manera.az
manera.az

Dəmir yumruğumuzdur: dövlət, millət, ordumuz - Gəray Göyyurd

Dəmir yumruğumuzdur: dövlət, millət, ordumuz - Gəray Göyyurd
MANERA.AZ şair Gəray Göyyurdun 44 günlük Vətən müharibəmizdəki Zəfərimizə yazdığı "Dövlət, Vətən, Ordu, Xalq" lirik poemasını təqdim edir.

Proloq

Sənin qüdrətinə arxalanıram,
Sənə güvənirəm, İlahi, sənə.
Sən mənə qüvvət ver, dastanlar yazım
Bu dövlətə, bu orduya, vətənə.

Tək bir "Ol" sözünlə yaratdın, Allah,
Bu boyda dünyanı, bu kainatı.
Mənə kömək eylə qoy büdrəməsin,
Bu şərəfli yolda ilhamın atı.

Sözün gözəlini seç, göndər mənə,
Mən də misra–misra yazım dəftərə.
Yazdığım hər kəlmə xeyrə güc versin,
Güllə kimi dəysin nadürüst şərə!

Şeirimdən güc alıb qoy çiçəklənsin,
Vətənim, torpağım, yurdum, İlahi.
Firavan yaşasın xalqım, millətim,
Daha güclü olsun ordum, ilahi!

Şeirimi oxuyan hər kəs, hər nəfər
Candan artıq sevsin yurdu, milləti.
Bu sevgidən, məhəbbətdən güc alıb
Artsın dövlətimin gücü, qüdrəti.

Açılsın vətənin, xalqımın başı,
Hər cür qovğalardan, hər qeylü-qaldan.
Ana vətənimin hər bir qarışı,
Qurtarsın bir yolluq mənfur işğaldan.

Qazdığı quyuya düşsün düşmənlər,
Bizim xeyrimizə işləsin zaman.
Ordumuz gözütək yurdu qorusun,
Vətən cənnət olsun, millət firavan!

1-ci hissə

Mənim əziz millətim,
Gəlin hər şeydən qabaq
Vətən məhəbbətindən
Danışaq, söhbət açaq.

Vətən hər bir canlının
Göz açdığı torpaqdı.
Vətən, ana sevgisi
Hər sevgidən qabaqdı.

Hər insanın, hər kəsin
Udduğu hava-vətən.
Aslana öz kahası,
Quşlara yuva-vətən.

Dağ kəlinə zirvəsi,
Qartala göy üzüdü.
Bülbüllərə gülüdü,
Ceyranlara düzüdü.

İgidlərin qeyrəti,
Şərəfidi, şanıdı.
Qazilərin al qanı,
Şəhidlərin canıdı.

Qazilər bu vətənə
Halal etdi qanını.
Şəhidlər uf demədən
Bağışladı canını.

Vətən, ana sevgisi
Sevgilərin şahıdı.
Gündüzlərin günəşi,
Gecələrin mahıdı.

Odur açan cahana,
Dünyaya gözümüzü.
Onunla tanıyırıq
Vətəni, özümüzü.

2-ci hissə

Sevin ana vətəni,
Sevin ürəkdən, candan.
Vətənə olan sevgi
İmandandır, imandan!

Bu sevgisiz yoxdu, yox,
Vəd olan gözəl cənnət!
Vətəni, yurdu sevmək
Səadətdir, səadət!

Cənnət həm bu dünyada,
O dünyada vətəndir.
Qüdrətli dövlətimiz
Ana vətənə təndir.

Vətənsiz dövlət yoxdu,
Dövlətsiz də ki, vətən.
Ona görə deyirəm
Dövlətdir vətənə tən.

Dövlətsiz olan vətən
Ağrı-acıdır, dərddir.
Göyçə, Vedi, Zəngəzur,
İrəvandır, Dərbənddir.

Üstündə yoxdur heç bir
Hüququmuz, haqqımız.
Qurulmasa orada
Dövlət adlı taxtımız.

Dövlət, vətən eynidir,
İzaha yoxdu gərək.
Vətəni kim sevirsə
Dövləti sevsin gərək!

Hər kəs bunu bilməli,
Budur ali həqiqət.
Dövləti quranlara
Rəhmət olsun, min rəhmət!

3-cü hissə

Bizlərə əmanətdir
Vətənimiz, yurdumuz.
Başımızın tacıdır
Dövlətimiz, ordumuz!

Dövlət nədir?-Millətin
Yol göstərən mayağı.
Millət kimdir?-Ordumun,
Dövlətimin dayağı.

Dəmir yumruğumuzdur
Dövlət, millət, ordumuz.
Bu yumruqla qorunur
Vətənimiz, yurdumuz!

Bu yumruğu Allahım
Yaman gözdən qorusun.
Yumruqtək möhkəm olsun
Elim, obam, ulusum!

Bir də işğal görməsin
Heç zaman Qarabağım.
Dalğalansın qürurla
Şuşada al bayrağım!

Odur hər bir əsgərin
Güc-qüvvəti, təpəri.
Onsuz qazanamazdıq
Biz bu böyük zəfəri!

4-cü hissə

O elə bir zəfər ki
Otuz ildi gözlədik.
Yaramızı duzladıq,
Qəlbimizi közlədik.

O zəfərə doğru biz
Yaramızda duz getdik.
Qorlanan qəlbimizdə
Ocaq–ocaq köz getdik.

Oddan, alovdan keçib
Qazandıq qələbəni.
Xoşbəxt, bəxtəvər etdik
Bu milləti, vətəni!

Nə xoşbəxtdir bu vətən,
Bəxtəvərdir bu dövlət!
Vətən üçün, dövlətçün
Döyüşdü uca millət!

Atdı umu-küsünü,
Ürəktək bir döyündü.
Dövlətiylə fəxr etdi,
Ordusuyla öyündü!

Çevrildi sal qayaya,
Mənim əziz millətim.
Sevgisi dağlar boyda,
Eşqi dəniz millətim!

Orduya kömək oldu
Hər fərdi, hər nəfəri.
Haqqı vardır hər kəsin
Öyməyə bu zəfəri!

5-ci hissə

Zəfər, ey şanlı zəfər,
Sevinc göz yaşım mənim.
Sənin ilə sevindi
Torpağım, daşım mənim.

Çiçəklədi torpaqda
Şəhidlərin al qanı.
İgidliyi, mərdliyi
Heyran qoydu cahanı!

Yarpaqladı, gül açdı,
On milyonluq bir dilək.
Səndən söhbət düşəndə
Sinəmə sığmır ürək!

Ürəyim dağa dönür
Qürurdan, fəxarətdən!
Necə şeir yazmayım
Bu ordudan, dövlətdən?!

Müzəffər ordumuza
Ürəyim, canım fəda.
Gəray Göyyurda gəlsin
Dövlətə gələn qada,
Vətənə gələn qada!

Epiloq

Vətən, dövlət, ordu, xalq
Budur ən ali birlik!
Birliyimiz olarsa
Mütləq olacaq dirlik!

Gül açıb bar verəcək
Xalqın hər bir diləyi.
Daşdan çıxmayacaqdır
Heç bir kəsin çörəyi.

Varlı, zəngin olacaq
Hər bir kəs bu ölkədə.
Qayğısız qalmayacaq
Bir nəfər də kölgədə.

Quruculuq işləri
Bitəcək bu gün, sabah.
O günləri bizlərə
Qismət eləsin Allah!

Qarabağı təzədən
Quraq, yaradaq, tikək.
Sevincdən, iftixardan
Dağlara dönsün ürək!

Gəlin əl-ələ verək.
Dayaq olaq dövlətə.
Viran qalan Ağdamı
Qoy çevirsin cənnətə!

Güllü gülüstan olsun
Qarabağ başdan-başa.
Cənnətə girən sayaq,
Əziz xalqım, gir, yaşa!

Baxıb sevin, fərəhlən,
Yaşa, azad, firavan.
De, nə gözəl dünyadı,
Ah, nə gözəl bir dövran!

Mutlu, xoşbəxt ömür-gün,
Əziz millətim, xalqım.
Halal ana südütək
Sənin haqqındır, haqqın!

Sən müzəffər ölkənin
Qalib vətəndaşısan.
Dövlətim güclü olar
Sən firavan yaşasan!

O günlər yaxındadır,
Yazıram mən inamla.
Vəsf edəcəm o günü
Coşqun təblə, ilhamla!

Qələbənin kökləri
İşlədikcə dərinə.
Qaçqınlar bir nəfərtək
Dönəcək vətəninə.

Bu birliyin üstündə
Körpə uşaqtək əsin.
Onu sevib qorumaq
Borcudur hər bir kəsin !

Qoruyaq və uğrunda
Uf demədən verək can.
Ən böyük birliyimiz -
Türkiyə, Azərbaycan!

22. 05.2022.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31