Mirsənan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunanda onu yaxından tanıyanların heç biri təəccüblənmədi. Çünki hələ lap kiçik yaşlarından o, istedadı ilə seçilirdi. Bu bacarıq ona irsən keçib, qanla verilib. Yazımın qəhrəmanı Mirsənan Kazımlı 1998-ci ildə tanınmış aktyor və rejissor, Əməkdar artist Nicat Kazımovun ailəsində doğulub.
Atasının çalışdığı Dövlət Gənc Tamaşaçılar Teatrına uşaq yaşlarından tez-tez gələn Mirsənan məşqləri, səhnə əsərlərinin hazırlanması proseslərini izləyib, görkəmli aktyor və rejissorları daha yaxından müşahidə etmək imkanı qazanıb. Rejissorlar da bu balaca oğlanın sənətə marağını, istetadını duyublar və ona etibar ediblər. Mirsənan əvvəlcə Dövlət Gənc Tamaşaçılar Teatrının, sonra isə bir müddət Akademik Milli Dram Teatrının səhnəsində rollar oyanyıb.

Gənc aktyorun səhnəyə yolu “Məkkəyə gedən yol”dan keçib. Böyük yazıçı-dramaturqumuz Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsəri əsasında hazırlanan bu tamaşada quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova Mirsənana əsərin baş qəhramanı Əhməd rolunu tapşırıb və tənqidçilərin fikrincə, onun debütü uğurlu alınıb. Orta məktəbdə oxuduğu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində Mirsənan Kazımlı “Şelkunçik”də Mələk,Aşbaz,Peçenya əsgər, "Şeyx Sənan”da Cocuk, "Müsyö Jordan və Dərviş Məstəli şah" Kəndli oğlan, "Tanrıya 14 məktub”nda Oskarın ruhu obrazını canlandırıb. İstedadlı tələbə eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hazırlanan "Xeyir və şər” tamaşasında Vəzir,"Dəli yığıncağı”nda Fazil Məhəmməd, "Hərə bir qəhrəman oldu”da Qəhrəman, "Teleskop”da Həkim, "Hamlet”də Horatsiyo, "Otello”da Yaqo kimi bir-birindən fərqli rollar oynayıb.
Mirsənanın uğurlu işlərindən biri də uzun illər Akademik Milli Dram Teatrının repertuarından düşməyən H.Mirələmovun “Gəncə qapıları” tamaşasında Səlim obrazı olub. Həmin tamaşada Mirsənan Kazımlı teatr və kinomuzun görkəmli sənətkarı, Xalq artisti Rafiq Əzimovla tərəf-müqabil olub.

Uşaq yaşlarından qazandığı bu uğurlar Mirsənanı arxayınlaşdırmır və öz üzərində daha əzlə çalışmağa sövq edir.hazırda 3-cü kursda oxuyan Mirsənan Fikrət Məlikov, Gümrah Ömər, Nadir Hüseynov, Pərviz Məmmədrzayev kimi sənətkar və pedaqoqlardan sənətin incəliklərini öyrənir, hər zaman axtarışlar aparır. Bu yaxınlarda Mirsənan özünü kinoda da sınayıb və bu sahədə debüt edib. Kinorejissor Elşən Zeynallının “Soyuq Günəş” filmində Yarmət roluna çəkilib.
Tələbə-aktyor 2016-cı ildə Yunanıstan Respublikasına teatr festivalında "Xeyir və şər” tamaşasında Vəzir, 2018-ci ildə Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib,2018-cu il Rusiya Teatr Sənəti İnstitutunda "QİTİS – ustad dərsi” adlı festivalda "Otello”da Yaqo obrazlarında uğurla çıxış edib və eyni zamanda Avstryada uğurlu çıxış edən Mirsənan Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dahi şair-mütəfəkkir Nəsimin 650 illiyi münasibəti ilə təşkil etdiyi tədbirdə bədii qiraətçi kimi iştirak edib və çıxışı uğuru alınıb. Gənclər və İdman Nazirliyinin “Tələbə baharı” ümumrespublika gənclər yaradıcılıq festivalında fəal iştirakı da tələbə-aktyora alqış və mükafat qazandırıb.
Sənət müəllimləri, onu yaxından tanıyanlar inanır ki, yazımızın qəhrəmanı Mirsənan Kazımlı gələcəkdə daha böyük uğurlar qazanacaq və istedadlı aktyor kimi ailə ənənəsini layiqincə davam etdirəcək.
Turan Etibaroğlu
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.