manera.az
manera.az

Bir şair qalacaq xatirələrdə - Mirzə Əsgərovun şeirləri

Bir şair qalacaq xatirələrdə - Mirzə Əsgərovun şeirləri
MANERA.AZ Mirzə Əsgərovun yeni şeirlərini təqdim edir.

MƏNİM ÜRƏYİM

Düşünüb, daşınıb yəqin etmişəm,
Vallah pəhlivandı mənim ürəyim,
Bu sadə, zəhmətkeş, məğrur ömrümü
Uğrunda çox yandı mənim ürəyim.

Sinəmdə çalışan sadiq nökərdi,
Ağrısı, acısı dünya qədərdi,
Onda iz açandan Qarabağ dərdi,
Bir “şəbu-hicran"dı mənim ürəyim.

Həyat çeşməsidi, çağlayır canda,
Təmizdi, ülvidi, eyni zamanda,
Yaxşı adamların yeri var onda,
"Fəxri Xiyabandı" mənim ürəyim.

Ömrün qürubuna yan alıb yaşım,
Şam kimi sönküyür, zehnim, yaddaşı
Gözüm nurdan düşür, ağarır başım,
Hələ də cavandır mənim ürəyim.

Mirzə söylər məramını müxtəsər
O sönsə həyatda, günəşdə sönər
Mən ona borcluyum dünyalar qədər
Məni yaşadandı, mənim ürəyim.

AXTARMAYAQ

Qəlbin gözəlliyi saflığındadır.
Təmiz niyyətlərdə toz axtarmayaq.
Ürək döyünürsə, yanır deməli,
Qaynar sinələrdə buz axtarmayaq.

Əkək, bağ eyləyək, adi daşlığı,
Ömürdən keçməsin əməl boşluğu,
Hər kəsə göz nuru, könül xoşluğu,
Ürək sındırmağa söz axtarmayaq.

Mən sənə, sən mənə gəl həyan duraq,
Gözdən yad olmayaq, könüldən iraq,
Özümüz od olaq, ocaq yandıraq,
Sönmüş ocaqlarda köz axtarmayaq.

Ay Mirzə, sözünə məna ver qağa,
Ömürdən pay olmaz, candan sadağa,
Yaşayaq, yar olaq, elə, oymağa,
Bizi axtarsınlar, biz axtarmayaq.

DEMİRƏM, DEMİRƏM

Ay bu “evi” tikən usta,
Tikdin, qaldıq təkan üsta,
Bülbül ölüb tikan üstə,
Gülə demirəm-demirəm.

Ürək teli sarı sim,
Ömür keçib, qarı sinn,
Dilim, ağzım qurusun,
Elə demirəm-demirəm.

"Xan Çoban", Muğan balası,
Tökməsin gözün qorasın,
Ölməyib, durur Sarası,
Selə demirəm-demirəm.

Döyüb çıxardıb dəmrimi,
Söndürüb, saxlar kömrümü,
Aylar sümürüb ömrümü,
İlə demirəm, demirəm.

Sevib, seçəcəm dərdimi,
Əkib-biçəcəm dərdimi,
Bir gün açacam dərdimi,
Hələ demirəm, demirəm.

DEYƏMMƏDİM

Küləfirdə dən sovurdum,
Sac asdım, qorğa qovurdum,
Unundan xəmir yoğurdum,
Çörəyini yeyəmmədim.

Ürəyimə güman əkdim,
Göyərmədi, uzun çəkdi.
Ümidimə payız çökdü,
“Cücələri” sayammadım.

Dözdüm ki, səbrim böyükdü,
Səbrimdən qəbrim döyükdü,
Bu qəbrin üstə heyif ki,
Bir gül tapıb qoyammmadım.

Bu gecə hansı gecədi,
Yarısı şam, yarısı gecədi,
Bu ömrün hamısı gecədi,
Gündüzünə uyammadım.

Dünya Nuhun xarabası,
Can daşıyır arabası,
Min bir sirri, müamması,
Gəldim, getdim duyammadım.

Mirzə, etdin puç, anları,
Çatdı fəslin köç anları,
Öz qəlbimdən keçənləri,
Öz adıyla deyəmmədim.

APARIR

Ömür qısa, əcəl namərd,
Boynumuza kəsilib kərt...
İçimdən keçib gedən dərd,
Başımdan ağıl aparır.

Məni mum edən əzabın,
Varmı çəkən, haqq-hesabın?
Ömür yazılmış kitabın,
Mənasın nağıl aparır.

Ümid canda sonuncu bar,
Ara-sıra mürgüsü var,
Gözümdən köçən yuxular,
Yükündə noğul aparır.

Köç mənzilə qaçaq gedir,
Qoca qalır, uşaq gedir,
Ataya bax, nə şax gedir,
Çiynində oğul aparır.

Qılıncı baş kəsən qanun,
Kimə şərtdir, kimə zamın,
Nataraz duran dünyanın,
Hörgüsün şaqul aparır.

PAYIZ YAĞIŞI

Bu gün hisslər üzgün, duyğular kövrək,
Xəyallar içində çırpınır ürək.
Şovğunla, küləklə köməkləşərək,
Döyür pəncərəmi payız yağışı.

Uğursuz sevdamın qara xəbəri,
Göynədir qəlbimi illərdən bəri.
Oyadıb o küskün xatirələri,
Döyür pəncərəmi payız yağışı.

Çalır ürəyimi sınıq tar kimi,
Səslər sızıldaşır ahu-zar kimi...
Ruha dərd gətirən mahnılar kimi,
Döyür pəncərəmi payız yağışı.

Çölün uğultusu, çayın axarı,
Cəmləşib o səsdə yarıbayarı...
O mənim ömrümün qəm akkordları,
Döyür pəncərəmi payız yağışı.

Salıbdı uyğumu o pərən-pərən.
Məndən nə istəyir, nə umur görən.
Axı nəyim var ki, mən ona verəm,
Döyür pəncərəmi payız yağışı.

Qərib gecələrin qürbət quşuyam,
Ömrü daş yollarla başa daşıyam.
Qoymur bu gecəni rahat yaşıyam,
Döyür pəncərəmi payız yağışı;
Döyür pəncərəmi payız yağışı...

XATİRƏLƏRDƏ

Gəldikcə xəyala ömrün ilk çağı,
Nisgillə dolacaq könül varağı.
Uşaqlıq həsrəti,gənclik sorağı,
Həmişə olacaq xatirələrdə.

Həyat məhəbbətdən alır ilkini,
Yalançı sevdalar ötür yel kimi.
Vəfasız gözəlin əhdi gül kimi,
Saralıb-solacaq xatirələrdə.

Əfsanə görmüşəm dünyanı əzəl,
Ocaqdan kül qalar, yarpaqdan xəzəl.
Mirzəni həyatdan alsa da əcəl,
Bir şair qalacaq xatirələrdə.


Baxış sayı - 197 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031