manera.az
manera.az

Çətirli küçə - HEKAYƏ

Çətirli küçə - HEKAYƏ
Ürəyimdə mühakimə edərək əməlli-başlı məhkəmə qurduğum anda ondan ismarıc alıram: “Saat 8-də səni çətirli küçədə gözləyəcəm”.

Ağlımda getməməyi qərarlaşdırsam da, ürəyim dərhal “gedəcəksən” deyir. Əlüstü hazırlaşıram. Həm də bu dəfə daha baxımlı olmağa çalışıram. İstəyirəm daha çox xoşuna gəlim. Amma ağlımda tamam başqa şeylər planlaşdırmışdım. Ağıl da ki, nə ağıl… Ağlım olsa, dəli-divanə olub arxasınca sürünmərəm ki…

Demək, bu şəhərdə də çətirli küçə varmış. Səyahət etdiyim yerlərdə rast gəlsəm də, yaşadığım şəhərdə belə küçə olduğunu bilmirdim. Özü də lap yaxınlıqda imiş.

Onun dediyi vaxtdan xeyli əvvəl gəlib küçəni dolaşıram. Göyün üzündən asılmış al-əlvan çətirlər küçəni əməlli-başlı mühafizə edib. Qəribə ruhu varmış bu küçənin. Əhvalım xeyli yüksəlir. Halbuki, bura gələndə ürəyimdə xeyli müəmmalar, tərəddüdlər vardı. Tərəddüdlərim də səbəbsiz deyil. Son vaxtlar o, mənə qarşı əməlli-başlı soyuq və laqeyddir. Tez-tez itib-batır. Düz bir aydır, nə zəng edib, nə də bir ismarıc yollayıb.

Küçəni dolaşaraq onun hansı tərəfdən gələcəyini müəyyənləşdirməyə çalışıram. Uzaqdan görüncə ürəyim çırpınır. Hələ canıma xoşbəxtliyə oxşar bir duyğu da yayılır. Ona görə oxşar deyirəm ki, arxayın deyiləm bu duyğudan. Düz üstümə gəlir. Həmişə belədir, itib batandan sonra heç nə olmamış kimi xoş əhvalla geri dönür.

Onu görüncə ürəyim döyünür, “hardasan qaçqın?” deməkdən özümü saxlayammıram. Eşitməzliyə vurur. Deyəsən, ciddiyə almır. Mısmırığımı sallayıram. Küçənin başındakı xudmani restoran-kafeyə üz tuturuq. Kafenin qapısındakı gözətçi də, sarısaç xidmətçi də onu ehtiramla qarşılayır.

Yenə dilimi dinc qoymuram:
- Deyəsən, kafedəkiləri əməlli-başlı tanıyırsan.
- Dostlarla hərdən gəlib əyləşirik - burnuma çırtmayla vurur.

Kafenin künc tərəfində əyləşirik. Beynimi işə salır, planlar qururam. İstəyirəm, birbaşa diqqət mərkəzində olum. Gözlərini məndən çəkməsin.

Kompliment, filan, sevgi etirafları…Gözlərinin içinə baxıb gülümsünürəm. O isə baxışlarını uzağa zilləyib. Deyəsən, fikri başqa yerdədir. Amma gözlərinin içi gülür. Belədə içimə qəzəb dolur. Necə deyərlər, mərdi-mərdanə, düzü-düzünə hücuma keçmək istəyirəm. Üzünə baxıram. Üzündə elə bir rahatlıq var ki, doğrusu, adam bu rahatlığı pozmaqda aciz qalır. Açıq-aydın görünür ki, əhvalı yuxarıdır. “Döyüş ruhum” öz-özünə sönür. Əlini atıb saçıma sığal çəkmək istəyir, başımı qaçırıram. Təəccüblə üzümə baxır:

- Çətirli kafe ciddiyəti sevməz.
- Amma mən ciddi münasibətləri sevirəm. Məsələn, bir aydır yoxa çıxmağın heç də ciddi sayılmaz. Ümumiyyətlə, son vaxtlar neçənci dəfədir itib-batırsan.

“İtib-batırsan” sözü heç də yaxşı səslənmədi. Ürəyinə toxunmaq istəmirəm. Bir qədər duruxub söhbəti davam etdirirəm:

– Bir sözlə, mən münasibətlərimizin aydınlaşmasını istəyirəm. Mən istəyirəm ki…

Artıq nələrsə baş verir. Özüm də özümə mat qalıram.

O, gözləriylə ofisiantı axtarır, hiss edirəm ki, mənə qulaq asmır.

Qalib görünmək istəyim yenə də suya düşür. Nümayiş etdirmək istədiyim qətiyyət-filan heç cür alınmır. Daxilən məğlub olduğumu qəbul edir və özümə əməlli-başlı qəzəblənirəm.

Ofisiant qadın bizə yaxınlaşır. Əlində tutduğu sinidəki büllur qədəhləri və növbənöv yeməkləri masanın üstünə qoyur. O, qədəhlərə qırmızı şərab süzür. Şən səslə qədəhini yuxarı qaldırır.

- Sənin sağlığına! Dedi-qodular, giley-güzarlar bu andan bitdi! Həyat gözəldir!

Qədəhimi yuxarı qaldırıram. Həmişəki kimi dodağıma toxundurub yerə qoyuram. O isə başına çəkib, dalğa-dalğa süzülən musiqi sədaları altında yerində yırğalanaraq ağappaq nimçələrə yemək çəkir.

Az keçməmiş restoranın masaları dolur. Son vaxtlar efirdən düşməyən “sırtıq” müğənni masaların arası ilə gəzişərək şən mahnı ifa edir. Əslində, mən sakit bir yerdə əyləşməyimizi istəyərdim. Adam balası kimi söhbətimi edərdim. Diqqəti də məndə olardı. Ayda-ildə bir dəfə görüşürük. Qəsdən dinib-danışmıram. Yəqin, indicə bostan oyuğu kimi donuq qalmağımın səbəbini öyrənmək istəyəcək. Bir qədər də sussam mütləq diqqətini çəkəcək.

Özümü sıxıram. Amma heç vecinə də deyil! Səslənən mahnını dodaqaltı zümzümə edərək müğənniyə yoldaşlıq edir. Susmaq da işə yaramır. Bu dəfə başqa yöndən diqqətini çəkmək istəyirəm. Həm də gərgin olmağımın səbəbini sığortalamaq üçün söhbətə tamamilə başqa səmtdən başlayıram:

- Bilirsənmi, nə fikirləşirəm? Sən demə, mübariz olmaq da bir şey deyilmiş. Son günlər adamlarla aramızda gərginlik yaranıb. Adamlar məntiqsiz, düşüncəsiz şəkildə gündəmə atılırlar, hamısı da az qala xorla danışır, hər şeyə anında münasibət bildirirlər. Mən isə hesab edirəm ki, kütləviliyə hesablanmış hərəkətlərin arxasında həmişə məqsədli sifarişlər və aldanışlar dayanır. Haqlı olduğumu bilirəm. İstəsəm, bunu sübut edə bilərəm. Amma tək qalmaq, axına qarşı hərəkət etmək də asan deyil…

O, diqqətlə üzümə baxır. Aha, bu dəfə bütün fikri məndədir.

Amma deyəsən, çox uzaqdan başladım axı. Hər halda diqqətini çəkə bildim. Həm də o, belə mövzularda uduzan deyil. Bu saat tam əksini gətirəcək. Həmişə də məni məğlub etməyə çalışır. Belə də olur:

- Sənə elə gəlir. Sən öz məntiqini güclü hesab edirsən, öz düşüncəndə bunu isbatlayırsan. Bu, sadəcə sənin fərqli görünmək cəhdindir. Reallıq isə düşüncəyə deyil, təcrübəyə və gücə hesablanır. Güclü olan qalib gəlir. Və sən fərd kimi təkliyə çəkilmisənsə, uduzacaqsan. Haqlı olmaq və güc başqa şeylərdir.

Razılaşmıram, etiraz etmək istəyirəm. Onunla bu mövzuda kifayət qədər danışmaq mümkündür. Yeganə sahədir ki, söhbətimiz yaxşı tutur. Ona görə belə mövzulara tez-tez girişirəm. Əlbəttə, istəməzdim ki, söhbətimizin mövzusu bu olsun. Mən sığallanmaq, sevilmək istəyirəm. Qoluma toxunur.

- Yaxşısı budur rəqs edək, kefimiz açılsın.

Ayağa qalxıb ortada rəqs edənlərə qoşuluruq. Məni özünə tərəf çəkir, nəfəsini üzümdə hiss edirəm. Xoşbəxt olmaq, fərəhlənmək üçün az qala qanadlanıram. Aramızdakı hərarət dalğa-dalğa canıma yayılır, bədənim gizildəyir. Mən xoşbəxtəm!

Az sonra içimdəki müəmmalar, şübhələr yenə baş qaldırır, qollarımdan yapışan bu adamın məndən uzaq olması hissi canıma yayılır.

Evə çatan kimi tuflilərimi çıxarıb hərəsini bir küncə tullayıram. Deyəsən, bu adam məni ciddiyə almır. Görəsən, onun üçün nə qədər əhəmiyyətliyəm? Aramızdakı tarazlıq nə qədər pozulub? Yaxud, onun həyatının harasındayam? Guya birdəfəlik soruşacaqdım. Ortada çözüləsi çox şey vardı. Danışmalıydım axır ki! Aydınlaşdırmaq olardı hər şeyi. Bu çətirli küçə nədənsə məni yaman çəkdi…

Düz bir həftə sonra yenidən çətirli küçəyə yollanıram. Gəzişə-gəzişə onu düşünürəm. Hüdudsuz hisslərimin ortasında qəti qərara gəlmək istəyirəm.

Küçənin başındakı restoran-kafenin işıqları yanıb sönür. Nədənsə, ürəyimdən içəri daxil olmaq keçir. Dərhal özümə qadağa qoyuram: olmaz! Amma içəri daxil olacam! Ürəyimdən keçdi, qurtardı! Özümü tanıyıram axı... Bir qədər tərəddüddən sonra qərara alıram ki, əyləşib bir stəkan çay, yaxud bir fincan kofe içməkdə heç bir qəbahət yoxdur. Sadəcə, qapı tərəfdəki küncdə əyləşmək lazımdır. Tək olduğum üçün diqqət çəkmək istəmirəm.

Masamı gözümlə işarələyib küncdə əyləşirəm. Sarısaç ofisiant masaya yaxınlaşır, üzünə gülümsünürəm. Məni tanıdığını zənn edirəm. Yəqin, keçən dəfə yadında qalıb. O da gülümsünür, amma hiss edirəm ki, məni tanımır. Kofe sifariş edirəm. Yanaşı masada əyləşən kişi gözlərini üzümə zilləyir, baxışlarımız rastlaşanda gülümsünür, diqqətimi çəkməyə çalışır. Əhəmiyyət vermirəm. Restoranın alaqaranlığına gözüm alışandan sonra onunla əyləşdiyimiz masanı axtarıram. Gözümü sıralanmış masalara gəzdirirəm. Birdən-birə sanki elektrik cərəyanına toxunuram. Bədənimdən gizilti keçir.

Ürəyim sürətlə vurur. O, gənc bir qızla üzü divara əyləşib. Şirin-şirin danışıb gülürlər. Hiss olunur ki, əhvalları gözəldir. Qızın üzü mənə tərəf olduğundan ürəyim döyünə-döyünə əməlli-başlı nəzərdən keçirirəm. Etirafımdan xoşlanmasam da, deyim ki, qəşəng qızdır. Dodağını al qırmızı boyaması nəzərə alınmasa, zövqlə bəzənib. Sərt, cingiltili səslə gülür. Masadakı büllur qədəhlər bu səsdən çiliklənə bilər. Qırmızı şərabla dolu qədəhləri yuxarı qaldırırlar. O, ucadan: “Sənin sağlığına!” - deyir. Qız şərab rəngli dodaqlarını qədəhə toxundurur.

Yenidən gülüş səsləri eşidilir. Sonra musiqi sədaları altında rəqs edirlər. Keçən həftə bizim rəqs etdiyimiz musiqidir. Aralarındakı hərarəti də hiss edirəm. Bu hərarət alova çevrilib canımı yandırır. Ürəyimə sərhədi bilinməyən qısqanclıq dolur. Mənə elə gəlir ki, dünyada bundan xoşbəxt cütlük yoxdur. Yox, daha bir dəqiqə də burda dayanmaq olmaz! Ölə bilərəm!

Kofe fincanımı nəlbəkiyə qoyub astaca ayağa qalxıram. Restorandan çıxıram. Demək, belə... Özümü məğlub edilmiş döyüşçüyə bənzədirəm. Al qırmızı pomadalı qız məni döyüşsüz şil-küt edib. Yerlə-yeksanam! Mən dünyanın ən məğlub insanıyam. Məni öz sevgimdən diksindirdilər. Lap elə bədbəxtəm də deyə bilərəm. Kafedə səslənən musiqini zümzümə edirəm. Dənizin sahilinə düşürəm, xeyli gəzişirəm. Ürəyimdəki təlatümə baxmayaraq beynim aydın şəkildə düşünür. Bu dəfə açmaq istədiyim kələfi daha soyuq başla didişdirməyə çalışıram. Bəlkə də heç nə dəyişməyib, o, elə əvvəldən belə imiş.

Onsuz da çoxdan hiss etmişdim ki, bu adam özünü sevən adamdır, həm də özünəməxsus soyuqluğu, laqeydliyi var. Sadəcə olaraq açıqlamaq zamanı indi yetişib. Bəs münasibətimiz? Aha, deyəsən onun da cavabını tapıram. Görünür, əlbəttə onun tərəfdə sevgi-filan yox imiş, sadəcə, xoşuna gəlmişəm. İndi marağı azalıb. Bəs elədirsə, niyə tamamilə çəkilib getmir? Tez-tez heç nə olmamış kimi geri qayıdıb özünü sevdirə bilir. Müəmma da elə sevdirə bilməsindədir. O, mənə özünü sevdirir.

Yolboyu fikirlər beynimi döyəcləyir. Yaxşı, bu adamla nə edim? Bir çıxış yolu, bir çözüm olmalıdır axı.

Bəlkə, bundan sonra gələn zənglərinə, ismarıclarna cavab verməyim? Telefonumu söndürüm, itib-batım, sakit və səssiz bir-birimizin həyatından yox olaq?.. Onsuz, gec, ya tez bu olmalıdır. Ayrılıq gözəniləndir. Adam hissə-hissə, damla-damla soyuya bilir. Birdən bacarmasam? Ürəyimdən siləmməsəm? Lənət şeytana!

Uzun çək-çevirdən sonra ona ismarıc yazıram: “Artıq aramızda soyuq atmosfer mövcuddur. Ötən hər bir dəqiqə, hər bir saat bizi bir-birimizdən uzaqlaşdırır. Yəqin, fərqindəsən. Sənin soyuqluğun və bəzi başqa faktlar çox şeydən xəbər verir. Ayrılmağımız qaçılmazdır. Odur ki, gecikdirməsək yaxşıdır!” Barmağımla telefonun düyməsinə toxunub mesajı göndərirəm. Vəssalam! Rahat nəfəs alıram. Çox keçmədən cavab gəlir: “Sabah işdən çıxarkən məni gözlə! Mütləq gözlə!”

Yenə də məni qərarsızlığa atır, fikir burulğanına salır. Yenə də ümidləndirir. Ürəyimdə saralıb qurumaqda olan ümid toxumları yenidən cücərməyə başlayır. Görəsən, görüşərkən nə deyəcək? Yəqin nədən ayrılmaq istədiyimin səbəbini soruşacaq, üzrxahlıq edəcək. Yüz faiz belə olacaq. Bəlkə, başqa nələrisə açıqlayacaq. Ümumiyyətlə, görüşmək lazımdırmı? Bəlkə, heç görüşməyim. Demişdim axı, güclü olmaq, qətiyyət-filan... Amma onu kafedə başqasıyla gördüyümü deməliydim. Yəqin, özü anlayacaq. Elə şeylər var dillə deyilmir, hiss etdirilir...

Səhər evdən çıxarkən ürəyimdə işdən sonra onu gözləyib gözləməyəcəyimi çək-çevir edirəm. Bir qərara gələ bilmirəm. İçimdən bir səs “Gözləyəcəksən!” deyir.

Binamızın tinindən keçərkən hiss edirəm ki, kimsə məni izləyir. Kölgəsindən tanıyıram, hər səhər rastlaşdığım Qaraşın oğlandır. Elə bilir, onu görmürəm. Ürəyimdə “Mənim Məcnunum” deyərək hər dəfə məzələnirəm onunla. Yenə həmişəki kimi, binanın tinində dayanıb baxışlarıyla məni ötürür. Hər gün dayanacaqdan yola salır, amma yaxınlaşıb bir kəlmə də demir. Bu oğlan hətta bir dəfə az qala məni ölümdən də qurtarıb. Küləkli bir gündə qulaqcığımı külək alıb birbaşa böyük magistral yolun ortasına atmışdı. Anidən özümü yola ataraq qulaqcığı götürmək istəyəndə özünü irəli verib qolumdan yapışmışdı. Cəld hərəkət etməsəydi, bəlkə də, sürətlə tindən çıxan yük maşınının altına düşəcək, asfalta yapışacaqdım.

Deməli, bu adam mənim qəhrəmanımdır. Lap filmlərdəki kimi... Amma heç dəyişmir, qəhrəmanım yenə də əvvəlki kimi sakit və təmkinlidir. İnadla məni izlədiyini hiss etdirməməyə çalışır. Birinci dəfədir ki, düz yaxınlığında dayanıb salamlaşıram. Deyəsən, özünü itirir. İlk dəfə diqqətlə üzünə baxıram və ürəyimdən keçir ki, yaraşıqlıdır. “Onun yaraşığından sənə nə?” dərhal özümü yığışdırıram. Ehmalca salamlaşırıq. Gözlədiyim marşrut görünmür, bu gün nədənsə xeyli ləngiyir. Narahatlıqla dayanacaqda o tərəf-bu tərəfə var-gəl edirəm.

Və budur, Qaraşın oğlan dillənir. Deyəsən, axır ki, tilsimi qırır:

- Bağışlayın, sizin gözlədiyiniz marşrut öz xəttini dəyişib, yoldakı nasazlıq üzündən daha bu küçədən keçmir. Gərək yolunuzu dəyişəsiniz.

“Paho! Mənim yolumu dəyişib dəyişməyəcəyimdən sənə nə?” demək istəyirəm. Amma demirəm.

- Barı xəbərdarlıq edərdilər - söylənirəm.
Üzünə baxıram.
- Nədən bildiniz, mənim marşrutum hansıdır?
Gülümsünür. Qeyri-ixtiyari mən də gülümsünürəm.

O biri küçəyə keçirəm. Bir söz demədən o da mənim yanıma düşür. Qoşa addımlayırıq. Nədənsə, etiraz edə bilmirəm. O, durmadan danışır, sehrlənmiş kimi onu dinləyirəm. Sanki illərin tanışıyıq. Onun yanında özümü çox rahat hiss edirəm.

Qaraşın oğlan çox xoşbəxt görünür.

- Açığını deyim, xeyli müddətdir izləyirəm... Çox xoşum gəlir səndən... Səhərlər səni ötürməsəm sanki bütün günüm boş keçir.

Açığı xoşuma gəlir onun bu etirafları. Ürəyimdə xoşhallanıram. O isə qəfildən susur. İstəyirəm deyim ki, nə oldu, niyə susdun? İstəyirəm, durmadan danışsın, çox danışsın.

- Bəs niyə yaxınlaşıb heç nə demirdin? Həmişə lal divar kimi dayanmısan.

Az qalıram Qaraşın oğlanla davaya çıxam. Nədənsə onun susqunluğu məni qəzəbləndirir. Düz gözlərinin içinə baxıram: Hə nə oldu? Danış!

O isə deyəsən konkret danışmağı sevir.

- Düzü, heç özüm də bilmirəm... Hər gün yaxınlaşıb ürəyimi açmaq istəyirəm, alınmır. Bir də ki... Elə şeylər var, dillə deyilmir, hiss etdirilir.

Dayanıb üzünü əks səmtə tutur.

- Bəlkə, çətirli küçəylə gedək, qəribə ruhu var o küçənin.

Təəccüblə üzünə baxıram. Az qalıram deyim ki, mən də belə düşünürəm, Qaraşın oğlan! Mənim kimi düşünürsən. Ruhlarımız çox yaxındır, xəbərin varmı? Küçənin başındakı meydanı dolanıb çətirli küçəyə çıxırıq. Hardansa canıma qəribə bir rahatlıq axır. Bu rahatlığın içərisində bir arxayınçılıq, əminlik var. Deyirlər, adam yalnız rahat olduğu yerdə xoşbəxt olur. Nə bilim... Külək çətirləri astaca yellədir, çətirlərin arasından göyün üzü görünür.

Üzümü göyə tuturam:

- Amma küçənin mühafizəsində boşluq var...

Mənzil başına çatıb sağollaşmaq üçün üz-üzə dayanırıq. Qaraşın oğlan həyəcanla nələrisə anladır, bir az da tələsir. Yaraşıqlı üzündə özünü isbat etməyə çalışan və həyəcanla qərar gözləyən bir məhkumun ifadəsi var. Onu çox gözəl anlayıram. Amma qərar verməkdə qərarlı deyiləm. Qaraşın oğlanla üz-üzə dayansam da yenə fikrim axşam ona yazdığım ismarıcın yanına uçur.

***

İsmarıcda yazmışdı ki, işdən çıxıb məni gözlə. Mütləq gözlə! Elə onun dediyi yerdə gözləyirəm. Həmişə burda görüşürük. Dediyi vaxtdan xeyli ötüb, hələ də görünmür. Gözləməkdə israrlıyam. Sona qədər gözləyəcəyəm! Bəlkə, bu, sonuncu görüşümüz olacaq və yaxşı xatirə buraxmayacaq. Bəlkə, birdəfəlik ürəyimdən siləcəm. Yenə də olsun. Necə olsa görüşəcəyəm!

Birdən-birə göyün üzü tutulur, yağış yağmağa başlayır, getdikcə şiddətlənir. Səhərki havaya baxanda deməzdin yağar.

Damlalar get-gedə bərkiyərək sökülməsi nəzərdə tutulmuş əyri, yapalaq damların qırmızı örtüyünü inadla döyəcləyir. Başına çətir tutmuş adamlar bir andaca səkidən, küçədən qeyb olurlar. Küçədə təkcə mən qalıram, bir də yaxınlıqdakı dayanacağın qoca gözətçisi. Qoca heç yerə tələsmir, tam arxayındır, balaca otağında şəstlə əyləşərək qarşısındakı çayın seyrək buxarı arasından yağışı seyr edir. Birdən başını pəncərədən çıxarır, hökmlü səslə dillənir:

- Bu qədər yağışın altında dayanmaq olar?! Tamam islanmısan! Gəl, heç olmasa içəridə gözlə, xəstələnəcəksən!

Ürəyimdə ona söylənirəm: “Bircə sən çatmırdın!”

Gülümsünərək mızldanıram:
- Heç nə olmaz!
- Heç nə olmaz, heç nə olmaz…
Qoca dodaqaltı deyinir, sonra sanki ultimatum verir:
- Barı özünlə çətir götürəydin! Hanı çətirin?!
Bu dəfə məğlub səslə dillənirəm:
- Çətiri heç xoşlamıram. Zəhləm gedir çətirdən.
Qoca inadkarlığından əl çəkmir.
- İstədin-istəmədin dəxli yoxdur! Qadının çətirə həmişə ehtiyacı olur!

Yox bir, çətir! Ürəyimdə söylənirəm.

Qoca mənə baxaraq dodaqaltı nə isə danışır və nəhayət əl çəkir.

Yağışın altında boş küçə ilə gəzişirəm. Qocanın narahatlığını da özümlə o baş-bu başa aparıram.
Təpədən dırnağadək islanmışam. Onun dediyi vaxtdan artıq iki saat keçib. Hələ də yoxdur. Küçədə yığışan suyun içi qırıq-qırıq ümidlərlə dolur. Gölməçə dolub ətrafa daşır. Amma yenə də inadla gözləyirəm. Qəzəbdən, inaddan çox özümdən intiqam almağa çalışıram. Düşünürəm ki, nə qədər çox əzab çəksəm, o qədər güclü və qərarlı olacam. Dişim-dişimə dəyir, titrəyirəm. Qoca düz deyir, yəqin, xəstələnəcəm. Başımı qaldırıb göyə baxıram. Göyün üzü boz rəngli toz dumanına bürünüb. Bu an mənə elə gəlir yağış mənə görə yağır və onun altından çıxmağa gücüm çatmayacaq.

Bəlkə, elə bu yağışın altında öləcəm. Suyu sürətlə canıma çəkirəm. Amma hər nə də olsa, ölmək istəməzdim. Yaşamaq istəyirəm. Suya düşmüş sərçə balası kimi ətrafa boylanıram.

Birdən başımın üstündə günəş doğur; bu nədir, yağış birdən-birə necə kəsdi? İndicə göydən su axırdı axı. İndi hər tərəf qupqurudur, yağış kəsib, hava isinib. Deyəsən, möcüzə baş verir. Göyün rəngi də dəyişib, al-əlvandır. Üzərimdəki göy qurşağını andıran, rəngləri bir-birinə qarışmış yarımşəffaf örtüyün çətir olduğunu anlayıram. Səhər məni ötürən Qaraşın oğlan ərklə çətiri mənə uzadır, sonra qayğıkeşliklə dillənir:

- Götür, əməlli-başlı islanmısan - üzünü göyə tutur - bu yağış deyəsən kəsənə oxşamır.
Bir söz demədən soyuqdan buz kimi donmuş əlimi uzadıb çətiri götürürəm.

Qaraşın oğlan qoluma toxunur:

- Gedək!

Yenə də qoşa addımlayırıq.

Qoca gözətçi pəncərədən başını çıxardıb bizə baxır, məmnunluqla gülümsünür.
Qaraşın oğlanla yanaşı küçənin başındakı meydana tərəf gedirik. İstiqaməti o seçir. Bu an tamamilə onun tabeliyindəyəm. Hansısa sehrli qüvvə məni öz ağuşuna alıb. Meydanın o tərəfi çətirli küçədir. Çətirli küçə qupqurudur…

Yağış hələ də kəsməyib. İkimiz də susmuşuq. Yalnız ürəyimizin döyüntüsünü və çətirə çırpılan yağış damlalarının səsini eşidirik. Damlalar məchulluqdan boylanan naməlum bir xoşbəxtliyin qapısını döyür.

Narıngül NADİRБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930