Ələsgər Əlioğludan balalara hədiyyə: - 2 hekayə, 1 nağıl
Arıların təzə ev-eşiyi
(Hekayə)
Vüsal çəpərin qırağındakı qarağacın yanından keçərkən arıların burada kom bir halda vızıltı saldığını görüb ayaq saxladı. Arılar ağacın aşağı budaqlarından birinə daraşmışdılar. Vüsal qorxub bir az kənara çəkildi və cəld babasının yanına qaçdı:
-Baba,baba, orda bir kom arı var!
-Harda, ay Vüsal?
-Çəpərimizin yanındakı qarağacın budağında...
Baba Vüsalın deduyi yerə gəlib baxdı və nəvəsinə dedi:
-Hə... Əziz balam, arılar beçə verib. indi onları sakitləşdirərəm...
-Beçə nədir, baba?
-Yadına gəlirmi, iki il qabaq əmingilin özlərinə təzə ev tikdirib bizdən ayrıldıqları?
-Bəli, baba!
-Niyə ayrılırdılar? Bir yerdə yaşayardıq də.
-Axı evimiz bir az balaca idi... Əmimin bəbəsi bəzən azacıq səs-küyə yuxudan qalxıb ağlayırdı...
-Ay sağ ol, düz tapdın. Evimiz iki ailə üçün darkeş idi. Əmingil də ona görə təzə ev tikdirib ayrıldılar. Arılar da insan kimidir. İndi bu arıların ailəsində də sıxlıq yaranıb. Onlara da təzə ev-eşik lazımdır... Görünür darısqallıqdan heç havaları da çatmır. Onlar da insanlar kimi rahat ev-eşikdə yaşamaq istəyirlər.
Baba bir boş arı yeşiyi gətirib qoydu qarağacın beçə qonan budağının altda. Sonra şərbət düzəldib yeşiyin boş şanlarına və ağızlığına çilədi...Budağı bir-neçə dəfə ehtuyatla yeşiyin içinə silkələdi.. Ana arının da yeşiyə düşdüyünə tam əmin olduqdan sonra qapağı örtdü..
Bir azdan qalan arılar da vızıltı sala-sala yeşiyin ağızlığından içəri doluşmağa başladılar...
Vüsal gülümsəyə-gülümsəyə ucadan səsləndi:
-Təzə eviniz mübarək olsun, ay arılar!
29.11.2024
Azmış durnanın nağılı
(Nağıl)
Payızın soyuğu hiss olunurdu. Quşların köçü başa çatmaqda idi. Bu zaman bir durna dəstədən gen düşmüşdü. Indi hansı səmtə uçacağını bilmirdi... Elə havada dövrə vura-vura qalmışdı... Birdən qarşısına bir bulud karvanı çıxdı.
O, üzünü bulud karvanına tutdu:
-Hara belə gedirsiniz, ay buludlar?
Bulud topalarından biri dilləndi:
-Biz getmirik,gəlirik. Hamımız da qarla, buzla, çən-çisəklə yüklüyük... Gəlişimizlə qışı bu ellərə gətiririk...Gəl bizə qoşul, göy üzünü gəzək, dolaşaq!..
-Yox, mən sizə qoşula bilmərəm. Amma hansı səmtdən gəlirsiniz ,onu mənə göstərin. Mənim öz yoldaşlarım var, onları gəzirəm...
Həmin bulud topası uçub gəldikləri səmti durnaya göstərdi. Durna bulud karvanıyla xudahafizləşib, onların gəldikləri səmtə qanad çalmağa başladı... Beləliklə, gecə-gendüz uça-uça bir neçə günə gəlib öz dəstəsini tapdı...
29.11.2024
Dəmyə torpqlar
Hekayə
Balaca Vüsal ilk dəfə idi ki, dağ kəndində yaşayan əmisigilə qonaq gəlmişdi. Bir səhər əmisi onu yal-yamacda gəzintiyə çıxartdı..Dağların döşündəki taxıl zəmilərini və kartof sahələrini görən Vüsal əmisindən soruşdu:
-Əmi, bu dik yerlərə su necə çıxır, necə axıb gəlir?
Əmi dedi:
-Qəçəng bala, bu yerlərdə nə arx olur, nə də arxla su gəlir?
-Əmi, bəs onda sahələr nə yaxşı quruyub getmir?
-Ona görə quruyub getmir ki, suvarılır.
-Axı necə suvarılır?
-Əziz balam, buraya su arxlarla yox, buludlarla gəlir. Bu yerlərə su gətirən buludlardır . Bu yerlərin, suçusu da elə buludların özüdür... Buradakı torpaqlar dəmyə torpaqlar adlanır.Yəni yağış suyu ilə becərilən torpaqlar... Ancaq buludların hesabına sahələrdən bar götürülür.
Vüsal bir az fikrə getdukdən sonra başını tərpədərək dilləndi:
-İndu başa düşdüm, əmi!
25.11.2024