manera.az
manera.az

Yenə o qız olaydı- Tural İsmayılovun şeiri/ MANERA.AZ

📅 16.01.2017 12:00

Yenə o qız olaydı- Tural İsmayılovun şeiri/ MANERA.AZ


Mikayıl Müşfiqə məktub

Yenə o adamlar olaydı
Uşaqlığımızdan yapışıb, bizi böyüklüyə ataydılar
Dizlərimiz qanayanda,
yıxıla-yıxıla, büdrəyə-büdrəyə
Öyrənəydik həyatın çala-çuxur yollarını.

Yenə o məhlə olaydı
Dalaşaydıq qonşunun uşaqları ilə
Evimizə şikayətə gələn vaideynləri
Dünyanın ən pis adamları zənn edəydik
Öyrənməyəydik dünyadakı ən əclaf pislikləri.

Yenə o partalar olaydı
Dəftərlərimizə hərflər yazaydıq
ağız-burnumuz mürəkkəbə bataydı
Təbaşirlə lövhəyə toxunub
Heç vaxt ağ görünən şeylərin çirkabından diksinməyəydik.

Yenə o ümidlər olaydı
Hər dəfə kürəyimi yerə vuranda xəstəliklər
çiyinlərimdən qabarlı bir əl yapışaydı
Sabahların daha yaxşı olmağı inancından qopmayaydıq.

Yenə o ürək olaydı
Sözü üzə deməkdən qorxmayan
Yaşa dolduqca cəsarətdən olduq
Sözlərimiz dilimizdən qarnımıza düyünləndi
Düyünləri açan qayçı olaydıq.

Yenə o qız olaydı
Məktəbdəki sevgilim
Elə biləydim ki, kağıza yazılan qara-qura sevgi cümlələri
Bir qəlbin ən böyük ovçusudur
Bir sözlə bir insanı ram edə biləydik.

Yenə o atam olaydı
Qocalmayan, yorulmayan
Və hər dəfə səhv edəndə
dünyanın mərkəzində görəydim
Öyrəşməyəydim atamın da adi kişilərdən biri olduğuna.

Yenə o bağ olaydı
Yığışaydıq bütün saf doğmalıq hissi ilə
Pulumuz dəyərdən düşdükcə
qohumluq da dəyərdən düşdü
Bağlardakı süfrələri cənnətin qapısı sanaydıq.

Yenə o Müşfiq olaydı
Yazardı senzuranın ən qalın vərəqlərindən
Hamı qaçsa da
sona qədər dirənəydi
Ədəbiyyatdan özgürlüyə bir nəfəslik açaydı.

MANERA.AZ


Baxış sayı - 2 051 | Yüklənmə tarixi: 16.01.2017 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031