manera.az
manera.az

Göyərçin Dili - Elçin Məhərrəm / Manera.az

Göyərçin Dili - Elçin Məhərrəm / Manera.az
MANERA.AZ Elçin Məhərrəmin "Göyərçin Dili" mono pyesini təqdim edir.

Ölərkən belə ismini söyləmək istəməyən bu insanın ruhundakı ümidsizlik çox dərindi.
( L.Andreyev- Qırmızı Qəh-qəhə )


( Ruhi dispanserin palatası. Səhnəyə yataq qoyulub. Yatağın yanında çamadan var. Aktyor yataqda arxası tamaşçıya tərəf oturub. Xəstə paltarındadır. Aktyorun əlləri çarpazvari formada qoltuğunun altındadır.Lakin bağlı deyil. Fonda gərgin musiqi səslənir. Musiqi azalır sonra qırıcı səsi gəlir.Qırıcı səsi kəsilir. Göyərçin qurultusu eşidilir. Aktyor qəfil yerindən qalxır və səhnənin mərkəzinə gəlir. )

Aktyor– O nə qurultudu elə ? ( ətrafa göz gəzdirir ). ( Göyərçin səsi- Qurr ) Hə tanıdım səni. Nə yaxşı gəlib yenə qondun pəncərəmə ? Keçən dəfə də gəlmişdin, ancaq tez uçub getdin. Heç tanış ola bilmədik. Mən sənətkar, dahi teatr aktyoru Bacarıq İstedadoğlu. (əlini qabağa uzadır) (Göyərçin səsi –Qurr).Çox üzr istəyirəm sənin ki, əlin yoxdur. (Aktyor qulağını zala tərəf şəkləyir) (Göyərçin səsi) Hə , necə aktyor ? Sənətkaram mən.

(razılıqla) Bizə bu istedad genlə keçib. Mənim babam da sənətkar olub. O dünyanın məşhur kinorejisorlarından biri idi. Hə...O, Andrey Tarkoviski idi.

(Göyərçin səsi –Qurr). Yox, yox yalan demirəm. Sözlərimə inan. Bəs sən kimsən ? (qulağını zala tərəf şəkləyir) (Göyərçin səsi –Qurr- Qurrrr ) Bəyaz göyərçin, aha, nə dedin ? Hər səhər ordan bura uçursan, çünki bura top atılmır. Aha. Bəs anan - atan ? (qulağınızala tərəf şəkləyir) (Pauza) Yaxşı, Bəyaz göyərçin, üzülmə...üzülmə.

Gəl sənə bir sual verim, bir az gülək. (əllərini ovuşdurur ) Səncə, ən sakit hind quşu hanısıdır? (qulağını zala tərəf şəkləyir) Bilmirsən ? Onda mən deyim. Sobada qızardılmış hind quşu (qəh-qəhə çəkir) (Göyərçin səsi –Qurr- Qurrrr) Yox, qətiyyən mən sənin qohumlarını təhqir etmirəm. Küsmə məndən. Başını da yana çevirmə.

(Qırıcı səsi gəlir. Aktyor tez yatağın altına girir.Səs kəsiləndə çıxır)

Qorxmadın ? ( Pauza) Yox, elə mən də qorxmadım. Sadecə bu dəfəki təyyarə yerə bir az daha yaxın uçdu deyə diksinən kimi oldum. Həm də nədən qorxmalıyam? Mən ki imperator Neronam. (Göyərçin səsi –Qurr- Qurrrr) (qulağını zala tərəf şəkləyir) Yenə inanmırsan? Kim təyin edib ? Elə mən özüm. Nə vaxt olub ? 1 ay bundan qabaq.

Necə olub ? Yaxşı, qoy sənə danışım. Bir gün teatrın direktoru hamıya açıq havada mono-tamaşa hazırlamalarını tapşırdı. Həm də dedi ki, mövzu seçməkdə sərbəstsiniz. Mən də ki, hökmdar adamam. Dedim elə qoy genimə yaraşan bir simanı canlandırım. Bax bu sehirli çamadanı götürüb başladım uyğun yer gəzməyə.

(Yaxınlaşıb xəyali çamadanı açır. Guya içindən kostyumu çıxarıb geyinir, başına papaq qoyur və çamadan əlində yerində yeriməyə başlayır. Fonda Çarli Çaplinin“ Modern Times” filminin musiqisi səslənir. Aktyor dayanır. Musiqi kəsilir.)

Axır ki, özümə uyğun bir park tapdım. Açdım çamadanı. (Xəyali çamadanı açır heçnə tapmır sonra yatağın üzərindəki örtüyü (adeyal) götürüb üstünə atır–imperator paltarı geyinir ). İmperator paltarını geyindim. (Yeriməyə başlayır ) Bəyaz göyərçin, elə bil bu paltar əyinmə tikilib. Bir anda döndüm oldum İmperator Neron (gülür). Parkda qurulan mənasız körpünün üstünə çıxdım. (Yatağın üstünə çıxır).

Ey mənim səfil qullarım, eşitdim siz üsyan çıxarıb, narazılıq edirsiniz. Biz artıq Nerona sadiq deyilik, deyə fikirlər söyləyirsiniz. Müharibələrdə savaşmaqdan qaçırsınız. Uydurma Allahlara pənah gətirirsiniz. Siz bilirmisiniz ki, sizin Allahınız mənəm ? Sizin büzüşmüş canlarınız, mənim dilimdən çıxan sözdən asılıdır. Əsgərlər, atın bunları balıqlara!

Tez olun ! (əmr) (Göyərçin səsi –Qurr- Qurrrr) (qulağını zala tərəf şəkləyir) Yox, yox əsgərlər gəldi. Amma onları tutmaq yerinə, məni tutub bura saldılar. Yaxşı ki çamadanıma toxunmadılar. Sonra...Sonra dedilər ki, sən dəlisən. Səndə...Səndə şəxsiyyət bölünməsi var. ( xəyali çamadanın içindən maska çıxarır, taxır sonra onu çıxarıb başqasını taxır.)

Mən onlara izah edə bilmədim ki, mən dəli yox aktyoram. Hə...Hə..aktyor. (maskanı çıxarır) Ordan həkimlərdən biri qayıdıb deyəsən ki: (Həkimin dili ilə) “Nə fərqi var ? Dəli, ya aktyor ” .Həkimi əlimdən güclə aldılar (əsəbi). (Göyərçin səsi –Qurr- Qurrrr ) (qulağını zala tərəf şəkləyir) Bəyaz göyərçin, elə bilirsən demədim? Dedim ki, açın sayta baxın. İşçi kimi qeydiyyatım var. Dedilər ki, 3-cü Dünya müharibəsi çıxandan internet kəsintisi yaranıb (məyus)

(Qırıcı səsi gəlir. Aktyor tez yatağın altına girir. Səs kəsiləndə çıxır)

Hə, burdasan. Elə bildim uçmusan. (Göyərçin səsi –Qurr- Qurrrr) (qulağını zala tərəf şəkləyir) Nə dedin ? Bəs teatrdakılardan niyə soruşmayıblar ?? Çünki...çünki (qəhərlənir) Teatrdakıların hamsını qadın-qoca demədən müharibəyə aparıblar. Görəsən, onlar indi neynir ?

(Qırıcı səsi gəlir.Ardınca ard-arda raket səsi gəlir .Aktyor tez yatağın altına girir Səs kəsilir.Öskürə-öskürə yatağın altından çıxır)

Deyəsən, buranı vurdular (şok –ləng yeriyir) Bəyaz göyərçin, hardasan, ey sülhün carçısı? Pəncərənin dəmirləri qırılıb. Sən artıq içəri girə bilərsən. (Aktyor pəncərədən aşağı baxır və göyərçinin cəsədini görür) Bu zarafatdır, hə? (dəli kimi) Sən ölməyibsən.Yoox...Yooox. Sən də aktyor olmaq istəyirsən. Ona görə özünü ölülüyə vurmusan.

Oskarlıq bir performans. Gözlə qanadlarımı taxım gəlirəm. ( Yatağın üzərindəki örtüyü götürüb çiyninə salır ). Uçaq gedək teatra. Orada sonuncu tamaşamızı göstərək. Sonra çıxaq, dolaşaq dünyanı sən “Göyərçin dilində” danış insanlarla. Mən də sənə tərcüməçilik edim. Təbii ki, əgər İNSAN tapa bilsək...

(Aktyor özünü pəncərədən aşağı atır)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031