Ömər Eldarov vəzifəsindən azad edildi
Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.
MANERA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 13 iyun 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılıb. Ömər Eldarov həmin ildən akademiyanın rektoru olub.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun 95 yaşı tamam olub. Adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, "İstiqlal", "Şərəf" və "Heydər Əliyev" ordenli akademik Ömər Eldarov Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 20-də Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
* * *
Prezidentin digər sərəncamı ilə, Xalq rəssamı Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, N.Əliyev bu təyinatadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri olub.