Bakıda Xaqani Qayıblının 60 illiyi qeyd ediləcək

Estoniyada yaşayan azərbaycanlı tanınmış şair, ictimai xadim Xaqani Qayıblının 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcək.
MANERA.AZ xəbər verir ki, tədbir 16 mart 2024-cü il, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində (Ünvan: Bakı ş, Mikayıl Hüseynov pros.30) baş tutacaq. Tədbirin təşkilatçısı Azərbaycan Yazıçılar Birliyidir.
Qeyd edək ki, Xaqani Qayıblı Estoniyanın 400 illik Tartu Universitetinin professoru, universitetin Türk Dili Mərkəzinin müdiridir. Dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir. 2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.
Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib. O, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, Estoniya-Azərbaycan cəmiyyətinin sədridir. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.