Gürbüz Mızrak'ın "Maturidilik" kitabı təqdim edildi - Ankara
05.07.2024 | Manera.az
Ankarada fəaliyyət göstərən "Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi"nin tərkibindəki "Türk Dünyası Mədəniyyət Mərkəzi"nin təşkil etdiyi ənənəvi "Cümə söhbətləri" tədbirində bu həftə tədqiqatçı yazar Gürbüz Mızrakın "Maturidilik" kitabının təqdimatı keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən dərnək başqanı vəkil Arzuman Azaflı iştirakçıları salamlayaraq, "Cümə söhbətləri"nin mahiyyəti və gələcək görüşlərdə müzakirə ediləcək mövzular barədə məlumat verdi.
Gürbüz Mızrak təqdimat zamanı İmam Maturidinin İslam düşüncəsindəki əhəmiyyətinə diqqət çəkdi. "İmam Maturidi, İslam düşüncəsində 'ağılcı din anlayışının' nümayəndəsi olan çox böyük bir Türk düşünürüdür," deyən Mızrak, Maturidinin Allahın yaratdığı hər şeydə bir hikmət olduğunu və hər şeyin bir məqsədi olduğunu ifadə etdiyini vurğuladı. Maturidinin, Allahın gözəl olanı əmr etdiyini və çirkin olanı qadağan etdiyini, bu səbəblə yaxşı və pisin insan ağlıyla bilinəcəyini söylədiyini qeyd etdi.
Yazar, İmam Maturidinin Quran ayələrini şərh edərkən, Quranın bütövlüyündən hərəkətlə nəyin nəzərdə tutulduğunu ortaya çıxarmaq gərəkdiyini vurğuladı. "Bu şərh, ayənin dediyini kənara atmadan fərqli bir şərh inkişaf etdirməməlidir," deyərək Maturidinin bu mövzudakı düşüncələrini sadə və anlaşılan bir dillə ifadə edərək Türk düşüncəsinə mühüm bir töhfə verdiyini bildirdi.
Kitab təqdimatından sonra iştirakçılar Maturidilik haqqında fikirlərini paylaşdılar. İmam Maturidinin ağılcı din anlayışının günümüzdə də böyük əhəmiyyətə sahib olduğu və müasir İslam düşüncəsinə işıq tutduğu barədə həmfikir oldular.
Sonda Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin bu kimi tədbirlərlə Türk düşüncəsinə və İslam fəlsəfəsinə olan töhfələri təqdirlə qarşılanmaqda olub, "Cümə söhbətləri"nin gələcəkdə də zəngin məzmunlarla davam edəcəyi bildirildi.
Məhəmməd,
Ankara