"Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi"
Ə.Kərim adına Sumqayıt şəhər Poeziya Evində “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin yekun tədbiri keçirilib.
MANERA.AZ xəbər verir ki, Ə.Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin poeziya seksiyasının rəhbəri İbrahim İlyaslı tədbiri açaraq layihənin icrası müddətində qarşıya qoyulan məqsədlərin, o cümlədən Türk dünyası ölkələrində çağdaş dövrdə yaranan qəhrəmanlıq əsərlərinə dair xeyli materialın toplanıb dəyərləndirilməsi işinin uğurla yerinə yetirildiyini vurğulayıb. Bildirilib ki, QHT-nin layihə üzrə bundan əvvəl keçirdiyi tədbirlərin nəticəsi kimi yaradıcı insanlardan mövzuya aid tədqiqat işlərinin davam etdirilməsi və təbliğat işlərinin artırılması yönündə bir sıra təkliflər alınıb. Bu da layihənin ideyasının ictimai aktuallığını, vacibliyini və davamlılığını artıran amillərdəndir.
İB-nin sədri Dəyanət Osmanlı layihənin yekunu, görülmüş işlər, ədəbiyyatımızın təbliği ilə bağlı yeni təkliflər barədə Sumqayıt şəhərində yazıb-yaradan ziyalılara ətraflı məlumat verib. Layihənin icrasında sumqayıtlı yazarların fəal iştirakından məmnunluq ifadə edən QHT sədri həmçinin bildirib ki, tədqiqə və təşviqə cəlb olunan mövzu, keçirilən tədbirlər türk xalqlarının ədəbi-mədəni bağlarının araşdırılması, yazarlar arasında əlaqələrin qurulması və daha da inkişaf etdirilməsində mühüm səciyyə daşıyır. Birlik toplanmış əsərlər barədə media və internet resurslarında bir sıra yazılar dərc edilib. Həmin əsərlərin gələcəkdə toplu halında nəşrini nəzərdən keçiririk.
Tədbirdə iştirak edənlər öz təkliflərini səsləndirib, qəhrəmanlıq mövzusunda yazmış olduqları şeirləri söyləyiblər.
Sonda layihədə iştirak edən müəlliflərə diplomlar verilib.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin tərəfindən həyata keçirilib.