manera.az
manera.az

Dağlara qar düşdü - Məmməd Arazın şeiri

📅 14.01.2024 14:46

Dağlara qar düşdü - Məmməd Arazın şeiri
MANERA.AZ Xalq şairi Məmməd Arazın "Dağlara qar düşdü" şeirini təqdim edir.

Dağa qar düşdü, qar düşdü
Yada yar düşdü, yar düşdü...
(El sözü)

Dağlara qar düşdü, qar düşdü yenə,
Məhzunluq ələndi oda-ocağa.
Çaylar vida deyib gülüşlərinə,
Başladı aramla gumuldanmağa.

Dağlara qar düşdü, uyudu dağlar,
Dağlar həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə quzu bulaqlar
Daşların dibində yetim qaldılar.

Sanki bir-birindən küsdü zirvələr,
Qayalar necə də boynu buruqdur!
Kiminsə yolunda quyu qazdı şər,
Kiminsə qəsdinə hicran durubdur.

Dəli uçurumlarda ütülü görkəm,
Qartal qıyıltısı itib dərində,
Hamilə qadın tək yuxusu möhkəm,
Qucağı doludur dərələrin də.

Dağlara qar düşdü,
deyirəm yəqin:
Adamlar bu saat
kövrəkdir, mumdur.
Hamı cızığından çıxıb fitnənin,
Hamı bir-biriylə hal-əhval tutur.

Dağlara qar düşdü... görüşlər, ahlar,
Vidalı baxışlar yadıma düşdü.
Çoxdan görmədiyim dostlar, qohumlar,
Simsarlar, tanışlar yadıma düşdü.

Gəncliyim atından nə zaman yenib,
Elə doluxsundum uşaq sayağı...
Sürüşə-sürüşə dağlardan enib
Gəlirdi elə bil qocalıq çağım.

Dağlara qar düşdü, elə qəmginəm...
Dağlara qar düşdü... bilirəm bu dəm
Anamın qəbri də qar altındadır,
Anamın qəlbi də qar altındadır.
Neçə demədiyi əfsanə, nağıl
Onun sinəsində - qar altındadır.
Neçə oxunmamış bayatı, ağı
Donub sinəsində - qar altındadır
Tək bircə baş daşı tənha, mükəddər
Qardan baş qaldırıb yolumu gözlər...

Dağlara qar düşdü, qəribsəyirəm,
Qəlbimə bir həmdəm qəlb istəyirəm...

Yalta 1968


Baxış sayı - 975 | Yüklənmə tarixi: 14.01.2024 14:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031