manera.az
manera.az

Mənə məndən yaxınsan... - Şeirlər

Mənə məndən yaxınsan... - Şeirlər
MANERA.AZ şair Ədalət Salmanın şeirlərini təqdim edir:

Mənə məndən yaxınsan...

Dayanmısan önümdə,
Kipriyimin altında.
Yenə səni gəzirəm
Göyün yeddi qatında.

Bu qədər yaxın ikən
Nədən uzaqsan belə?
Aşa bilməyəcəyim
Yoxsa, bir dağsan belə?

Sənə nəfəsim dəyir,
Əllərim çatmır, niyə?
Nə qədər dözmək olar
Səninlə sənsizliyə.

Tanrı sınağısanmı,
Yoxlayırsan səbrimi.
Düşəm qarşında öləm,
Oxşayasan qəbrimi...

...Mənə məndən yaxınsan,
Mənim deyilsən ancaq.
Yatmadığım yuxumsan,
Yatsam, çinmi olacaq?

Ah... o sənli günlərim

Ah... o sənli günlərim
Geri qayıda bir də.
Qəfil yağış başlaya,
Olmaya bir çətir də.

Yağışdan gizlənməyə
Yer də tapa bilməyək.
Yağış islatsın bizi,
Qaçıb evə gəlməyək.

Dabanını qaldırıb
Yenə sarıl boynuma.
İslanmış cücə kimi
Alım səni qoynuma.

Yanımızdan ötənlər
Baxıb "dəli", söyləsin.
O tum satan qarı da
Yenə bizi söyməsin.

Baxmayıb baxışlara
Ürək deyəni edək.
Yenə yağışın altda
Tutub əl - ələ gedək...

...Heyif, gənclik illərim
Geri qayıtmaz bir də.
Yaşar sənli günlərim
Şirin xatirələrdə.

Zülümə bax...

Sən yoxsan, bir boşluq var
İçimdə neçə gündü.
Bir ruh kimi gəzirəm,
Bu həyat yox, sürgündü.

Halsız halımı görən,
Ölümü güldürürəm.
Ötməyib, acıq verən
Vaxtı da öldürürəm.

Sən yoxsan, dünya bomboş,
Hər şey düşüb gözümdən.
Səni küsdürdüyümçün
Küsmüşəm öz- özümdən.

Yaşamaq, həyat eşqim,
Mənim ürək dərmanım.
Dönməsən, oxunacaq
Bil ki, ölüm fərmanım.

Elə pəjmürdəyəm ki,
Düz yolu da azıram.
Zülümə bax...bu yaşda
Həsrət şeri yazıram...

Ürəyimiz ağrımasa, yazmarıq

Bu ağrıyla burax məni, qoy gedim.
İqbal Nemət.


El dərdini öz dərdimiz bilərik,
Ağrısına şərik olub bölərik.
Qəlbimizi boşaltmasaq, ölərik,
Ürəyimiz ağrımasa, yazmarıq.

Havalanıb kefimizdən yazmadıq,
Haqqı yazdıq, haqq yolunu azmadıq.
Dayaq olduq, gedib quyu qazmadıq,
Ürəyimiz ağrımasa, yazmarıq.

Düşünmədik vəzifəni, şöhrəti,
Yaman olur el-obanın töhməti.
Haqqı yazan şair elin qeyrəti,
Ürəyimiz ağrımasa, yazmarıq.

Göz yaşını misralara ələmə,
Boyun əymə heç vaxt dərdə, ələmə.
Qılınc kimi sıyrıl, sarıl qələmə,
Ürəyimiz ağrımasa, yazmarıq.

Dərddi bizi içimizdən ələyən,
Hansı xofdu əl-qolumu bələyən?
O ağrıdı bizi şair eləyən,
Ürəyimiz ağrımasa, yazmarıq.

Qar yağır

Açır qırpa-qırpa gözünü səhər,
Kim bilir, qəlbindən nələr keçəcək.
Gəlin duvağına bürünüb şəhər,
Elə bil harasa gəlin köçəcək.

Sevinc rəngindədir donu yerin də,
Sən demə, təbiət qışda kövrəlir.
Qar yağır, yüz yaşlı nənələrin də
Qartopu oynamaq həvəsi gəlir.

Körpə sevincləri sığmır dünyaya,
Qarlı qış gözümdə ilk yaza dönür.
Qar yağır, oğlanlar Şaxta babaya,
Qar yağır, gözəllər Qar qıza dönür.

Ana təbiətin sarışın qızı

Xətrinə kim dəyib bu qız payızın,
Bənizi saralıb solur, görürəm.
Bulud yaşmağına bürünən qızın
Şimşək saçlarını yolur, görürəm.

O yağış, gözünün kökü saralmış
Bu qızın ayrılıq göz yaşıdımı?
O kötük - həsrətdən yanıb qaralmış,
Nakam sevgisinin baş daşıdımı?

Bu soyuq baxışlı sarışın gözəl
Dönük taleyindən haçan yarıdı?
Ayağı altına tökülən xəzəl
Hansı vəfasızın məktublarıdı?

Şirin xəyallara inanar yenə,
Tanrı da heç üzməz imid işığın.
Baş qoyub sazının sarı siminə,
Ovudar ruhunu Sarı Aşığın...

...Payızı düşündüm min kərə azı,
Sarıya boyandı duyğularım da.
Ana təbiətin sarışın qızı
Sığınar köksümə yuxularımda...

Tural Adışirinin təqdimatında


Baxış sayı - 656 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031