Rektor: Qarabağ Universitetinə çox böyük maraq var - MÜSAHİBƏ
MANERA.AZ Qarabağ Universitetinin rektoru Şahin Bayramovun APA-ya müsahibəsini təqdim edir.
- Şahin müəllim, Qarabağ Universitetinin ilk tələbəsi olmaq həm də nə vəd edir?
- Əvvəlcə, müsahibəyə görə təşəkkürümü bildirirəm. Sualınızın əhatəsini bir qədər də genişləndirərək qeyd etmək istərdim ki, işğaldan azad edilmiş doğma torpaqlarımızda yaradılan Qarabağ Universitetinin nəinki tələbəsi adını qazanacaq, eləcə də bu ali təhsil ocağının akademik və inzibati fəaliyyətinə qoşulacaq hər kəs bir ilkə imza atmış olacaq.
Bildiyiniz kimi, Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Böyük qürur hissi keçiririk ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində artıq işğala son qoyulub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda sürətlə və sistemli şəkildə davam edən irimiqyaslı quruculuq və bərpa işləri tarixi zəfərdən sonra qısa müddət ərzində bölgənin simasını tamamilə dəyişdirib. Zəngin mədəniyyətə, ənənələrə, milli-mənəvi dəyərlərə malik olan xalqımızın öz doğma torpaqlarına Böyük Qayıdış prosesi layiqli şəkildə həyata keçirilir.
Dövlət başçımızın 2023-cü il 28 noyabr tarixli müvafiq Sərəncamına əsasən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması tarixi əhəmiyyət və strateji önəm kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Sentyabr ayından artıq Xankəndiyə də köç başlayır. Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar”. Beləliklə, hər şeydən əvvəl, tələbələrimiz və müəllimlərimiz Qarabağ Universiteti ailəsinin üzvü olmaqla Xankəndi şəhərinə ilk köç etmənin qürurunu və sevincini yaşayacaqlar. Bu, eyni zamanda, qarşımızda peşəkar mütəxəssis olmaq, layiqli vətəndaş kimi yetişmək, eləcə də Qarabağın dirçəldilməsi və sosial-mədəni həyatının inkişafında pay sahibi olmaq kimi çox böyük, şərəfli və məsuliyyətli vəzifələr qoyur.
İlk tədris ilində tələbələrimiz bir çox üstünlüklərdən faydalana biləcəklər. Qarabağ Universitetinə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparıldığından hər bir tələbə təqaüd alacaq. Eyni zamanda, Universitetimizə yüksəl bal toplayaraq qəbul olunan tələbələrə əlavə təqaüd verilməsi nəzərdə tutulur.
Həmçinin bütün tələbələr ödənişsiz mənzil tipli müasir yataqxana ilə təmin ediləcək, hər bir tələbəyə kompüter hədiyyə olunacaq. Tələbə və işçi heyətimizin ekoloji cəhətdən təmiz, təhlükəsiz, yaradıcı, maraqlı və işgüzar mühitdə təhsil alması, fəaliyyət göstərməsi və yaşaması üçün bütün zəruri imkanların yaradılacağını digər üstünlüklərimizdən biri olaraq qeyd edə bilərik.
- 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsinə bir neçə ixtisas üzrə tələbə qəbulu aparılacaq. Bu ixtisaslar sırasına hansı yeni ixtisaslar əlavə oluna bilər?
- Ölkənin və regionun ehtiyacları, eləcə də beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə aparılacaq: Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm. 2024/2025-ci tədris ili üçün ümumilikdə 27 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
Pedaqoji fakültədə “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili)”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasları üzrə tədris həyata keçiriləcək.
İncəsənət fakültəsi “Musiqi müəllimliyi”, “Dekorativ-tətbiqi sənət”, “Dizayn”, “İnstrumental ifaçılıq” və “Vokal sənəti” ixtisaslarını əhatə edir.
Humanitar və sosial elmlər fakültəsində “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Tarix” və “Psixologiya” ixtisasları üzrə kadr hazırlığı təşkil ediləcək.
İqtisadiyyat fakültəsində “Beynəlxalq ticarət və logistika”, “İqtisadiyyat”, “Maliyyə”, “Menecment”, “Mühasibat”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları tədris olunacaq.
Mühəndislik fakültəsində “Elektrik və elektronika mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulub.
Turizm fakültəsində isə “Turizm işinin təşkili ixtisası” üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığına başlanılacaq.
Bundan əlavə, Universitetdə 8 ixtisas üzrə SABAH qruplarının yaradılması nəzərdə tutulub. Yerli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələr seçim prosesində uğurlu nəticələr göstərməklə, 2024/2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili), “Maliyyə”, “Mühasibat”, “Beynəlxalq münasibətlər” və “Hüquqşünaslıq” ixtisasları üzrə təşkil olunacaq SABAH qruplarında təhsillərini davam etdirə biləcəklər.
Təbii ki, əmək bazarının dinamik dəyişən tələblərinə uyğun olaraq növbəti illərdə ali təhsil proqramlarının davamlı təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi və tədris infrastrukturunun daha da gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılacaq. Bütün bunlar isə yeni fakültələrin yaradılmasını, ixtisasların siyahısının yenilənməsini, yeni ixtisasların əlavə edilməsini də istisna etmir. Bu barədə müvafiq qərar qəbul ediləndə ictimaiyyətə məlumat veriləcək.
- Universitetdə təhsil yalnız əyani formada nəzərdə tutulub. Bəs gələcəkdə qiyabi təhsil də olacaq?
- 2024/2025-ci tədris ilində Qarabağ Universitetində yalnız əyanı formada təhsil xidmətləri göstəriləcək. Gələcəkdə digər formalarda təhsil proqramlarının tətbiq olunmasına baxıla bilər.
- Ödənişsiz təhsil imkanı və yataqxana ilə təminat çox gözəl və cəlbedicidir, bəs tələbələrə nə qədər təqaüd və əlavə təqaüd veriləcək?
- Dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği bütün ictimaiyyətə məlumdur və dövlət başçımızın müvafiq Sərəncamı əsasında müəyyən edilir. Qeyd etdiyimiz kimi, Qarabağ Universitetinə yalnız dövlət sifarişi əsasında qəbul nəzərdə tutulduğu üçün bu təqaüd bütün tələbələrimizə veriləcək. Yüksək bal toplayan tələbələrimizə əlavə təqaüd verilməsi meyarları və həmin təqaüdün məbləği barədə hazırda müzakirələr aparılır. Bu məsələyə dair müvafiq qərar qəbul edildikdən sonra əlavə məlumat veriləcək.
- Universitet ilə bağlı bukletlərdə qeyd edilib ki, burada “Yeni məzmunlu təhsil proqramı” tətbiq ediləcək. Tam olaraq nə nəzərdə tutulur? Qarabağ Universiteti tələbələrə hansı yeni məzmunları təklif edir?
- Universitetimizdə kadr hazırlığı həyata keçiriləcək bütün ixtisaslar üzrə təhsil proqramları qabaqcıl milli və beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni məzmunda həyata keçiriləcək. Hazırda hər ixtisas üzrə akademik məzmun dizayn olunur və bu zaman dünyanın qabaqcıl universitetlərinin müvafiq modelləri əsas götürülür. Məqsəd məzunlarımızın ixtisasları üzrə müasir dövrdə tələb olunan və yeni trendləri özündə ehtiva edən zəruri kompetensiyalara yiyələnməsini və hərtərəfli inkişafını təmin etmək, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarını da gücləndirmək və buna imkan yaradacaq yüksək keyfiyyətli maddi-texniki, tədris bazası və kadr potensialını formalaşdırmaqdır.
Yeni məzmun dedikdə, ilk növbədə, tələbəyönümlü, səriştə əsaslı və multidisiplinar xarakterdə tətbiq ediləcək təhsil proqramları nəzərdə tutulur. Təhsilalanlarda tədqiqat, innovasiya, sahibkarlıq, startap və layihə idarəetmə bacarıqlarının formalaşdırılması, eləcə də analitik düşüncə və dayanıqlı inkişaf təfəkkürünün gücləndirilməsi yeni məzmunlu təhsil proqramlarının xarakterik cəhətləri kimi vurğulana bilər.
- İstərdim bir az da müasir maddi-texniki bazaya sahib universitet kampusu haqda danışasınız ki, bu universiteti seçmək istəyən tələbələrin daha geniş təsəvvürü olsun.
- Bir daha bildirirəm ki, tələbələrin təhlükəsiz, sağlam, yaradıcı və işgüzar bir mühitdə təhsil almaları, maraqlı tələbə həyatı yaşamaları üçün universitetin kampusunda bütün imkanlar təmin olunacaq. Tələbələrimizin keyfiyyətli təhsil ala bilmələri üçün tədris binalarımız ən müasir auditoriyalar, laboratoriyalar, kitabxana və digər zəruri tədris infrastrukturu ilə tam təchiz olunacaq. Eyni zamanda, tələbələrin asudə vaxtlarını səmərəli keçirə bilmələri, idmanla məşğul olmaları, çoxsaylı tələbə təşkilatları və klublarına qoşulmaları, könüllülük fəaliyyətləri həyata keçirmələri üçün lazımi şərait yaradılacaq, bu istiqamətlərdə daimi əsaslarla çoxşaxəli proqramlar və layihələr icra olunacaq. Tələbələrimiz ödənişsiz olaraq mənzil tipli müasir yataqxanalarda yaşayacaqlar.
- Qarabağ Universitetinə tələbə qəbuluna dair təbliğat işləri aparılır. Bizə maraqlıdır, universitetə abituriyentlərin marağı necədir?
- Bəli, biz artıq təbliğat görüşlərinə start vermişik. İlk görüşümüz Qarabağ Regional Təhsil İdarəsinin Bərdə, Tərtər, Ağcabədi və Füzuli rayonları üzrə ümumtəhsil məktəblərindən məzun olan və buraxılış imtahanlarında yüksək bal toplayan abituriyentlərlə keçirilib. Dekanlarımızın da qatıldığı belə görüşlər bütün bölgələrimizdə olacaq. İlk təəssüratımız ondan ibarətdir ki, abituriyentlər, onların valideynləri və müəllimləri arasında Qarabağ Universitetinə çox böyük maraq var. Yüksək bal toplayan gənclərimiz Qarabağ Universitetinin tələbəsi adını qazanmaq arzusunda olduqlarını vurğulayırlar.
- Peşəkar yerli və əcnəbi professor-müəllim heyətinin cəlb edilməsi ilə bağlı işlər hansı mərhələdədir, bu istiqamətdə hansı stimullaşdırıcı tədbirlər nəzərdə tutulub?
- Hazırda peşəkar və təcrübəli yerli və əcnəbi professor-müəllim heyətinin Qarabağ Universitetində akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə Elm və Təhsil Nazirliyinin təşkilati və texniki dəstəyindən əhəmiyyətli dərəcədə faydalanırıq. Eyni zamanda, müvafiq dövlət proqramı ilə nüfuzlu xarici ali təhsil müəssisələrinin doktorantura səviyyəsində təhsil alan gənclərimiz də diqqət mərkəzində saxlanılır. Xaricdə yaşayan azərbaycanlı alimlər tərəfindən böyük maraq var. Şübhəsiz ki, burada ən böyük stimul mənəvi stimuldur, yəni uzun illər həsrətində olduğumuz doğma torpaqlarımızda yaşamaq, fəaliyyət göstərmək, elm və təhsil ekosisteminin qurulmasına töhfə vermək arzusudur. Maddi həvəsləndirmə barədə deyə bilərəm ki, professor-müəllim və inzibati heyət üzvlərinə rəqabətli əməkhaqqı verilməsi və işlədikləri müddətdə onların ödənişsiz mənzillə təmin olunması nəzərdə tutulub.
- Əməkdaşların seçimi necə aparılır? İlkin mərhələdə nə qədər işçinin cəlb edilməsi planlaşdırılır?
- İlkin mərhələdə zəruri olan vakansiyalar üzrə elanlar Elm və Təhsil Nazirliyinin rəsmi saytında və sosial şəbəkə hesablarında yerləşdirilir. Elanlarda konkret vakansiyalar üzrə irəli sürülən tələblər dəqiq göstərilir. Hazırda ilk tədris ilinə başlamaq üçün vacib olan inzibati, akademik və texniki heyətin formalaşdırılması həyata keçirilir. İlk tədris ilində Universitetdə böyük hissəsi akademik heyət olmaqla ümumilikdə təxminən 70-ə yaxın əməkdaşın çalışacağı gözlənilir.
- Hansı yerli və xarici universitetlər ilə ikili diplom və mübadilə proqramları həyata keçiriləcək?
- İkili diplom və mübadilə proqramlarının həyata keçirilməsi əsas prioritetlərimiz sırasındadır. Bu alətlərdən intensiv istifadə tələbələrimizin tədris müddətində digər universitetlərdə təhsil almasına, qabaqcıl ali təhsil müəssisələrindən professor-müəllim heyətinin cəlbinə, əməkdaşlarımızın beynəlxalq təhsil və tədqiqat təcrübəsinin davamlı artmasına, ən əsası isə kampusumuzda beynəlxalq təhsil mühitinin formalaşdırılmasına imkan verəcək.
Hazırda ikili diplom və mübadilə proqramlarının reallaşdırılması mexanizmləri hazırlanır. Tərəfdaş universitetlərlə müvafiq razılıqlar əldə olunduqdan sonra bu barədə daha detallı danışmaq imkanımız olacaq.
- Qarabağ Universitetində elmi-tədqiqat və startap layihələrinin dəstəklənəcəyi də açıqlanmışdı. Bu barədə məlumat verə bilərsiniz?
- Qarabağ Universitetində elmi-tədqiqat və startap layihələrinin dəstəkləndiyi ekosistemin qurulması başlıca məqsədlərimizdən biridir. Təbii ki, universitetdə elmi-tədqiqat və startap fəaliyyətlərinin təşviq edilməsi, eləcə də tədqiqat və innovasiya bacarıqlarının inkişafı istiqamətində müvafiq dəstəkləyici mexanizmlər tətbiq olunacaq. Bu sahədə qarşılıqlı faydalılıq prinsipinə əsaslanacaq universitet–sənaye və universitet–universitet əməkdaşlığı alətləri geniş tətbiq olunacaq. Başqa sözlə, Universitetin tədqiqat və innovasiya potensialının gücləndirilməsi məqsədilə konkret hədəfləri olan ikitərəfli və çoxtərəfli işbirliklərinin yaradılması nəzərdə tutulur.
- Qarabağ Universitetində müxtəlif sahələrə məsul fakültə dekanları – proqram rəhbərlərinin səlahiyyətləri nədən ibarət olacaq?
- Qarabağ Universitetinin digər əməkdaşları kimi dekanlarımızdan da böyük gözləntilər var. Dekanlarımıza tam akademik müstəqillik verilib. Dekan müvafiq fakültədə tədris prosesinin və elmi-tədqiqat fəaliyyətinin təşkilini həyata keçirir, təhsil proqramlarının mövcud standartların tələbləri çərçivəsində icrasına cavabdehlik daşıyır. Dekanlar fakültələrin strukturunun formalaşdırılmasında, müvafiq ixtisaslar üzrə təhsil proqramları, tədris planları və digər tədris sənədlərinin hazırlanmasında fəal iştirak edirlər. Bununla yanaşı, dekan müvafiq fakültənin profili əsasında professor-müəllim heyətinə olan tələblərin müəyyən edilməsi və bu tələblərə uyğun şəxslərin işəgötürülmə prosesinin əsas iştirakçısıdır.
- Tələbələrin yalnız azad olunmuş ərazilərdə təcrübə keçməsi tələb olunacaq, yoxsa onların ölkənin müxtəlif yerlərində təcrübə proqramlarına qoşulması üçün şərait yaradılacaq?
- Məlumunuz olduğu kimi, Qarabağ Universitetinin yaradılmasında əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır. Bu baxımdan, hazırda sürətlə qurulmaqda olan doğma Qarabağımızda tələbələrimizin təcrübə keçməsi üçün geniş imkanlar olacaq. Bununla bərabər, dövlət və özəl sektor ilə əməkdaşlıq çərçivəsində tələbələrin ölkəmizin digər regionlarında, eləcə də xarici ölkələrdə də təcrübə keçməsi imkanları yaradılacaq.