manera.az
manera.az

Ömür marafon kimidir - ŞEİRLƏR | MANERA.AZ

Ömür marafon kimidir - ŞEİRLƏR | MANERA.AZ
MANERA.AZ gənc yazar Fikrət Baxışın şeirlərini təqdim edir:

İNSAN

Beşikdən məzara kimi
Çalışır insan, çalışır.
Girib qazanda qaynayır,
Qarışır insan, qarışır.

Bəzən istəmir, götürür,
Bəzən istəyir, ötürür.
Həm qazanır, həm itirir,
Alışır insan, alışır.

Ona dedin, yarın üçün,
Buna dedin, varın üçün.
Sonunda bir qarın üçün
Vuruşur insan, vuruşur.

Başlanğıcı son kimidir,
Qram da var, ton kimdir,
Ömür marafon kimidir,
Yarışır insan, yarışır.

Daşı tökmür ətəyindən,
Oxu vurur kürəyindən,
Barmaq verdin, biləyindən
Yapışır insan, yapışır.

Vaxt olur usanır, bezir,
Dözməyir, amma həm dözür.
Axtarır, arayır, gəzir,
Soruşur insan, soruşur.

Ümid Onun qüdrətinə,
Bizi salmasın çətinə.
Baş əyir öz qismətinə,
Barışır insan, barışır.

HƏYAT

Həyat, sən nə acısan?
Səndən baş açmaq olmur.
Kiminin baş ağrısı,
kiminin baş tacısan...

Bir günüm şən keçəndə,
Parası qəmlə keçdi.
Oldu ki, çox sevindim,
unutdum öz-özümü.
Heç bilmədim günümün
harası qəmlə keçdi.
Bəzən də çox üzüldüm,
nifrət etdim özümə.
Yara üstə yaranın
yarası qəmlə keçdi.

Həyat, sən nə acısan?
Səndən baş açmaq olmur.
Kiminin baş ağrısı,
kiminin baş tacısan...

Bəzən sənə baxanda,
Gözümdə dağ görsənir.
Saatlarla baxıram
bu dağın zirvəsinə.
Baxıram kimlər gedir,
yerinəsə kim gəlir.
Çixmağa ərinirəm,
gücümə heyfim gəlir.
Üşənirəm, qorxuram.
Gözümdə ağ görsənir.
Bəzən sən baxdıqca,
gözlərimə nur gəlir.
Ürəyim pərvazlanır,
Sevincimdən uşaq tək
atlanıram-düşürəm.
Məhəbbətim nazlanır,
könül telim sazlanır.
Buraxıram özümü
səadətin qoynuna,
Ürəyimə şur gəlir!

Sənə "şirin" dedilər,
Səni uşaq da sevdi.
"O, qədrini bilənin olmalı" min dedilər.
sənsə qədrin bilmədin
sənə "şirin" deyənin.
Qaynatdın bir qazanda
şirini min deyənin.
Uman yerdən küsənlər
gündən-günə çoxaldı.
Ətrinlə əfsunladın
səni qoğal biləni.
Sən demə, xoş ətirli,
şirin adlı bu qoğal
Acı, acı qoğaldı...

"Səndən doymaq olarmı?"
Dedilər, çox dedilər.
Səni yaşamayanın
kamalı yox, dedilər.
Nə deyənlər var indi,
nə sən həmən həyatsan.
Hərdən düşünürəm ki,
Daha o dövran deyil,
o gündən çox gün keçib.
Görən, nə söyləyərdi
Olsa Bəxtiyar indi...

Acı demə həyata

Acı demə həyata, həyat günahkar deyil.
Günah bu həyata zəhər qatanlardadır,
Daş altında qıvrılıb səssiz yatanlardadır.

Bir adı sevgidirsə, bu onun günahımı?
Bax necə nəşəlidir: sevgi – həyat qoşadır.
Onların hər ikisi insan oğlun yaşadır.

O necə acı dadar, yanında sevgi varsa?
Ürəyini, qəlbini məhəbbətlə yükləsən,
Dünyanı dolaşarsan içindəki yüklə sən.

O necə acıdır ki, insan doymur həyatdan?
Yaşadıqca elə bil həyat ona bal dadır.
Biz bunu duymuruqsa, günah məgər baldadır?

Həyat nazlı gözəl tək umacağı sevgidir!
Nifrət edər, dözəmməz xəyanətə, yalana.
O, şirindir, şəkərdir ondan ləzzət alana.

Bax elə ona görə dedi böyük Bəxtiyar:
“Həyat, sən nə şirinsən, kim səndən doydu, getdi?
Gedənlər öz qəlbini dünyada qoydu, getdi”.

Həyata acı demə, acısı da şirindir.
Elə həyat özü də bu təzaddan yaranıb,
Kim həyatı sevibsə, həyat ona yarınıb.

“Bacarana can qurban”- deyib ulu babalar.
Yaşa, yarat dünyada, qəmdən, dərddən uzaqlaş,
Görərsən, onda hər şey düzələr yavaş-yavaş.

“Qəm elə qəm gətirər” – bu da ulu sözüdür.
Qəm gələndə nikbin ol, bax oğluna, qızına,
Buza dönmüş ürəyin, bəlkə, onda qızına.

VARI YOX
_
Dəyişilib, qəribədir təbiət,
Yazda yağış, qışda isə qarı yox.
Gül əkməyə, bağ salmağa nə hacət,
Bir halda ki, bəhəri yox, barı yox.
_
Adam var ki, sözü elə ox olur,
Adam var, gözü ac, qarnı tox olur,
Çoxunda da gündə bir şey yox olur,
Çoxunun da hər şeyi var, arı yoxu.
_
Bağçalarda gülü yoxdur qoxuyan,
Dəstə-dəstə düzüb, çələng toxuyan.
İndi simsiz alətlərdir oxuyan,
Müşfiqimin o oxuyan tarı yox.
_
Həyat özü başdan başa bilməcə,
Tapın görək, kim, harada, nə, necə.
Dərya qədər varın ola, zərrəcə
Mənlik yoxsa, hesab elə varı yox.
_
Qan da bezib, dövr eləmir ürəkdən,
Gedə-gedə əl üzülür ətəkdən.
Baxırsan ki, bal düzəlir çiçəkdən,
Amma balı hasil edən arı yox.
_
O tanıdı, mən tanıdım, sən tanı,
Mən hardayam, sən hardasan, o hanı.
Göz gördükcə nahaq basır dünyanı,
Hərdən elə düşünürəm, Tarı yox.
_
Hədər yerə çənə yorma, biz buyuq,
Cəhalətin, səfalətin dostuyuq.
Dərdin axı kimə desin ac toyuq,
Heç olmasa, yuxuda da darı yox.
_
Fikrət sanki bülbüldur, qəfəsdədi,
Kimi gördü, kömək üçün səslədi.
Hər yetəni özü bilib istədi,
Hərçənd, onu yarı sevdi, yarı yox.


***

SƏNi DÜŞÜNÜRƏM MƏN

Səni düşünürəm mən...
Gözlərimi yumuram, xəyalını görürəm.
Açıram,
qarşımda gül camalını görürəm,
Səni düşünürəm mən!
_
Səni düşünürəm mən...
Yanımdan yel əsəndə,
İstidən yanaqlarım al qırmızı rəng alır.
Qışda,
qarda,
soyuqda
buz kimi, çovğun kimi
soyuq məni kəsəndə
səni düşünürəm mən!
_
Səni düşünürəm mən...
Kefim kök,
əhvalım da şən.
İçimdə bir həyəcan,
Damarlarda gərilmə,
Gözlərimdə qızartı,
Həsrət üzəndə məni
birbəbir, ilmə-ilmə,
çoxalır saçımda dən.
Əsir dizlərim, çənəm,
dəyişilir əhvalım.
Dəyişməyir qərarım:
Çünki hər an, hər vədə
Səni düşünürəm mən!
_
Səni düşünürəm mən...
Soyuq bürüyüb məni,
narın-narın qar yağır,
yollar dönübdür buza,
Əli Kərim demişkən,
inan ki, hər baxanda
"büzmə dodaq bir qıza",
Səni düşünürəm mən!
_
Səni düşünürəm mən...
Sərin bir yaz səhəri,
çiçəklər ətir saçır,
günəş işıqlandırır
bütün kəndi, şəhəri.
Bir əks-səda kimi
qulağıma gəlir səs.
Nə qədər düşünürəm,
nə qədər yaşayıram,
nə qədər ki, ciyərim
alıb-verəcək nəfəs,
Səni düşünürəm mən!
_
Səni düşünürəm mən...
Məndən çox uzaqdasan,
əlim də çatmır axı,
ünüm də yetmir sənə.
Bunu anlamaq asan.
Maraqlıdır, əzizim,
bu necə bir sevgidir?
İzah edim gəl sənə:
Sən mənim yanımdasan,
Səni düşünürəm mən!
_
Səni düşünürəm mən...
Olsa payız, olsa qış,
olsa yayla yaz, gülüm.
Yaşıl bir çəmən kimi,
ara, soruş, gəz məni.
Sənə gələn bu yolda,
soyuq, isti, yağış,
qar qorxuda bilməz məni.
Amma bir istəyim var,
al əlinə bir qələm,
bir də kağız parçası,
Sevə-sevə yaz, gülüm:
"Səni düşünürəm mən!"
_

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930