Ömür düşüb dar cığıra - Pərviz Axundun şeirləri
MANERA.AZ Pərviz Axundun şeirlərini təqdim edir.
ÖMÜR DÜŞÜB DAR CIĞIRA
“Bu ömür satılır” deyib,
Qəzetdə elan verəsən.
Saxta memuar yazasan,
Uydurma plan verəsən.
Gizlədəsən sarğıları,
Keyidəsən ağrıları;
Mikroskopik doğruları
Böyüdüb yalan verəsən.
Ömür düşüb dar cığıra,
Kim qaytara, kim çağıra?..
Sırıyasan bir fağıra
Və tezbazar can verəsən.
SÖZ DÜZƏLİR
Yaxşı işim keçir daşa,
Yaman olsa, tez düzəlir.
Düz başlasam, səhv edirəm,
Səhv hesabım düz düzəlir.
Acizəm dostu duymağa,
Hazıram əhdə qıymağa.
Məndəki dərdi saymağa
Başlamadan yüz düzəlir.
Guya dinib neyləyirəm...
Danışdıqca göynəyirəm.
Mən səsimi çeynəyirəm,
Öz-özünə söz düzəlir.
ÇEVRİLMƏ
İlahi, çarxınla ayaqlaşmadım,
Qıraqdan görürəm, nəsə çevrilir.
Ağıl boşluğumun peşmanlıqları
Ağız boşluğumda səsə çevrilir.
Dövranın sürməyən elə tək mənəm,
Mənim surətimi belə çək, mənəm.
Bir də sevincimdən zilə çəkmərəm,
Zil məni görəndə pəsə çevrilir.
Axundam, elə ki, düşmədim yada,
Açdım gül ağzımı pərtöv bünyada...
Yamanlar beləcə artır dünyada,
Yaxşılar beləcə pisə çevrilir.
ÇIXIR
Sürdüyüm bu ömrü yığdıram gərək,
Tez-tez mühərriki sıradan çıxır.
Bəxtim də belədir, dar macalımda
Gendən əl eyləyib aradan çıxır.
Düşsə qıraq yerdə çaxaçax yəqin,
Zərbələr başımda çaxacaq yəqin...
Saçlarım “ağ günə” çıxacaq yəqin –
Ağlığa aldanıb qaradan çıxır.
Yazımı yazan var, əcəbdir xətti,
Şəkk etmək Axundun deyildir həddi.
Tanrının hər yerdə görünür rəddi,
Hər işin içindən Yaradan çıxır.
ÇƏRƏZ YOXSA, ÇƏRƏNLƏ
(Sentimentalizmə parodiya)
Sən gedəndə çox üzüldü yorğanımın kəfrəmi,
Kəfrəmi də bilirsən də, üzüləndə süzülür.
Çətini üzülən yeri tikib yamaqlamaqdı,
Ayrılıqsa xırda şeydi, əvvəl-axır dözülür.
Bu kəfrəmə on bir manat pul saymışdım bazarda,
Satıcı on beş deyirdi, sonra yendi on üçə.
Mən dirəşdim, o dirəşdi, qəpik-quruşa düşdük,
Yenə pulun quyruğundan vaz keçmədi qaniçən.
Sən gedəndə dodaqlarım,
Əllərim, ayaqlarım...
Və mənə aid hər şeyim;
Gözümə taxdığım eynək,
Əynimə geydiyim köynək,
Almadığım qol saatı,
Gəzmədiyim şəhərlər,
Çatmadığım uzaqlıq...
Bilirsənmi, hal-hazırda heç bilmirəm ardını necə gətirim.
Bəlkə, burdaca bitirim,
Bəlkə, axıra yetirim...
Sən gedəndə
Dərin boşluq hiss etdim boğazımda,
Anladım ki, boşboğazam.
Belə olduğu təqdirdə,
Hər gözümə görükəni
Və hər ağlıma gələni gərək yazam.
Qaranlığın dibindəki təkadamlıq mürəbbə...
İki dilim kərə yağı, təzə bişmiş bir əppək...
Üstündən çərəz yeməli,
Çərəz yoxsa, çərənlə.
Yəni bir az idman elə çənənlə.
MANERA.AZ