manera.az
manera.az

Prof. Dr. Necdet Ünüvar: “Rektor təyin olunandan sonra etdiyim ən vacib şey...” - Müsahibə

Prof. Dr. Necdet Ünüvar: “Rektor təyin olunandan sonra etdiyim ən vacib şey...” - Müsahibə

MANERA.AZ-ın "Rektorla söhbət" rubrikasında budəfəki həmsöhbətim Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvardır.

- Hörmətli rektor, öncəliklə müsahibə istəyimə müsbət cavab verib, söhbətləşmə fürsəti yaratdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Suallarıma başlaya bilərəm?

- Əlbəttə. Buyurun...

- Həkim, elm adamı, aktiv siyasətçi, rektor... Bilmirəm, bu qədər rəngarəng həyat hekayəsini ümumiləşdirmək olarmı ya yox, amma yenə də istərdim qısaca təhsil və karyera həyatınızdan bəhs edəsiniz…

- 6 İyun 1960-cı ildə Türkiyənin Adana şəhərinin Ceyhan qəsəbəsində anadan olmuşam. İbtidai təhsili Adanada almışam. Orta məktəb və liseyi Mersində, Universiteti isə Ərzurum Atatürk Universitetində bitirmişəm. Məcburi xidmətimi doktor olaraq Mardində həyata keçirdim. Ankara Təhsil və Araşdırma Xəstəxanasında Daxili Xəstəliklər rezidenturasını, daha sonra Endokrinologiya və Metabolizma rezidenturasını bitirdim. Atatürk Universitetində 1996-cı ildə dosent, 2001-ci ildə professor elmi adlarını aldım. Eyni zamanda, Atatürk Universiteti Tibb Fakültəsinin Endokrinologiya və Metabolizma kafedrasının müdiri vəzifəsində çalışmışam.

12.12.2002 - 08.05.2007-ci il tarixləri arasında bürokratik həyatımda mühüm bir prosesi təmsil edən Səhiyyə Nazirliyində nazirin müşaviri vəzifəsində çalışdım. 4 dəfə Adana millət vəkili seçilmişəm. Deputat olduğum müddətdə Narkomaniya və Narkotiklərlə Mübarizə, İnformatika və İnternet, Səhiyyədə Zorakılıq üzrə Komissiyaların sədri, İtkin Uşaqlarla Mübarizə Komissiyasının sədr kimi fəaliyyət göstərmişəm. 31.01.2013-cü il tarixində Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komitəsinin sədri seçilmişəm.

Eyni zamanda, 7 il Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri vəzifəsini böyük şərəflə icra etdim. Fəaliyyətimə görə 4 iyun 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın Ali Ordeni olan “Dostluq” ordeni ilə təltif olunmuşam. Səhiyyə, informatika, Türk dünyası, narkotiklərlə mübarizə və xüsusilə Azərbaycanla əlaqələr sahəsində ciddi çalışmalarım olub.

Prezidentin sərəncamı ilə 9 oktyabr 2018-ci il tarixindən Prezident yanında Səhiyyə və Qida Siyasəti Şurasının üzvüyəm. Prezidentimizin 14.08.2020-ci il tarixli 31213 saylı qərarı ilə Ankara Universitetinin rektoru vəzifəsində çalışıram.
Prof. Dr. Necdet Ünüvar: “Rektor təyin olunandan sonra etdiyim ən vacib şey...” - Müsahibə

- Hocam, rektoru olduğunuz Ankara Universiteti Türkiyənin ən çox seçilən universitetlərindən biridir. Oxucularımıza universitetinizin yaranma tarixi və fəaliyyəti haqqında qısa məlumat verə bilərsinizmi? Hazırda qurumun tədris baxımından hansı imkanları var?

- Ankara Universitetinin yaradılması qərarı 1937-ci il Noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin açılış iclasında Mustafa Kamal Atatürkün göstərişi ilə alınıb.

Ankara Universiteti bakalavr və magistr, doktorantura tələbələrinə əsasən, Ankarada yerləşən 15 Böyük kampusda təhsil verməyə davam edir. Ayrıca, Ayaş, Beypazarı, Elmadağ, Haymana, Kalecik, Kızılcahamam, Nallıhandakı peşə məktəbləri, 7 rayon kampusları və digər bölmələrlə birlikdə toplam 36 kampusdan ibarətdir. Universitet 19 fakültə, 14 institutu, 11 peşə məktəbi, Dövlət Konservatoriyası, 43 Araşdırma və tətbiq mərkəzi, o cümlədən digər Araşdırma mərkəzlərində davamlı təhsili ilə sizin də qeyd etdiyiniz kimi, Türkiyənin ən böyük və qabaqcıl universitetlərindən biridir.

- Bəs Ankara Universitetində təhsil almağın üstünlükləri nədən ibarətdir? Bir tələbə niyə məhz Ankara Universitetində oxumalıdır?

- Ankara Universiteti yüksək potensiala malik, hər biri öz sahəsində təcrübəli, bir hissəsi xaricdə təhsil almış və ya mühazirə oxumuş professor-müəllim heyyətli universitetdir. Universitet 8026 inzibati heyət, 1121 professor, 364 dosent, 280 lobarant, 2165 elmi işçi və müəllimlər daxil olmaqla 4320 pedaqoji heyətə malikdir.

Ankara Universitetində 71888 tələbə təhsil alır ki, onlardan 67310-u Türk, 4578-i isə əcnəbidir. Ankara Universitetinin tələbələri ərizə ilə öz fakültələri ilə yanaşı digər fakültələrdən də dərs alaraq ikinci bakalavr diplomunu əldə edə bilərlər. “Yan Dal”” tətbiqi ilə tələbələr bakalavr proqramından əlavə başqa bir proqramı izləmək və diplom əldə etmək imkanı əldə edirlər.

Eyni zamanda, tələbələrimiz beynəlxalq aləmdə tanınan görkəmli universitetlərlə ikili diplom proqramlarında da iştirak edə bilirlər. Bu kontekstdə Erasmus+, Akademik Əməkdaşlıq, Mövlana və bu kimi proqramlar, beynəlxalq miqyasda həyata keçirilən birgə tədqiqat layihələri, universitetlərlə əməkdaşlıqlar həyata keçirilir. Yəni, universitetin beynəlmiləlləşmə prosesi xaricdəki universitetlər və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq edərək, beynəlxalq konqreslər, seminarlar kimi tədbirlər təşkil etməklə səmərəli şəkildə təşkil olunur.

Universitetimizdə tələbələrin akademik olaraq özlərini təkmilləşdirməklə yanaşı, onların sosial, mədəni və idman fəaliyyətləri baxımından da inkişaf edə biləcəkləri bir çox sahələr var. Məsələm, universitetdə 230 tələbə təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar ölkə daxilində və xaricdə müxtəlif müsabiqə, şou və festivallarda iştirak edirlər. Hər il mədəniyyət və incəsənət günləri çərçivəsində teatr festivalı, rəssamlıq, heykəltəraşlıq və fotoqrafiya kimi sənətin müxtəlif sahələrində çalışmaq istəyən tələbələrə imkan yaradılır.

Universitetimizin tələbələrinin faydalana biləcəyi “Didim” və “İlgaz” istirahət mərkəzləri var. Digər bir nüans; 13 muzeyi ilə də Türkiyə universitetləri arasında birinci yerdədir. Ankara Universitetini seçən tələbələr həmçinin qılıncoynatmadan badmintona, alpinizmdən üzgüçülüyünə qədər müxtəlif idman növləri ilə məşğul olmaq imkanı əldə edirlər.

- Hocam, universitetinizdə tələbələrə təklif olunan beynəlxalq sahədəki imkanlardan bəhs etmənizi rica edirəm.

- Universitetimiz Erasmus beynəlxalq mübadilə proqramları çərçivəsində ilə xaricə ən çox tələbə göndərən universitetdir. Beynəlxalqləşmədə digər prioritetlər;

● Proqrama daxil olan 29 ölkə və 298 müxtəlif ali təhsil müəssisəsi ilə 553 müqaviləsi var.
● Universitetimizin dünyanın digər universitetləri ilə imzaladığı qarşılıqlı akademik əməkdaşlıq protokollarının sayı 205-dir.
● 132 ölkədən təxminən 4.578 əcnəbi tələbə universitetimizində təhsil alır.
● 24 bakalavr, 26 magistratura və 5 doktorantura proqramının tədris dili ingilis dilidir.
● Bakalavr, magistr və doktorantura səviyyələrində 24 müxtəlif dil proqramı mövcuddur.
● 70-dən çox xarici professor-müəllim heyəti çalışır.
● Ankara Universiteti UNICA (Avrupa Başkent Üniversiteleri Birliği) üzvü kimi Türkiyəni və universitetimizi Avropada təmsil edir.
● 1984-cü ildə əcnəbilərə türk dilini öyrətmək üçün qurulan TÖMER türkcə ilə yanaşı ingilis, alman, fransız, ispan, italyan, rus, bolqar, yapon, yunan, osmanlı, koreya, çin, ərəb və Asiya türkcələrində də kurslar təklif edir.

- Hörmətli rektor, bildiyiniz kimi, pandemiya dövrünün şərtləri ilə həm tələbələr, həm də təhsil işçiləri çətin durumlar yaratdı. Bəs pandemiya dövründə idarəçilik baxımından hansı çətinliklərlə qarşılaşdınız? Təhsil prosesini davam etdirirkən nə kimi yeni addımlar atıldı?
Prof. Dr. Necdet Ünüvar: “Rektor təyin olunandan sonra etdiyim ən vacib şey...” - Müsahibə

- Bildiyiniz kimi, Covid-19 qlobal pandemiyası insanların və qurumların fəaliyyət tərzini kəskin şəkildə dəyişdi. Covid-19-un təsiri ilə davamlı texnologiyadan istifadənin geniş vüsət aldığı yeni bir dövrə keçid mərhələsi oldu. Covid-19 günlərində texnologiya ilə əlaqələrimiz arasında sərhədlər qoymaq imkanı yox oldu. Rəqəmsal texnologiyalarını hər qurumda yeniləyib inkişaf etdirməyənlər bu dövrdə uğur qazana bilməzdilər.
Pandemiya şəraitində bir çox təhsil müəssisəsi kimi bizim universitetimizdə də distant təhsil sisteminə keçid etdik. Pandemiya dövrü bir daha bizə texnologiyanın əhəmiyyətini və onun məsafələri yaxınlaşdıran vacib bir vasitə olduğunu xatırlatdı. Biz əmin olduq ki, qlobal dövrdə texnologiyadan imtina edə bilmərik.

Mən bir rektor olaraq, gördüyüm işlərdə “təsir etməyi və iz buraxmağı özümə şüar edən” idarəetmə yanaşmasını mənimsəmişəm. Bu kontekstdə, hər zaman Ankara Universitetində mövcud akademik biliklərin inkişafı və yayılması üçün rəqəmsal inkişafı izləyərək müvafiq addımlar atmağı uyğun görürəm.

- Hocam, icazənizlə, bir az da təhsil sahəsində idarəetmə və liderlikdən danışaq...

- Buyurun…

-Hocam, necə düşünürsüz? Universitetin rektoru eyni zamanda müəsissənin liderimidir? Yəni, idarəetmədə necə lider olunur? Bir də uğurlu idarəedicidə vacib olan xüsusiyyətlərdən danışsanız çox məmnun olaram…

- İdarəetmə tələb olunan xidmət və məhsulu mövcud işçi qüvvəsi, avadanlıq, bir də fiziki strukturla təmin etmək səyidir. Liderlik - qrup üzvlərini məktəbin və ya təhsil müəssisəsinin məqsədlərinə və effektivliyinə töhfə vermək üçün həvəsləndirmək və onlara təsir etmək bacarığıdır. Mən təhsil idarəçiliyini orkestr dirijoruna bənzədirəm; Liderlik təhsil müəssisəsinin resurslarından və fiziki avadanlığından yüksək performans ilə istifadə edə bilən insan gücü ilə səmərəli nəticələr əldə etmək üçün müəssisəyə təsir etmək sənətidir. Burada yönətici ilə lider arasındakı önəmli xətt onun öz qurumuna təsir edə bilmə dərəcəsidir. Pedaqoji heyyət və tələbələr də təhsil müəssisəsində zəruri vəzifələri yerinə yetirirlər. İşçilərin (hətta təşkilatınızdakı maraqlı tərəflərin) hərəkətlərinə və düşüncələrinə təsir edib, onu müsbət şəkildə dəyişə bildiyiniz müddətcə uğurlu idarəetmədən danışa bilərik.

Əgər idarəçi liderlik keyfiyyətlərinə malikdirsə, o, qarşıya qoyulan məqsədlərnə çatmaq üçün işçilərə təsir edə bilməli, motivasiya prosesini uğurlu həyata keçirməli, özü də həvəslə işləməlidir. Bir sözlə, o çalışanların imkanlarından maksimum səviyyədə istifadə edə bilməldir.
Təhsil müəssisələrində idarəetmənin digər bir xüsusiyyəti də ondan ibarətdir ki, idarəedici üzləşdiyi çətinlikləri fürsətə çevirə bilən, müxtəlif ideyaları bir araya gətirə bilən birləşdirici amil olmalıdır. İdarəedici işçi qüvvəsi fərqlərinə baxmayaraq ümumi məqsədə uyğun keyfiyyətli xidmət və ya məhsul istehsal etməyi bacarmalıdır. Aparıcı təhsil müəssisələrində istiqamətləndirici və birləşdirici elementdir.

- Sizcə, uğurlu təhsil idarəedicisi hansı keyfiyyətlərə, önəmli bacarıqlara malik olmalıdır?

- İdarəedici öyrənmənin gücünə inanan, davamlı qarşılıqlı öyrənməni mənimsəyən və güclü ünsiyyət qurma bacarığına malik biri olmalıdır. İnanıram ki, biliyin güc olduğunu qəbul edən, biliyin paylaşdıqca artacağına inananlar yaxşı idarəçi ola bilərlər. Başqa sözlə desək, ideya və biliklərin nəzəriyyədən praktikaya keçdiyi zaman məna kəsb edəcəyinə inanan idarəçi uğur qazanır. Yaxşı idarəedici yaxşı dinləyici olmalıdır. Effektiv dinləyici olmaq üçün qarşıdakı insan dinlənildiyini və ona qayğı göstərildiyini hiss etməlidir. Həmçinin, iş fəaliyyətimə şahid olan hər kəsin bildiyi kimi, mən qeydlər və sistemli şəkildə müşahidə aparan bir idarəçiyəm. Mən qeydlər aparmağı effektiv dinləmə vasitəsi kimi görürəm. Bundan əlavə, aldığım qeydlərdən faydalanaraq idarəçilik fəaliyyətimə nəzarət edə və özümü qiymətləndirə bilirəm.

- Hocam, universitet idarəçiliyində xüsusiylə diqqət olunması gərəkən nüanslar nələrdir? Rektorluq fəaliyyətinizdəki təcrübələrinizi bölüşmənizi rica edirəm…

- Qurumların yaxşı idarə olunması üçün ardıcıl, balanslı və davamlı ünsiyyətə ehtiyac var. İdarəetmə anlayışı mənim idarəetmə prinsipimi təşkil edir. İdarəetmə prinsipini mənimsəyən idarəedicilər bir sistemdə iştirakı əsas yox, idarəetməni əsas götürürlər. Mən konsultasiyaya və yerində ziyarətə əhəmiyyət verən idarəediciyəm.

Seminarlar və “çay-simit söhbətləri” ilə bağlı bəzi təcrübələrimi sizə danışım. 21 aya yaxındır ki, Ankara Universitetinin rektoruyam və bu il 2-ci atölye fəaliyyətini həyata keçirdik.

Atölyelər hər bir bölməmiz üçün təkmilləşdirmə sahələridir. Tərəflərlə maraqlı müzakirələr edə biləcəyimiz və problemlərə dair anında çözüm hazırlaya biləcəyimiz görüşmə mühitləridir.

“Çay-simit söhbətləri” hər bir bölməmizlə səhərlər yalnız çay - simit və bir də Əkinçilik Fakültəmizdə istehsal edilən bir çox məhsuldan biri olan pendirin müşayiəti ilə bölmələrimizə səfərlər prinsipini həyata keçirdiyimiz bir fəaliyyətdir. “Çay-simit söhbətləri” həm də bir-birini yaxından tanımaq, sosiallaşmaq baxımından çox faydalıdır.

Eyni zamanda seminarlarımız var. Seminarların səmərəli və effektiv olması üçün həm rektorluq, həm də bölmələrimiz ayrı-ayrılıqda uzun hazırlıq işləri görürlər. Hər bir bölmənin öz sahəsində müəyyən təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün maraqlı təklifləri müzakirə edilir. Seminarlarda bütün bölmələrin rəhbərləri, şöbə müdirləri, idarə heyyəti və katiblər iştirak edirlər. Bundan əlavə, hər bir bölmə gələcək üçün planlaşdırdığı işləri və tələblərini müvafiq qurumlara bildirirlər. Onların tələbləri bizim növbəti il üçün iş planımızda öz əksini tapır. Beləcə, biz hər birimizi müntəzəm olaraq izləyə və qiymətləndirə bilirik.

- Hörmətli rektor, təhsil idarəedicisi olacaq bu günün gənc namizədlərinə tövsiyələriniz nədir?

- Elm aləmində demək olar ki, hər sahədə çoxşaxəli transformasiya gedir. Elm dünyasındakı transformasiyaya yetişmək üçün TƏHSİL ölkələr üçün katalizator rolunu oynayır. Elmin istehsalı, alimlərin yetişdirilməsi, ixtisaslı kadrların yetişdirilməsi baxımından təhsil müəssisələrinin, xüsusən də universitetlərin ölkənin inkişafında mühüm rolu var.

Ümumiyyətlə, idarəçilər təhsilin dəyişmə və transformasiya gücünə inanaraq öz işlərini qurmalıdırlar. Yaxşı nümunələr təqib edilməli və faydalı olacaq tədqiqatların aparılması üçün səy göstərilməlidir. Bu çərçivədə təhsil idarəçisinin həm özünə, həm də quruma qarşı ən mühüm vəzifəsi hədəfə sahib olmaqdır; Bu məqsədə çatmaq üçün bir plan da qurulmaldır. Məqsədini reallaşdırmaq üçün maraqlı tərəfləri öz qurumuna cəlb etməklə yanaşı planını da həyata keçirməyə çalışmalıdır.

-Son olaraq, hörmətli rektor, səlahiyyət müddətinizin sonuna kimi daha nələr etmək istəyirsiniz? Universitetinizin gələcək perspektivi və strategiyası haqqında öyrənmək istəyirəm.

- Ankara Universitetinin tələbələrini üç mərhələdə izləməyi planlaşdırırıq: onlar bizim universiteti seçməzdən əvvəl, universitetimizdə təhsillərini davam etdirərkən və məzun olduqdan sonra. Ölkəmizin hər bir köklü universitetində olduğu kimi, Ankara Universitetində də güclü professor-müəllim heyətinin davamlılığında gənc pedaqoqların məşğulluğunu təmin etmək üçün səylərimi davam etdirirəm. Ankara Universitetində pedaqoji heyyət ters çevrilmiş piramida formasındadır. Bunun gələcəkdə problemə çevrilə biləcəyi üçün sözügedən vəziyyəti aradan qaldırmağı düşünürəm.

Ayrıca, texnologiya əsrinin tələb etdiyi təkmilləşdirmələri izləmək və bu yenilikləri universitetimizə gətirmək kimi məqsədlərim var. Qeyri-hökumət təşkilatları, xüsusən də dövlət qurumları, yerli özünüidarəetmə orqanları və sənaye-ticarət palataları ilə səmərəli əməkdaşlığı artırmaq üçün səylərimiz var. Bütün fakültələrin, hətta dövlət qurumlarının istifadə edə biləcəyi funksional laboratoriyalar tikməyi planlaşdırırıq və bununla bağlı çalışmalarımız davam edir.

- Hocam, bəs Azərbaycanla bağlı hər hansı layihələriniz varmı?

Prof. Dr. Necdet Ünüvar: “Rektor təyin olunandan sonra etdiyim ən vacib şey...” - Müsahibə

- Azərbaycan ruhumun dincəldiyi və çoxlu dostlarımın olduğu ölkədir. Ankara Universitetinin rektoru olduqdan sonra Azərbaycan və Türkiyə arasında köklü əlaqələri təhsil sahəsinə daşıdıq. Covid-19 prosesi zamanı ölkəmizdəki professor-müəllim heyətini qardaş Azərbaycanda tələbələrlə görüşəcək səviyyəyə çatdırdıq.

Pandemiya dövründə Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan İqtisad Universiteti ilə çox mühüm əməkdaşlıqlar qurmuşuq. YÖK-ün dəstəyi və təsdiqi ilə Azərbaycan Texniki Universiteti ilə “ikitərəfli diplom” müqaviləsi imzaladıq. İkili diplomumuza “Kompüter mühəndisliyi” bölməsi ilə başladıq. Ola bilsin ki, onu başqa sahələrə də köçürək…

Azərbaycan İqtisad Universitetinin “Biznesin idarə olunması” bölməsi ilə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin “Biznesin idarə olunması” bölməsi arasında ikitərəfli diplom işlərinini sona çatmaq üzrəyik. İnşallah, Memarlıq və İnşaat Universiteti ilə məkdaşlıq qurmaq səylərimiz davam edər.
Prof. Dr. Necdet Ünüvar: “Rektor təyin olunandan sonra etdiyim ən vacib şey...” - Müsahibə

Bizim Azərbaycanda xüsusən, sənaye sahəsi ilə əməkdaşlıq baxımından mühüm addımlar atmaq planlarımız var. Təkcə istehsal olunan elmə deyil, elm vasitəsilə bəşəriyyətə də faydalı məhsullar istehsal etməyi hədəfləyirik. Bildirmək istərdim ki, biz Azərbaycanla bağlı layihələrimizi “Bir millət, iki dövlət” şüarı ilə davam etdirəcəyik.

Cənab rektor, suallarımı cavablandırdığınız üçün təşəkkür edirəm!..

- Mən təşəkkür edirəm!..

Müsahibəni təqdim etdi:

Şəhla Aslan,
Jurnalist, təhsil araşdırmaları üzrə doktorant


Prof. Dr. Necdet Ünüvar: “Rektor təyin olunandan sonra etdiyim ən vacib şey...” - Müsahibə
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031