“Aysedora” monotamaşasının premyerası keçirilib - Foto
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Kiçik səhnəsində tanınmış rusiyalı yazıçı, dramaturq, şair və ssenarist Zinovi Saqalovun “Aysedora Dunkanın üç həyatı” pyesi əsasında səhnələşdirilmiş “Aysedora” monotamaşasının premyerası olub.
MANERA.AZ xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və ədəbi redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyev, musiqi tərtibatçısı baş dirijor, Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, bədii rəhbəri Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrın direktoru Əliqismət Lalayevdir.
Müasir rəqs üslubunun yaranması cəsarətli qız Aysedora Dunkanın adı ilə bağlıdır. O, XX əsrin əvvəlində xoreoqrafiya aləmini dəyişə və ona modern üslub gətirə bilib. Onu məhz “ayaqyalın rəqqasə” adlandırıblar.
Tamaşada Sergey Yeseninin şeirləri və dünyaşöhrətli bəstəkarlar Sergey Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Piazzolla, Corc Qerşvin, İqor Stravinski, Tomas Albinoni, İsaak Şvarts (Bulat Okucavanın sözlərinə) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuri Rubtsov) əsərləri səsləndirilib.
İstedadlı gənc aktrisa Olqa Georgiyevanın ifasında təqdim edilən etiraf xarakterli tamaşada tamaşaçı gözlənilmədən vaxtilə gənc Aysedoranın düşünüb tapdığı və gündəliyinin səhifələrini doldurduğu xüsusi dilin şifrəsinin açılması açarını əldə etdiyi təəssüratını alır. Eynilə, burada da həmin əsas mesaj özünü büruzə verir - dünyada heç bir şey yaradıcılıq və sevgidən daha vacib ola bilməz! Bəs hədsiz dərəcədə istedadlı yaradıcı insan xoşbəxt ola bilərmi? O, şöhrəti nəyin bahasına əldə edir?
Dunkan dahi adına layiq görülməyə, həmçinin yeni dövrlərin və üslubların yaradıcıları ilə müqayisə edilməyə nail oldu. Bir çox tənqidçilər Aysedoranın həm rəqsdə, həm də gündəlik həyatda inqilab etdiyini söylədilər. O, konsertlərində klassik musiqidən istifadə edib. Bethoven və Çaykovskinin əsərlərini rəqslə təqdim edən rəqqasə tamaşaçıda böyük emosional təsir yaratmağa nail olub. Onun çıxışları anşlaqla keçirdi. Dunkanın ifaları həmişə ictimaiyyət arasında ajiotaj doğurub.