Ankaradakı azərbaycanlılar Rəsulzadənin məzarını ziyarət edib - Foto

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar Ankara Cəbəci Əsri qəbiristanlığındakı məzarı həmyerlilərimiz tərəfindən ziyarət olunub.
Manera.az xəbər verir ki, həmyerlilərimiz demokratik Cumhuriyyətin liderinin məzarı başında ehtiramla yad ediblər, ruhuna dualar oxuyublar.
Ziyarətdə azərbaycanlı vəkil Arzuman Azaflı çıxış edərək M. Ə. Rəsulzadənin ictimai – siyasi, fəaliyyətindən danışıb: “M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri idi. O, Azərbaycan tarixinin ən mühüm şəxsiyyətlərindən biridir, çünki milli istiqlal hərəkatına öncülük etmişdir.”
Arzuman Azaflı: “Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” bəyanatı Azərbaycanda istiqlal hərəkatının şüarına çevrildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanması istiqlal uğrunda varisiliyin əzmlə davam etdiyini bir daha sübut etdi.”
Daha sonra araşdırmacı yazar, Türkiyənin Qazi Universitetinin doktorantı Şəhla Aslan Rəsulzadə ilə bağlı duyğularını paylaşıb. Ş. Aslan M. Ə. Rəsulzadənin XIX əsrin sonu XX yüzilliyin əvvəllərində Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlər yetişdirdiyini və həmin insanların gələcək nəsillərə örnək olacaq mübarizə yolunun hər zaman yaddaşlarda yaşayacağını vurğulayıb.
O, eyni zamanda, AXC-nin varisi olan müasir Azərbaycan dövlətinin bu tarixi irsin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi naminə mühüm addımlar atdığını deyib.
Şəhla Aslan çıxışında Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamından bəhs edərək bu qərarın Rəsulzadə ruhuna böyük etiramın göstərisi olduğunu deyib.
Qeyd edək ki, ziyarət “Azaflı Sosyal Yardım və Mədəniyyət Dərnəyi”nin təşkilatçılığı ilə keçirilib.
Məhəmməd,
Ankara


Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.