Söz körükləyirəm sinəmin üstə - Yeni şeirlər
MANERA.AZ Şahnaz Şahinin yeni şeirlərini təqdim edir.
Gedirsən...gəlirsən..
Özünü təkrardı hər yeni sevda,
Özündən qaçışdı tapmadığın eşq.
Gedirsən.., ümiddi hər kolun dibi.
Gəlirsən.., yenə də dodağın təşnə.
Batır gözlərində, boğulur cahan,
Satır saflığını dəyər-dəyməzə.
Bu dar küçələrdə veyillənirsən,
Köçür xatirələr gedər-gəlməzə.
Açır tənbəl-tənbəl pərdəni gecə,
Bir sabah boylanır gələn səhərdən.
Günəş gülümsəyir hər damla sudan,
Həyat göyərəcək hər qarış yerdən...
Gedirsən.., ümiddi hər kolun dibi,
Gəlirsən.., bax yenə ürəyin təşnə!...
Bir qəza yeridi ürəyim daha
Bəlkə yubansaydı belə olmazdı,
Bax mənim bu yaza yazığım gəlir.
Yazın ortasından boy verib çıxan,
Bu körpə qıza da yazığım gəlir.
Yazıqdı havaya oynayan əllər,
Zəhərə bal deyən adam yazıqdı.
Bir yol dodağına dodaq dəyməyən,
O, “uzaq, o, yaşıl ada” yazıqdı.
Hərdən bu köynək də dar gəlir mənə,
Bir naməlum səmtə qaçıram indi.
Deyir eşq mövsümü deyil bu bahar.
Payıza qəlbimi açıram indi.
Bir qəza yeridi ürəyim daha,
Arzular partlayır, ümidlər uçur.
Başımı qaldırıb Göyə baxıram,
Hardasa.., hardasa durnalar uçur...
Şeir gətirirəm dünyaya, adam
Mən də əkinçiyəm..,
Yuxumu xışlayıb söz tumlayıram
Gecədən canımın ağrısı çıxır,
Bağrımın başından butası çıxır...
Sağımdan, solumdan neçə göz baxır,
Bir də Allah baxır..,
düz tumlayıram!?..
Mən bir heykəltəraş..,
Sözlərdən neçə cür heykəl yonuram.
Quru hərflərə can üfürürəm,
Nə varsa ruhumda saf, üfürürəm...
Sarı sünbüllərə dən tək doluram.
İndi sevincindən ölən kimsə yox,
Daha ürəyindən gedir adamlar.
Dərya gərək deyil, çay gərək olmur,
Adi gölməçədə batır batanlar.
Mən də ki...
mən yenə gözümə qıyıq taxıram,
Hələ oddan, közdən söz çıxardıram.
Qara gecələrin tərs bacasından,
Tüstümü həmişə düz çıxardıram...
Söz körükləyirəm sinəmin üstə,
Ağrısız, əzabsız sevgiyə yadam.
Bir sancı başlayır yeddinci qatda:..
Şeir gətirirəm dünyaya, adam!...
Mən çətin adamam
Nə deyib gəlmisən yanıma belə,
Mən çətin adamam, xəbərin olsun.
Heç özüm özümlə yola getmirəm.
Deyirəm bu başdan xəbərin olsun.
Hərdən acı dilim sancır özümü,
Hərdən başıma öz qapazım dəyir.
Fırlayıb atıram göyün üzünə,
Keçir boğazıma ölüm ilgəyi.
Səni kim tuşutdu mənim üstümə,
Səni kim döndərdi yolundan axı.
Bir gecəlik şamam, bir kasıb koma,
Bir imarət dərdəm, qadanı alım...
Bir az da dünyaya naşı adamam,
Bir az da qəribəm elə, biləsən.
Ağlımdan yüz dəli fikirlər keçir,
Gedib bu dünyaya bir də gələsən...
Mən çətin adamam, mən pis adamam,
Hər hava ruhumun havası deyil...
Hər oda ruhumun yuvası deyil...
Hər adam ruhumun adamı deyil...
Mən çətin adamam, xəbərin olsun,
Mən çətin adamam, qadanı alım...
Xuda
Veribdir özgə hüsn təkcə ramazana Xuda.
Göstərir haqq yolunu anlayan insana Xuda.
Çağırır azan səsi, göydə həm yerdə lütv ilə,
Salır yorğun qəlbləri gör necə sahmana Xuda.
O, hakimdir, o həkimdir, ondadır elmin açarı,
Yazılmayıb bir kitab bənzəyə Qurana, Xuda.
Bir ocağın közü həm atəşi orucla namaz,
Çatdırar bəndəsini ən ali ünvana Xuda.
Həm mədəddir, həm məbəddir, həm adildir, həm abid,
Ki, öyər hər açılan dil aşiqi mövlana Xuda.
Nəfsinlə eylə cihad söyləmiş peyğəmbərimiz,
Çəkir öz bəndəsini bu ay imtahana Xuda.
Açılır yer üzünə Göylərin rəhmət qapısı,
Səbr ilə hər müşkülü döndərir asana Xuda.
Dayan xidmətində sidq ilə cənabi Sözün, Şahnaz,
Yazar ismini əlbət tarixi divana Xuda...
Qalaq aldanaq dünyada
Doyub gedən görmədim heç,
Bu sirr, müəmma dünyadan.
Çıxın, örtün qapısını,
Qalaq aldanaq dünyada.
Yolunu uzaqdan salır,
Üzünü bəzəkdən salır.
Zəngini bələkdən çalır
Müsafir olan.., dünyada.
Hiylədi, fənddi hər işi,
Bəndi, bərəsi dəyişik.
Əllərim qəmə bulaşıq,
Dərd-səri kalan dünyada.
Çağırın gəlsin xocası,
Yeyirsən bitmir acısı.
Tüstülənir ah bacası,
Bu yalan-palan dünyada...
Ən yaxşı yerdi xatirən
Dağılıb hər tərəfə,
Otaqla birdi xatirən.
Səni duyub düşünməyə,
Ən yaxşı yerdi xatirən.
Bir az nəmdi, bir az soyuq,
Qaya kimi oyuq-oyuq.
Keşikdəyəm ayıq-sayıq,
Sərhəddi, sirdi xatirən.
Bir yer varmı ki, getməyə,
Gedib ibadət etməyə.
Çöl sazaqdı, isinməyə,
İçimdə qordu xatirən.
Dinlə deyim kiməm, nəyəm,
Yerəm, yurdam, kökəm, soyam.
Sahibi itmiş ürəyəm,
Üstə möhürdü xatirən.
MANERA.AZ