manera.az
manera.az

Eşqdən gələn bəla səfadı cana - Sərraf Talıbın şeirləri

Eşqdən gələn bəla səfadı cana - Sərraf Talıbın şeirləri
MANERA.AZ Sərraf Talıbın şeirlərini təqdim edir.

MUĞAM HAVASIDI, MUĞAM VAXTIDI

Yenə asimanla qucaqlaşıb yer,
Dənizdən günəşin doğan vaxtıdı.
Yeri balasıtək yalayır külək,
Muğam havasıdı, muğam vaxtıdı.

Keçdik qaytağıdan, keçdik cəngidən,
Bu yerin küləyi, yeli sərgərdan.
Qurtulub hikkədən, hirsdən, öfkədən,
Muğam havasıdı, muğam vaxtıdı.

Ayrılmaq istəmir ay işığından,
Gecə pərdəsindən-yaraşığından.
Sübh çağı əzabla söküləndə dan,
Muğam havasıdı, muğam vaxtıdı.

İsa bulağıtək oxu, Xan əmi,
Atəşgahdan boylan, Süleyman əmi,
Canəli oyatsın cümlə-aləmi,
Muğam havasıdı, muğam vaxtıdı.

Eşqdən gələn bəla səfadı cana,
Ürəyim od tutsun çatsın canana,
Səs düşsün ahımdan iki cahana,
Muğam havasıdı, muğam vaxtıdı.

Ovudun səbrimi, basın səbrimi,
Şurda, Heyratıda asın səbrimi.
Kəsin kəfənimi, qazın qəbrimi,
Muğam havasıdı, muğam vaxtıdı.

Bir səs eşidirəm, sanki əsirdir,
Ruhumu titrədən səs nə sirr idi?-
Yoxsa göydən gələn "nəfxi-sur"¹ idi?
Muğam havasıdı, muğam vaxtıdı...

1-“nəfxi sur” (surda çalınma-Quranda)

BİR DAŞ MƏNDƏN GƏLDİ

Biri sağdan, biri soldan,
Bir daş da öndən gəldi.
Yerə baxdım, göyə baxdım,
Bir daş da gendən gəldi.

Biri ağdır, biri qara,
Düzəlmir ki, qəlbi qara!
Nə olsun ki, dəyir hara,
Bir daş da səndən gəldi.

Əl uzatdım əlim boşda,
Söz ürəkdə, dilim dişdə.
Üz döndərdi məndən daş da,
Bir daş da cindən gəldi.

Sığalladım qara daşı,
Daşa döndü könlüm başı.
Dünya müdrik, mənsə naşı,
Daşmı oldun, daş, qardaşım?
Bir daş da məndən gəldi.

YAR PROBLEMİ

Çalış gecə-gündüz, nə xeyri var ki,
Günəşin, ayın da var problemi!
Haqqa nahaqq demək hünər deyil ki,
İnsanı yandırar ar problemi!

Yağışı havalı, küləyi dəli,
Nə yayı bəllidir, nə qışı bəlli,
Allaha qalıbdır bunların həlli,
Tək qışın dərdimi qar problemi?

Gələndə müşküllər üst-üstə gəlir,
Biri tez-tez, biri ahəstə gəlir.
Gözünü açmamış bir dəstə gəlir,
Başını ağrıdır yer problemi.

Qar enir zirvədən, çölə qovuşur,
Çay dənizdən küsür, gölə qovuşur,
Dağın yuxusuna qartallar düşür,
Zirvələr yaşayır sar problemi.

Allaha məxsusdur yalnızlıq, təklik,
Bəşərin davamı nədir, bilmirik!
Qoşadır qartal da, qoşadır kəklik,
Bir zaman gəlib ki, yaşayırıq ilk,
Oğlanlar yaşayır yar problemi.

AKASİYA

Aprelin son günlərində
Çiçəklərin saçaq-saçaq açılıb,
Sanki günəşdən asılıb,
Park boyu dayanmısan, akasiya.
Çiçəklərin bihuş edir adamı,
Ətrindən bihal olub hamı,
Cəlb edirsən arıları maqnit kimi, akasiya.

Xırda-xırda yarpaqların ipəkdi sanki,
Ağac deyil, ağac boyda pətəkdi sanki!
çiçəklərin dünyanın ən gözəl sırğası,
Yurdumun yaşıl donlu qızı,
yoxsa gəlinimisən, akasiya?
Sən ürək kimi səmimisən, akasiya.

Haçansa, hardasa adın gələndə,
Lənkəran deyirəm, akasiya.
Hardasa səni görəndə,
Lənkəranı duyuram, akasiya.

AĞACLAR BÖYÜMÜR DAHA

Cılızlaşır gündən-günə,
Ağaclar, ağaclar böyümür daha.
Göylərə ucalmaq qalxmaq yerinə,
Torpağa əyilir hər gün ağaclar.

Günəş də bir yandan yandırır, yaxır,
Kölgələr düşməyir daş küçələrə.
Ya qızmar yay düşər bir gün də axır,
Ya da ki, əbədi qış küçələrə.

Kökləri daşdadı, canı atəşdə,
Ağaclar, ağaclar necə böyüsün?
Qurbanlıq qoyuntək görürsən bir gün
Vurulur boynundan ucalan baş da,
Ağaclar, ağaclar necə böyüsün?

Kəsilmə qorxusu, yanma qorxusu,
Qurumtək qaraldır göy tacları da.
Sanki Buhenvaltdan qalıblar bizə,
Bu atom əsrinin ağacları da.

Ulduzlar asılı-özgə əllərdə,
Daha sənin deyil, sənin ulduzun.
İnsanlar özünü itirən yerdə,
Bu dilsiz ağaclar necə böyüsün?

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031