manera.az
manera.az

Bu sınaqdan Türkiyəm çıxacaqdır üzü ağ - Gəray Göyyurd yazır

Bu sınaqdan Türkiyəm çıxacaqdır üzü ağ - Gəray Göyyurd yazır
MANERA.AZ şair Gəray Göyyurdun 6 fevralda qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələyə həsr etdiyi poemanı təqdim edir:

Azərbaycan birinci çatdı dada, haraya!

Proloq

Səndən başqa, ay Allah,
Yoxdu mənim pənahım.
Dərdin batmanla gəldi,
Nəydi görən günahım?

Görən nədən acığın
Tutdu mərd millətimə.
Nədən verdin bu boyda
Bəla, dərd millətimə.

Yeri yerdən oynatdın,
Göyü yıxdın üstümə.
Bu qədər şəhərləri,
Köyü yıxdın üstümə.

Ədalət axtaranda
Sənə tutdum, sənə üz.
Səcdən üçün əyildim ,
Hüzurunda çökdüm diz .

Rəhimli, mərhəmətli,
Ədalətli Allahım.
Ürəyi dünya boyda,
Səxavətli Allahım.

Axı nədən görəsən
Bu zülümü göndərdin?
Bu qədər qan -qadanı
Və ölümü göndərdin?

Ağzımızı dirədin
Qayaya, daşa, dağa.
Bəlkə bu fəlakətlə
Çəkdin bizi sınağa.

Yoxladın, nə qədərdir
Xalqın dözümü, tabı.
Bəlkə də bu məqsədlə
Çəkdin bizlə hesabı.

Qurban sənə, bu dərdi
Çox verdin qədərindən.
İnan ki, çıxmaq olmur
Dərdindən, kədərindən .

Dərdin, qəmin, kədərin
Dəryasında batıram .
Saman çöpü əvəzi
Qələmə əl atıram.

Güvənib şeirə, sözə,
Sarılıram qələmə.
Bəlkə belə dov gələm
Dərdə, qəmə, ələmə .

İnanıb bu qəhrəman,
Böyük, azman millətə .
Ürəyimin səsiylə
Gəldim bu qənaətə .

Millətim bu bəladan
Birliyiylə çıxacaq .
Omuz–omuza verib
Dirliyiylə çıxacaq .

Dərdin, qəmin içində
Batıb sozalmayacaq.
Sənə olan inamı
Heç vaxt azalmayacaq .

Viran olmayacaqdır
Şəhərlərlə,köylərlə .
Yıxılıb batmayacaq
Binalarla, öylərlə!

İnanıram möhtəşəm,
Uca Türk millətinə.
Bu millətin qurduğu
Qüdrətli dövlətinə.

Bu sınaqdan Türkiyəm
Çıxacaqdır üzü ağ.
Dırnağıyla yaracaq
Yoluna çıxsa da dağ!

1-ci hissə

Türk doğuldum, dünyaya
Türktək açdım gözümü.
Bu millətdən kənarda
Hiss etmədim özümü.

Öz dərdim,qəmim bildim
Hər qəmini, dərdini.
Doğma qardaşım sandım
Bu xalqın hər fərdini.

Qəlbimdə Türk sevgisi
Doğulandan boy atdı .
Yoluna düşən tikan
Mənim qəlbimə batdı!

O dəprəmin daşları
Yağdı mənim başıma.
Ürəkdən, candan yandım
Orda hər qardaşıma.

Uca Allah şahiddir
Görünməyən tüstümə .
O binalar yıxıldı
Sanki mənim üstümə.

Ürəyim inildəyir
Altında o daşların.
Üzülür mənim kimi
Hər bir vətəndaşlarım.

Başda Prezdentimiz -
Hamı, hər kəs səfərbər.
Yumruq sayaq birləşib
Bütün ölkə -kənd, şəhər.

Hazır-yaraq dayanıb
Qoşmaq üçün köməyə.
Canım can Azərbaycan
Dönüb vahid ürəyə!

Əziz Türk millətinə
Köməyini göndərir.
Hər kəs dualarını,
Diləyini göndərir.

Ürəkdən dua edir
Böyük, uca Allaha.
Türkiyənin gözləri
Dərd görməsin bir daha!

Birinci xanımımız
Əliyeva Mehriban.
Sizinləyik söylədi,
Gözəl qəlbli o insan .

Baxıb bu fəlakətə
Hər kəsin qanı dondu.
Yardıma qərar verdi
Heydər Əliyev Fondu.

Acı,ağrılı xəbər
Yayıldı bu dünyaya .
Azərbaycan birinci
Çatdı dada,haraya!

Xalqımın Türk sevgisi
Ürəkdən, candan gəlir.
Nəsildən nəslə keçir,
İlikdən, qandan gəlir.

Bu sevgiylə qəlbimiz
Bir döyündü, bir vurdu.
Bu qardaşlıq bizimçün
Fəxarətdi, qürurdu!

Bu möhtəşəm qardaşlıq
Turanın özül daşı.
Bütün dünya Türkləri
Bir-birinin qardaşı!

2-ci hissə

Canım, gözüm Türkiyə,
Ey qüdrətli dövlətim,
Acısı acımızdır
Bu ağır fəlakətin.

Viran qalan şəhərlər,
Köylər mənim köyümdü.
Yıxılan o binalar,
Öylər mənim öyümdü.

Orda həlak olanlar
Qardaşımızdır bizim.
Sizinləyik Türkiyə,
Dözümlü ol, əzizim!

Dəprəm alan o canlar
Millətimin canıdır.
Bu fəlakət önündə
Bir olmaq zamanıdır.

Sən yalqız, tək deyilsən
Mənim əziz millətim.
Qayğısı üstündədir,
Bil,hər iki dövlətin.

Dar gündə bir dövlətdir
Azərbaycan Türkiyə!
Bu qüdrətli dövlətlər
Sizə durubdur yiyə.

Qucağını açıbdır
Qayğıkeş bir atatək.
Əziz xalqım, millətim,
Əsla deyilsiniz tək!

İki Cumhurbaşqanı-
Əliyevlə Ərdoğan
Dövlətiylə birlikdə
Sizinlədir hər bir an.

Əlindən nə gəlirsə
Edəcəkdir sizlərə.
Hazır olun,xoş gələn
Günəşli gündüzlərə .

Üstəlik kömək edir
Bir çox dünya dövləti.
Əziz xalqım,millətim,
Dərdə əyilmə qəti !

Epiloq

,,Bu da keçər”,keçəcək
Bu qəmlər, bu qəhərlər.
Salınacaq yenidən
Təzə köylər, şəhərlər.

Tikiləcək binalar
Daha da gözəl,rahat.
Qarşıdadır, öndədir
Xoşbəxt,mutlu bir həyat.

Amma yaddaşımızdan
Silmərik bu anları.
Sayğıyla anılacaq
Zəlzələ qurbanları.

Ruhuna oxunacaq
Fatihələr,dualar.
Bu dəprəmdə töküldü
Min-min günahsız qanlar.

Yandıq bu fəlakətə,
Yandıq candan, ürəkdən.
Nə qədər körpə canlar
Heç çıxmadı bələkdən!

Həyatını qayb etdi
Ömrün fidan çağında!
Ah , necə dözmək olar
Bu dərdin qabağında?!

İnsan gərək daş, qaya,
İnsan gərək dağ olsun.
Sən ey əziz millətim,
Yenə başın sağ olsun!

12.02.2023

Bu sınaqdan Türkiyəm çıxacaqdır üzü ağ - Gəray Göyyurd yazır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930