Ankarada "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabı təqdim olundu - FOTOLAR
Ankarada Prezident Adminstrasiyasının Millət Kitabxanasında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin, Türkiyə Milli Müdafiə Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı və konsert proqramı keçirilib.
MANERA.AZ xəbər verir ki, "Qarabağ Azərbaycandır!" şüarı ilə keçirilən tədbir Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərə həsr olunan foto və kitab sərgisinin nümayişi ilə başlayıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun, Türkiyə milli müdafiə naziri Hulusi Akarın, Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpus təmsilçilərinin, Türkiyənin hərbi təhsil məktəblərində təhsil almaqda olan azərbaycanlı kursantların, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin rəsmi hissəsində Bakı şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun türk dilində birgə nəşri olan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabının təqdimatı baş tutub. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışı edərək Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm zəfərə kitablar, salnamələr həsr olunduğunu qeyd edib və təqdim edilən kitabın bu baxımdan önəmini vurğulayıb.
AMEA Tarix İnstitutunun Baş direktoru Kərim Şükürov çıxış edərək kitabın yaranma prosesi barədə məlumat verib. Tarixçi alim süni şəkildə yaradılmış Qarabağ problemindən danışıb və sözügedən kitabın öz ərazi bütövlüyünü uğurla bərpa edən qüdrətli Azərbaycanı, onun müzəffər liderini tərənnüm etdiyini bildirib.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda milli ordu quruculuğunun Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başladığını qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndiyini bildirib.
Nazir Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün əməliyyatlara birbaşa rəhbərlik etdiyini bildirib.
Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycanın dünyada tətbiq edilən ikili standartlara rəğmən, cənab Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsində şanlı qələbə qazandığını qeyd edib.
Nazir Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığından danışıb və qardaşlığımızın əbədiyyətə qədər davam edəcəyinə əminliyini ifadə edib.
Tədbirin davamında Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən hazırlanmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə bağlı qısa film nümayiş etdirilib.
Mərasim bədii hissədə Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi orkestrinin və azərbaycanlı sənətçi Çinarə Məlikzadənin ifaları ilə davam edib.