manera.az
manera.az

Bəslənmək bir ümidlə - Yeni şeirlər / Manera.az

Bəslənmək bir ümidlə - Yeni şeirlər / Manera.az
MANERA.AZ Şakir Xanhüseynin yeni şeirlərini təqdim edir.

Bir tikə

əlimdə çörək bir tikə,
sevinə ürək bir tikə...

quş dimdiyində dən bir tikə,
gör aydınmı
göy bir yerindən bir tikə...

ah, istəmirəm səksəkə
bir tikə...

deyir birinin ən çoxu bir tikə...
kim söyləyir yoxdu qəlbində qorxu bir tikə...

bir əlcə, bir loxma da bir tikəmi,
qovalayır min sökən bir tikəni...

bu yoxuşu bir qalxıb çıxaq da,
lap balaca bir qaşıqda
süfrədə ola
bir tikə eşq də, işıq da...

günah da var, günah da;
baxırsan bir tamahda dünya bir tikə...

hələ onu görəsən ki,
bir tikə də
yüz tikə...
2024

Birgünlük ruzi

Ürəyində tutduğun
bir sözünlə bəslənmək,
Bir hissinlə bəslənmək...

Nurla, işıqla bəslən,
bir yaxşılıqla bəslən...

Bəslənmək bir ümidlə
həyata sarılaraq,
Hər cür xıltdan-filandan
tərtəmiz arınaraq...

Bəslə ruhunu, bəslə
min xəyalla, arzuyla,
Doğmalıq duyğusuyla!

Bir salamın,
kəlamın
Səhərlərin ən dadlı
yeməyi olmazmı,
Ya bir sağol da,
heç olmasa, birgünlük
ruzi üçün, de, azmı?!

Qara bir daş düşür axşam

isti yerin soyuğuna
bax, sən allah,
min-min günah
sarıb yeri, göyü tamam...
qara bir daş düşür axşam,
çəkir zülmü yaxşı, ey haqq...

bir yer var ki, bütün yollar
sanki orda bitir, yenə
sağa, sola səmt götürür.
sevinə bilmirsən heç cür,
dünya dar gəlir əyninə...

yandırdığın ocaq sönür,
başına gələcəkləri
düşündükcə səsin batır,
əlin nə bir işə yatır,
nə könlünü alır biri...

elə köhnə havalardı
görürsən təzə səslənir...
için içini yedikcə,
qaldığını bilib təkcə
qəlbin həyata küsənir...

amma qəfil qaranlıqda
baxıb bir nöqtə işığa,
qırışığın açılır ha,
üstünə nur saçılır ha,
çevrilirsən bir çırağa,

ümid olursan kiməsə,
əlin güclənir bir qədər,
yerə tox dəyir ayağın,
yüngülləşir acın, ağrın,
yumşalır canında dərdlər...
15.01.2024

Qadın qəmin caynağında

qadın qəmin caynağında,
ər əlil arabasında...
közə toxunur, yanır bir
əl, əlil arabasında,

göz qaçırır hər bir kəsdən,
addım atır yerə dən-dən...
bir ömür şikəst, gör də sən,
hər əlil arabasında...

yol qısa əllidən yüzə,
sındı əlindəki kuzə...
bəlkə dərd eləyirsən ki,
düşmədi qismətimizə
bir əlil arabası da?!
18.01.2024

Solğun üzlər

göz önümdə kölgələr,
solğun üzlər, çöhrələr
deyilmiş bir gül qədər;
payızsız da saralır...

hamının əndişəsi,
işlər necə, nə sayaq
axarına düşəsi?
hər kəs bir ağrı üstə
elə bil lövbər salıb...

bütöv para-paradı,
ağ rəng də qapqaradı...
olduğum yer haradı;
dərman gəzən dərd bulur...

uzanır qərib anlar,
isti,
açılmaz donlar...
kimsə gününü sanar;
nə vaxt bitəcək yolu?

eh, bu da bir cür axır,
qəlbim yaman darıxır...
durum ayağa, qalxım,
görüm hələ nə olur...
Yeni kl.
12.01.2024


***
ən dərin dəryanı götür,
bir göz-bulağa çatarmı...
ayağının altı hündür,
boyun bir dağa çatarmı...

köksündə min yara izi,
dırnaqların qopuq-qopuq...
səsin gedər çox uzağa,
bircə qulağa çatarmı...

ilan sarılı belinə,
kəmər kimi sıxar elə...
gecən uzanar, uzanar,
bir xoş sabaha çatarmı?


***
burnunun dikinə yol gedən adam,
nə enişlə aran, nə də yoxuşla...
torpağın üzünə "sığal" çəkirsən
gah dəmir kotanla, gah ağac xışla...

hər işin pisinə əlin yatımlı,
sözün ağırına dilin yatımlı...
sevən sevdiyini bəzən yarıtmır,
yaşayır dağınıq bir huşla-başla...

qiyama durursan qiyamət üçün...
virdin, zikrin ancaq qənimət üçün;
çıxarmaq fikrin var yoxsa ki, bir gün
özünü təmizə o ağ qumaşla?!


***
ey tikan, adını gül qoy çıx yola,
tikanlardan ayrıl, güllərə qoşul...
amma qalacaqsa tikan xislətin
dediyim bu sözlər olmamış olsun...

qəlbdə kin yaşatmaq yaradı qəlbə,
xəstə can saxlamaq çətindi, çətin...
nəzərini düz sal əyri budağa,
düz bax ki, sonunda bəlkə düzəlsin...

Tural Adışirinin təqdimatında...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30