manera.az
manera.az

Göydə Allah, yerdə sən - Əbülfət Mədətoğlunun şeirləri

📅 01.01.2020 13:17

Göydə Allah, yerdə sən - Əbülfət Mədətoğlunun şeirləri
Manera.az tanınmış şair Əbülfət Mədətoğlunun şeirlərini təqdim edir:

Dağlar, məni gözləməyin

Üzümü sizə tutmuşam,
Ot bitən - izə, tutmuşam...
Dərdimi üzə tutmuşam -
Dağlar, məni gözləməyin...

Çax-çaxam - baş ağrıdıram
Yerdən qoymur, ağrı, duram!
Ömrü boşa bağırdıram -
Dağlar, məni gözləməyin!

Qəlbimdən axan qara qan
Yaradı vallah, yara, qan!
Bezibdi məndən Yaradan -
Dağlar, məni gözləməyin!..

Dizimdən təpər, candan qor
Tükənir, artır gözdə tor!
Məni həmənki kimi gör! -
Dağlar, məni gözləməyin...

Bir qərib ahdı çəkilən
Qəmli, şər vaxtı çəkilən!
Çarmıxa baxdı - çəkilən,
Dağlar , məni gözləməyin!

Özümü yenib, gələcəm...
Şam kimi sönüb, gələcəm!
Ruh kimi dönüb, gələcəm -
Dağlar, məni gözləməyin!

Ürək ağrısı

Hər ağrının öz dadı var
Baldı, ürəyin ağrısı...
Anlayıb, duymayan kəsə -
Laldı , ürəyin ağrısı!..

Baxa-baxa bu zalıma
Cavab gəzir sualıma...
Yetənəcən vüsalına -
Kaldı, ürəyin ağrısı...

Qucaqlayıb bir daşı tək
Gileyləndim bir naşı tək!..
Mənimlə can sirdaşı tək -
Qaldı, ürəyin ağrısı!

Səssiz qoşub vaxt xoruna
And içdirdi , bəxt goruna!
Əbülfəti öz toruna -
Saldı, ürəyin ağrısı!

Dünyada

Sevinməyə nə qığılcım, nə qor var,
Bu dumanlı, bu çiskinli dünyada...
Ölmək üçün nə bir bucaq, nə gor var -
Bu gumanlı, bu nisgilli dünyada...

Göz görənə ağıl hələ şübhəli,
Söylənilən nağıl hələ şübhəli...
Əl xəlbirsiz, daxıl hələ şübhəli -
Bu qaçqınlı, bu miskinli dünyada...

Kül içində köz axtarmaq bir ümid,
Mənim üçün ən əlyetməz Pir - ümid!
Qorxağı da şir eləyir, şir, ümid -
Bu bacalı, bu tüstülü dünyada.

Ola bilər cümlə kəskin, söz quru
Yazılanlar ürək səsi, göz nuru!
Nə yaxşı ki, çeşmələr var dupduru -
Bayatılı, şikəstəli dünyada!..

Dua

Mənim dualarımı -
Gözmuncuğu say , gülüm...
Bu dualar ömürdən -
Paydı sənə, pay, gülüm!

Qaldım quyu dibində
Əlim "Unut! " -
cibində...
Adım varsa dilində -
Hay ver mənə, hay, gülüm...

Üfürülüb şişəcək
Ahıma şeh düşəcək...
Ağzımda dil bişəcək -
Belə getsə tay, gülüm...

Qəlbi taxtından devir
Hər gün başına çevir...
Əbülfət məni sevir! -
Deyib, bunu yay, gülüm!

Başqa kimə sığınım

Çiçəksən - tər yerdəsən
Ruh kimi hər yerdəsən...
Göydə Allah , yerdə sən -
Başqa kimə sığınım?!

Dodaqdakı balınla -
Ömürsən , hər halınla...
Mən bu ürək zalımla ,
Başqa kimə sığınım?!

Haqsan, mən də bəndənəm
Sənlə yarı - lap tənəm!
Paralanmış vətənəm -
Başqa kimə sığınım?!

Bəxtim yönü günədi,
Baxma sısqa - künədi!
Səndən tək bir dənədi -
Başqa kimə sığınım?!

Nuhdan öncə Azıxdı
Sinəm ləklək - qazıxdı...
Bu Əbülfət yazıxdı -
Başqa kimə sığınım?!

Dan üzünün istəyi

Qopmuşam, külək əlində
Yarpağam, yarpağam, yarpaq...
Qoyma ayaqaltı olum -
Sıx məni bağrına yar, bax...

Gör necə ovulur ruhum
Hər ögey baxış altında...
Döyülmüş uşaq tək durdum -
Qəm adlı yağış altında...

Əlimi açdığım Allah,
Dilimin döndüyü adın...
Bu sevgini yaşamağa -
Məni sən doğmusan, QADIN!

Anladıqca BİRİ , səni
Çəkilir gözümdən tor, bax...
Sevgisiz buraxma məni, -
Qucağın açıbdı torpaq...

Gecikmiş etiraf

Məni bağışla...
üzündəki təbəssümə...
kipriyindəki
iki damla yağışa...

bağışla ki,
mən indi bildim
dünya nə imiş...
gercək bildiyim
əfsanə imiş -
duyanlar üçün...

mən indi bildim ki,
ağda qara var...
göydən o yanda da
özgə hara var -
duyanlar üçün...

mən indi bildim ki,
ürək nə imiş -
Tanrı məktubudu -
göylərdən gəlmiş -
duyanlar üçün...

mən indi bildim ki,
kimsəndi gülüm,
mən biçim bəndə...
və bir də
bildim ki,
gəlirmiş ölüm -
hər şeydən
doyanlar üçün...

Ürəyim

Xışlanır səs - səmirsiz
Görüş yeri - ürəyim...
İndi olub dərdlərə -
örüş yeri - ürəyim!..

Bu ağır daşlarıma...
Çatılmış qaşlarıma,
baxıb . göz yaşlarıma -
Yeriş yeri . ürəyim!..

Ömürmü var, həsr edəm
Bir alınmaz qəsr edəm?!
Sən olmusan həsrətə -
Bir iş yeri, ürəyim!..

Acıya da, bala da
Dilliyə də, lala da...
Yaşadığım hala da -
Giriş yeri ürəyim...

Əbülfət eşq yolunda
Görüb ölüm - olum da!
Hələ qalır qolunda -
Kiriş yeri , ürəyim...

Fikir bölüşmək

Yanaqlarımda quruyan
Sıxılmış kiprik suyudu!..
Arxamca baxıb , ulayan -
Dərd özü də kor quyudu!..

Yolun harası yarıdı
Sağım, solum ki, barıdı?!
Fikrim dağılmış darıdı -
Hər dən . bir yanda uyudu...

İçimdə təpər - xəşəmdi...
Dərd , qəmə çəpər - peşəmdi!..
Həsrət bu səfər - beşəmdi -
Görəsən kimin toyudu?!

Əbülfət olmaq - zülümdü !
Hər gün sovrulan külümdü...
Sən də elə vur külüngü -
Qoy desin sinəm oyuldu!..

Sənə keçmişdən məktub

Bəlkə
mənim ola bilmədin
bəlkə də istəmədin
bəlkə də...
yox!..

Sənin ola bilmədim
bəlkə də çox istədim
bəlkədən çox!

Mənim ola bilməyən
Sənin ola bilənin
"bəlkə"-dən aslı qalıb
bəlkə də...

Bəlkə də bu səbəbdən
Tərəddüdlər edirsən...
Ölüm səndən aldığın -
ziyarətə gedirsən,
bəlkə də, yox...

Düşən ümid yarpağı

Günümə bax, hər səhər
Hər axşam diz üstəyəm...
Gözdə yaş, qəlbdə qəhər -
Bitməz yol, iz üstəyəm...

Duman bürüyən dağın
Barı çürüyən bağın...
Əkib gəldiyim tağın -
Xəyalən düz üstəyəm!

Yurdsuzluq, qaçqınlıq ah ...
Hara sığar bu günah?!
Üzüm gəlmir ki, Allah -
Səndən ,mən üz istəyəm!...

Qarabağ - dolaşıq kod...
Susuz balıq, külsüz od!
Ot yoldurur , mənə ot -
Tikan, həm köz üstəyəm!


***
Hər bəndənin Ah payı var,
Savab, həm Günah payı var.
Allahın bir Şah payı var -
Mat olana...

Göz yaşıyla damcı birdi,
Hər kəsdə fərqli bir sirdi.
Yürüş fərqli, qamçı birdi -
At olana...

Verməyəsən günü heçə,
Gün görəsən, gün də keçə!
Ömür cəza dərdi neçə -
Qat olana...

Əbülfət eşq binəsində,
Bilir eşqin kinəsin də.
Dərman gərək, sinəsində -
Çat olana...

Qocalır

Mən ömür içində ömür əridib
Mən günün içində gün kiridirəm...
Sevginin əlindən tutub yeridib -
Ölməyə qoymayıb qəm dirildirəm...

Siz də yaxınlaşın təsəlli üçün
Məni hər çəkdiyim gün "ah"a bükün...
Sevməkdi günahım vallah, büsbütün-
Siz məni elə bu günaha bükün...

Həyat zərbələri qılıncdan da sərt
Ürəyin tüstüsü ərşə ucalır...
Deyəsən tamamdı kəsilən o şərt -
Qocalır Əbülfət, yaman qocalır...

Təqdim etdi: Tural Adışirin


Baxış sayı - 1 350 | Yüklənmə tarixi: 01.01.2020 13:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031