Rektor: "Elmi biliklərin istehsalında beynəlxalq səviyyədə söz sahibi olmaq istəyirik"
Türkiyənin Atatürk Universitetinin rektoru Prof. Dr. Ömər Çomaklı ilə müsahibə
- Hörmətli rektor, ilk növbədə müsahibə təklifimi qəbul etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.
- Buyurun... Universitetimizə xoş gəlmisiniz!
- Hörmətli rektor, öncəliklə bizə iş fəaliyyətiniz haqda danışa bilərsiz?
- Əlbəttə. 1962-ci ildə Ərzurumun Aşkale rayonunda anadan olmuşam. İbtidai və orta təhsilimi burada başa vurdum. 1981-ci ildə İstanbul Texniki Universiteti Sakarya Mühəndislik Fakültəsi Maşınqayırma fakültəsini 1985-ci ildə bitirdim. 1986-cı ildə Atatürk Universiteti Mühəndislik Fakültəsi Maşın Mühəndisliyi Termodinamikası bölməsində elmi işçi kimi işə başladım.
1988-ci ildə Dokuz Eylül Universitetinin Mühəndislik fakültəsinin Maşınqayırma fakültəsinin Termodinamik-energetika bölməsində magistratura pilləsini bitirdim; 1991-ci ildə Qaradəniz Texniki Universiteti Mühəndislik Fakültəsi Maşın Mühəndisliyi bölməsində doktorantura təhsilimi bitirdikdən sonra həmin il Atatürk Universitetinin Mühəndislik fakültəsində dosent vəzifəsində çalışdım. 1993-1994-cü illər arasında ABŞ-ın Mayami Universitetində qonaq tədqiqatçı olmuşam. 1995-ci ildə Atatürk Universiteti Mühəndislik Fakültəsinin Maşınqayırma fakültəsinə dosent, 2002-ci ildə isə professor vəzifəsinə təyin olundum. Həmin şöbədə 1991-2016-cı illərdə şöbə müdiri olmuşam. Bayburt Universitetində Mühəndislik fakültəsinin dekanı (2009-2011), Bayburt Universitetinin prorektoru (2008-2011) vəzifələrində çalışmışam. 2013-2016-cı illər arasında Atatürk Universitetinin prorektoru vəzifəsində çalışmışam. Bir çox milli və beynəlxalq layihələrdə iştirak etmişəm. İndiyə qədər çap olunmuş 120-yə yaxın milli və beynəlxalq nəşrlərim, məqalələrim var.
12 avqust 2016-cı il tarixindən isə adını qürurla daşıdığımız Atatürk Universitetinin rektoru vəzifəsində çalışıram.
- Bəs Atatürk Universiteti necə yarandı?
- Ölkənin şərq bölgəsinin iqtisadi, sosial və mədəni inkişafına töhfə vermək düşüncəsi ilə yaranan universitetimiz hazırda ölkənin ali təhsilinə yüksək səviyyədə xidmət etməyə davam edir.
Bölgənin inkişafına öncülük etmək, Türkiyəni çağdaş sivilizasiya səviyyəsinə çatdırmaq və elm işığında addımlayacaq nəsillər yetişdirmək məqsədi ilə qurulan Atatürk Universitetində 500 tələbə, 6 min akademik və inzibati heyət, 23 Fakültə, 1 lise, 1 Konservatoriya, 13 Peşə məktəbi, 8 İnstitut və 45 Araşdırma Mərkəzi ilə Türkiyənin ən yaxşı universitetləri sırasında da öz yerini tutmuşdur. İstehsal etdiyi bilik və yetişdirdiyi insan qaynaqları ilə bölgədə istehsalı, kənd təsərrüfatını, sənayeni, heyvandarlığı və turizmi inkişaf etdirmək məqsədlə yoluna davam edir.
- Bildiyim qədər, Atatürk Universiteti Türkiyənin ən çox seçilən universitetlərindən biridir. Universitetiniz tələbələrə hansı imkanları təqdim edir?
- Təbiətlə dost olmaq vizyonunu mənimsəyən kampusumuzda yaşıl sahələr, geniş botanika bağları və velosiped yolları var. İlin hər fəslində tələbələrimiz yaşıllıq və qarın ecazkar mənzərəsini anbaan yaşayaraq, əyləncəli yay-qış proqramlarında iştirak edir, əyləncəli vaxt keçirirlər.
Tələbələrimiz və akademik heyətimizın təhsil və tədqiqat fəaliyyətlərini dəstəkləmək və kitab ehtiyaclarını qarşılamaq məqsədiylə qurduğumuz 12 min kitabla xidmət göstərən Dr. Fuat Sezgin Kitabxanamız var.
Kitabxanamız 7350 m² qapalı sahədə təxminən 600 istifadəçiyə xidmət göstərə bilir.
Bundan əlavə kitabxanamızda kompüter/internet, yeməkxana, bufet və kserokopiya xidmətlər var. Girişdəki terminalar sayəsində kataloqların axtarılması sürətlə həyata keçirilir; self-check (avtomatik qaytarma) cihazı sayəsində növbə gözləmədən və heç bir personala ehtiyac olmadan alınan kitablar geri verilə bilir.
Universitetimizin Sağlamlıq, Mədəniyyət və İdman Departamenti/Qidalanma Xidmətləri Şöbə Müdirliyinin nəzdində fəaliyyət göstərən yeməkxanalarımız - 1 mərkəzi yeməkxana və 8 fərqli fakültələrdə yeməkxana ilə təxminən 10 min tələbəyə gündəlik yemək xidməti göstərir.
Gənclər və İdman Nazirliyinin Kredit və Yataqxanalar Baş İdarəsinin nəzdində fəaliyyət göstərən yataqxanalarımız universitetimizdə təhsil alan tələbələrimizin ümumi yaşayış ehtiyaclarını qarşılayır.
Kantin, mərkəzi TV yayın sistemi, internet şəbəkəsinə çıxış və pulsuz camaşırxana xidmətlərinin göstərildiyi yataqxanalarımızda giriş-çıxışlar HGS kart-barmaq izi mühafizə sistemləri vasitəsiylə həyata keçirilir.
- Bəs, idman imkanları necədir?
- Əlbəttə, idman imkanları da mövcuddur. Tələbələrimiz universitetimiz daxilində fəaliyyət göstərən idman klubları vasitəsilə iştirak etdikləri fəaliyyətlərlə ömür boyu idman vərdişi qazanır və bu yolla futbol, basketbol, voleybol, boulinq, stolüstü tennis, şahmat, və s. kimi sahələrdə keçirilən bir çox yarışmalarda iştirak edirlər.
Universitetimizdə 100-dən çox tələbə klubu fəaliyyət göstərir ki, bu dərnəklərlə tələbələrimizin fərdi bacarıqlarını inkişaf etdirməyə və təhsil həyatı boyu müxtəlif fəaliyyətlərə töhfə verməyi hədəfləyirik.
Tələbələrimiz maraq doğuran tələbə klublarının üzvü ola bilər və ya yeni maraqlar üçün klublar yaratmaq təşəbbüsü ilə çıxış edə bilərlər. Bu yolla tələbələrimiz dərslərin qalan hissəsində gördükləri fəaliyyətlər sayəsində bir çox sahədə təcrübə qazanırlar.
- Hörmətli rektor, “universitet” anlayışı sizin üçün nə ifadə edir?
- Təhsil müəssisələri və universitetlər ölkələrin gələcəyidir. Universitetlər ölkənin inkişafında, tərəqqisində və müasirləşməsində hərəkətverici qüvvə kimi çıxış edirlər. Demokratik mədəniyyətimizin, ümumbəşəri düşüncəmizin inkişafında universitetlərin üzərinə böyük vəzifələr düşür.
Sabahın böyüyən Türkiyəsi üçün elm yuvası olan universitetlərimizin daha da güclənməsini arzu edirik. Bu çərçivədə Atatürk Universiteti olaraq başladığımız “Yeni nəsil universitet sizayn və çevrilmə” layihəsi çərçivəsində inkişaf etdirdiyimiz işlər və layihələrlə yeni bir yol xəritəsi çəkməyi və gələcək nəsilləri daha müasir təhsillə yetişdirməyi planlaşdırırıq.
- Universitetlərin mühüm funksiyası var; bilik istehsal etmək...
- Doğru. Dediyiniz kimi, universitetlərin ölkənin insan kapitalını yüksəltmək və onu səriştəliləşdirməklə yanaşı, digər mühüm funksiyası da tədqiqat yolu ilə elmi biliklərin istehsalında milli və beynəlxalq səviyyədə söz sahibi olmaqdır. 2018-ci ildə bütün bölmələrimiz və çalışanlarımızla başladığımız yeni nəsil universitetinin vizyonuna uyğun olaraq, bakalavr və magistratura təhsilinin keyfiyyətini yüksəltməyi, proqramları akkreditasiya etməyi, ara kadrları deyil, axtarılan kadrları yetişdirməyi hədəfləyirik. Tələbələrin sayını əsas alaraq, ölkənin ehtiyaclarına və dövrün ehtiyaclarına uyğun kadrlar hazırlayırıq. Xüsusilə də beynəlxalq tələbələrin sayını artırmaqla fərqli strategiyalar həyata keçiririk.
- Bu istiqamətdə nə kimi strategiyalarınız var?
- Bildiyiniz kimi, 1957-ci ildə qurulan Atatürk Universiteti ölkənin ən hörmətli universitetləri sırasında öz yerini tutub. Universitetimiz illər keçdikcə budaqları güclənən, kökləri möhkəmlənən çinar kimi böyüməyə davam edir. Böyümək, inkişaf etmək, irəliləmək vizyonu ilə dünya universiteti olmaq hədəfinə doğru ciddi addımlar atır. Akademik və inzibati heyət və tələbələr olaraq ilk günkü həyəcanını itirmədən - həvəsli, həyəcanlı, qətiyyətli, maraqlı və qürurlu duruşumuzu pozmadan yolumuza davam edirik. Biz inanırıq ki, bu duyğuları tam şəkildə hiss etdikdə uğur qaçılmazdır. Bu inancla təhsil, araşdırma, səhiyyə və inkişaf üçün təyin etdiyimiz ölkəmizin təməl ehtiyaclarına həllər istehsal idealına uyğun olaraq xidmət edəcək ziyalılar yetişdirmək bizim borcumuzdur. Bu baxımdan milli və ümumbəşəri etik dəyərlərdən kənara çıxmadan ağıl və elmin işığında idarəçiliyə gəldik.
Missiyamız doğrultusunda müasir və yenilikçi bir “Atatürk Universiteti” üçün fədakar səylərimiz davam edəcəkdir.
- Hörmətli rektor, Türkiyə tarixində çox önəmli bir şəxsiyyətin adını daşıyan universitetin rektoru olmaq ayrıca məsuliyyət verirmi?
- Təbii ki, çiyinlərimizdə böyük məsuliyyət daşıyırıq. Bu şüurla Atatürk Universiteti olaraq mədəni kimliyimizin formalaşması və qorunub saxlanması, ölkəmizin, xüsusilə də bölgəmizin zənginliyinin akademik kontekstdə işlənməsi, çoxaldılması və qiymətləndirilməsi kimi böyük məsuliyyəti öz üzərinə götürürük. Qurulduğu gündən bu yana uğurlu tarixinin formalaşmasında göstərdiyi səy və xidmətlərin fərqində olaraq bu məsuliyyəti hər zaman böyük şərəflə daşımışıq və daşıyacağıq.
Ayrıca, mən həmişə fəxr etmişəm ki, belə mühüm bir təhsil mərkəzinin rektoru və belə böyük ailənin üzvüyəm.
- Hörmətli rektor, fürsət varkən, universitetinizdə təhsil alan azərbaycanlı tələbələrin sayı və onların akademik göstəriciləri barədə danışsanız, şad olaram.
- Universitetimizdə azərbaycanlı tələbələrin ümumi sayı 6073 nəfərdir. Onlardan 3624-ü xanım, 2449-u isə oğlan tələbələrdir. Doktorantura təhsili alanların sayı 17, magistratura pilləsində təhsil alanların sayı isə 65 nəfərdir. Bakalavr pilləsində 5824, dosent pilləsində isə 167 tələbə təhsil alır.
- Bəs Azərbaycan universitetləri ilə əməkdaşlığınız necə?
- Azərbaycanda bir çox universitetlərlə ikitərəfli əməkdaşlığımız var. Bu universitetlər; Naxçıvan Dövlət Universiteti, Xəzər Universitet, Azərbaycan Tibbi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı dövlət Universiteti və s. Əməkdaşlıq çərçivəsində qarşılıqlı əməkdaşlığımız davam edəcək.
- Hörmətli rektor, suallarımı cavablandırdığınız üçün sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
- Biz təşəkkür edirik. Sizə də uğurlar arzulayıram.
Şəhla Aslan,
Araşdırmaçı jurnalist
"Rektorla Söhbət"