN MƏZARI ÖNÜNDƏ
Ana, baxışların necə qəmlidi,
Bəlkə də, arxamca baxıb ağlayır.
Sənli xatirələr yaman nəmlidi,
Onları qurudan Günəş doğmayır.
İsti nəfəsinin tamarzısıyam,
Daş olub nə yaman soyumusan ki...
Hanı deyib - gülən analı dünyam?
İndi danışmayan heykəldi sanki.
Etibarsız olan dünyamı,mənmi?
Sənə sözüm çoxdu , deyəcəyim var.
Torpağın altında üşüyürsənmi?
Üstünə örtməyə bir ürəyim var.
İnsan olanları təsəlli sanar,
Olum var, ölüm var dünya işidir.
O şirin baxışın hardadı, ana?
İndi daş baxışın məni üşüdür.
Bağışla sən məni, ay ana, gəl sən,
Danışa bilmıdim gözlərim "dindi".
Bir zaman Tanrıya tapşırardım mən,
Atama tapşırıb gedirəm indi.
14.02.2025
BİR TƏPİK
Həyat oyaqlıqdı, ömür mürgüdür,
Zaman da ötüşən vaxtını güdür.
Daha duymuruq ki, ömürdən gedir,
Çatınca yaz vurur qışa bir təpik.
Dilin danışdığın diş bilməyəndə,
Həyat öz işini beş bilməyəndə...
Ayağın yazdığın baş bilməyəndə,
Ayaq qalxıb vurur başa bir təpik.
Yamanı, idbarı adam sayırıq,
Bəlkə, yaşamağı yamsılayırıq...
Nankoru, bədxahı qucaqlayırıq,
Vururuq yaxşıya, xoşa bir təpik.
Tərif axtarırıq şöhrətdə, şanda,
İnsan şeytanlaşır həddin aşanda.
Molla plov görüb "Quran" çaşanda,
Qazana bir təpik, aşa bir təpik.
Bəzən başlanğıcdı nəhayətimiz,
Bəzən bəraətdi cinayətimiz.
Bəzən bəlkə budur pis cəhətimiz,
Dolunu yeyirik, boşa bir təpik.
13.01.2025
ÖMRÜN MƏNASI
Bir qədər könlümün gözü açıldı,
Ay ürək, mən səni necə şən gördüm.
Sanki varlığıma şəfəq saçıldı,
Dağları Günəşlə öpüşən gördüm.
Təbiət qoynuna almışdı məni,
Elə bil çıxmışdım özüm-özümdən.
Bu gözəl yerlərin çölü-çəməni,
Qonağıyam deyə çıxmır sözümdən.
Qaraçay şlrhaşır axıb gedirdi,
Ana laylasına qulaq asırdım.
Özüm də bilmirdim bu necə sirdi?,
Könül sevənləri ruha yazırdım.
Qəlbimi vermişdim dağa-dərəyə,
Bir dünya gözəllik otağım idi.
Duyğum sığal idi zümrüd meşəyə,
Buludlar başımda papağım idi.
Fikri qılıqladım, sözü oxşadım,
Mən yeni bir ömür dərdim burada.
Elə bil bir gün yox, yüz gün yaşadım,
Duman tək dağıldı dərdim burada.
Sözə nəfəs verdim, ürəyə təpər,
Hisslərim nə gözəl bəzənmişdilər.
Məni xəyallarda görüb bu səhər,
Yoxsa üfüqlərə bənzətmişdilər.
Keçir ömürlə gün göz qırpımında,
Bəs etmir insana bir ömür azı.
Qoya bilmisənsə bir iz sonunda,
Yaşanan bir ömrün budur mənası.
25.08.2024
NƏ YAXŞI
Nə yaxşı, a dünya, yaxşıların var,
Nə yaxşı evim var həyat adında.
Nə yaxşı ürəkdən uçan arzular,
Ürəyə qayıdır yel qanadında.
Nə yaxşı a dünya, Günəş var,Ay var,
Gələn sabahlar var, Tanrım,nə yaxşı.
Nə yaxşı çəmən var, meşə var,çay var,
Zirvəm var nə yaxşı, dağım nə yaxşı.
Nə yaxşı dostlarım, doğmalarım var,
Nə yaxşı tək deyil, tənha deyiləm.
Sevib-seviləsi duyğularım var,
Nə yaxşı gerçəyəm, röya deyiləm.
Birdən qış oluram, birdən baharam,
Yerin üstündəyəm, göyün altında.
Çox şükür Tanrıya nə yaxşı varam,
Bir yol yolçusuyam ömür adında.
Nə yaxşı qapıyam gözəlliklərə,
Nə yaxşı ruhumdan doğan səsimdi.
Yağış tək ələnib təşnəliklərə,
Hər qəlbdə cücərə bilsəm bəsimdi.
13.01.2024
Tural Adışirinin təqdimatında..