Xaliq Rəhimli - Cənnət havası

(hekayə)
Anam birdən- birə xəstələndi. Yatağa düşməzdən əvvəl ona baş çəkməyə getmişdim. Əhvalı yaxşıydı.Yeriyirdi ,özünü girələyirdi. Amma qəfildən halının pisləşməsi ətrafındakıları karıxdırdı. Niyə belə oldun,- deyib soruşanda –heç nə bilmirəm cavabını verdi. Sən demə atama-anama baxan bacım bir az ayın-üyün almağa gedərkən anam evdə yıxılıb, bir müddət üzüqoylu qalıb.
Qulağı zəif olan doxsan yaşlı atam onun səsini eşidə bilmədiyindən köməyinə çatmayıb.Qonşu anamın- ağrılı- acılı səsinə, haraya tələsib.Allahın işidir. Atamın səsə-küyə yadırğayan qulağı zəngin səsini olduğu kimi eşidib və eləmə tənbəllik qapını açmağa tələsib. Bəlkə də bir insanın xilasına görə Tanrı atamın qulağına bir anlığa eşitmək əmri verib və sonra yenə bağlayıb. Allahın möcüzəsi çox olur.
Bunu da həmin o möcüzələrdən biri saymaq olar. Çünki, təzədən o qapı bu şəkildə nə vaxtsa döyüləsi olsa ,atam o mübarək səsi çətin ki, bir də eşidə bilsin.Qonşu qapı açılar- açılmaz bir göz qırpımında anama kömək əli uzadıb, onu yatağına çatdırıb.Yıxılan zaman bərk qorxan anam gedib o dünyanı görsə də bu dünyayla vidalaşmağa az da olsa vaxtı qalıbmış. Hələ çarpayı ömrü yaşayacaqmış...Axır vaxtlar vəziyyəti ilə bağlı demək olar ki, hər gün yanında olurdum.Belə günlərin birində üzümə baxıb soruşdu ki , bəs Xaliq niyə gəlmir .Deyəndə ki ,ay ana Xaliq mənəm,gəlmişəm tanımadınmı? ...Heş nə demirdi. Nə illah edirdisə məni Xaliqə oxşada bilmirdi.Üzümdə itiy axtarırmış kimi xeyli baxırdı .Ananın övladını tanımaması çox dəhşətlidir.Vaxt var idi məni lap uzaqdan-uzağa yüz uşağın içindən asanca seçib tanıyan anam ,indi gözlərinin qabağında tək- tənha ola-ola tanıya bilmir.Lakin gülümsəyir.Bilir ki yad deyiləm, qan çəkir.
Amma amansız xəstəlik düz-əməlli tanımağa imkan vermir. Və bu vəziyyətdə məni tanımasa da üzündəki təbəssümə hava və su kimi ehtiyacım vardı.Bu təbəssüm bataqlığın üzünə çıxan dup-duru su kimiydi.Bir az çox şölələnəndə xəstəlik qara bulud kimi üstünü alırdı.Xəstə yanına gələnə həkim nə qədər icazə verərsə, sanki anamın xəstəliyi də o bir əlçim təbəssümü eləcə vaxtnan,qıymazyana onun üzünə qonmağa imkan vermişdi .Hiss eləyirdim ki,bir azdan bu təbəssüm də tükənəcək, ümidsiz şöləsi yaddaşımda özünə əbədi yer eləyəcək ...
***
Kənddən anamı görməyə təkcə dayım gəldi.Bu o vaxt idi ki, anam az da olsa adamları tanıya bilirdi.Və dayımı da o çətinlik çəkmədən tanıya bildi.Nəfəsindən dağların havasını hiss elədi ,yoncalı, güllü, çiçəkli yamacların ətrini duydu,müharibədə itkin düşən üzünü görmədiyi atasının illərlə axtardığı baxışlarlnı dayımın üzündə yenə zəndlə axtardı amma tapa bilmədi. Baxışları özündən qabaq itgin düşmüşdü babamın .
Dayım ,–necəsən... darıxma hər şey yaxşı olacaq,yenə əvvəlki günlərinə qayıdacaqsan, səni dağlara aparacam.-Yadındadımı sünbüllərin arası ilə qaçmağın, sapa çiyələk düzməyin... Anam dayıma əhəmiyyət vermirdi. Uzaq dağ kəndindən gələn qardaşının danışıqları ona son dərəcə gülünc və yalan görünürdü. Üzünün ifadəsindən” mən nə hayda, sən nə hayda” sözlərini çox aydın oxumaq olurdu.Ürəyində -mənim dağım da ,güllü-çiçəkli çəmənim də bu gördüyün çarpayıdı ,–deyirdi.Bu çarpayı ana qucağı deyildi ,son mənzilə gedən yolun dayanacağıydı. Anam dayımın üzünə baxdı, gülümsədi. Gülüşü bir az da solmuşdu...
Əslinə qalanda dayım da bilirdi ki,bacısına dediyi sözlərlə onu aldadır,könlünü almağa çalışır.Nəhayət bildi ki ,anam onun dediklərinə inanmır, hətta belə dürlü –dürlü sözlər qoşan qardaşına yazığı gəlir.Həmişə dayım kənddən gələndə özü qulluğunda dayanardı.Çayı ,çörəyi yerində- orda oturma, burda otur... Amma indi buna tabı yox idi bacısının.Yüz belə qardaş gələ yeri çarpayının yanı idi. Dayım anladı ki, daha bu xına o xınadan deyil.Bacısının vəziyyəti günü-gündən ağırlaşır.Allahına şükür eləsin ki ,hələ onu tanıya bilib.Dayım başını qaldıranda gözü pəncərədən yeni tikilmiş göydələnə sataşdı.Üç -dörd kənddən də çox mənzili olan binanın üstündən kənd göylərinin buluduna oxşar ağ-qara buludlar dolaşırdı.Və nədənsə dayım o buludlara baxa-baxa Aşıq Alının məşhur misrasını mızıldadı -“ölüm haqdı çıxmaq olmaz əmrdən”...
***
Axır vaxtlarda anam nənəmi daha çox xatırlayırdı. Ürəyin kimi stəyir soruşanda- anamı istəyirəm deyirdi.Gözünə anasından başqa heç kim görünmürdü.Getdikcə hər gün bir az sözləri unudurdu.Cümlə qura bilmirdi.Sözlər bir-bir yaddaşiyla sağollaşırdı.Amma qəribədir ki, ana sözünü dodaqlarında bərk –bərk sıxıb saxlayırdı,unutqanlığın caynağına keçməyə qoymurdu.Yaddaşına qənim kəsilən xəstəliyin əlindən bu müqəddəs sözü güclə tutub saxlayırdı. Və elə də oldu .Növbəti günlər cəmi sözlər yaddaşından tamam silindi.Amma yenə deyirəm ,ana sözünü yaddaşına qənim kəsilən xəstəliyin hücumundan xilas edə bildi.Və bu söz anamın dediyi axırıncı söz oldu.
Hər dəfə anama baş çəkməyə gələndə,-ürəyin nə istəyir soruşanda ,üzümə diqqətlə baxıb-ancaq səni ,- deyərdi.Belə deyə-deyə maddi aləmə yavaş-yavaş üz çevirirdi.Süfrəni – yeməyi görən gözü yox idi.Günbəgün çörəyə -suya əlvida deyirdi.Mənə elə gəlirdi ki ,xəstəlikdən əlavə bu həm də nəfs ,göz toxluğu sınağıydı.Qəribədir ki ,düz bir ay sərasər ac-susuz qaldığı müddətdə də anamın üzü gülürdü.Bunu da belə başa düşürdüm ki ,nəfsinə qalib gəldikcə Tanrı anamı qeyri –adi təbəssümlə mükafatlandırırdı.Bu təbəssüm nəfslə idarə olunan sapsağlam insanların rəngsiz-ruhsuz təbəssümündən daha fərqli daha işıqlıydı.İndi mən o təbəssümün işığını və rəngini təsvir eləməkdə çətinlik çəkirəm.
Amma çox güman ki, bu həm də cənnət günəşinin işığıydı.Və əgər doğrudan da anamın üzünə cənnət günəşinin işığı düşmüşdüsə deməli o dünyanı görürdü. Anamın ruhu başının üstündəydi .Bu ruhda olan enerji hətta bir qab yağlı-buğlu ətli xəngəlin kalorisindən də qat-qat güclüydü və bu müqəddəs ruhun bəzəkli pəncərəsindən Tanrının yarlı –yaraşıqlı dərgahı əməlli-başlı görünürdü .Dediyim kimi, düz bir ay sərasər anam dilinə heç nə vurmadı.Yeri gəlmişgən, sonuncu dəfə ürəyi xəngəl istədi.Böyük bacım özünə əl qatdı ,tez bişirdi .Yağ soğanını sarımsaq qatığını əlavə elədi.Ölü yesə dirilərdi.Amma anam o bir qab xəngələ elə baxdı ki elə bil min illik düşməninə baxırdı.Bacım, –ye ana ye, sən dedin mən də bişirdim – heç olmasa bir-iki yarpaq ye, –desə də anamın gözünə nə xəngəl, nə də bacım görünürdü.Gözlərini naməlum səmtə dikmişdi.Görünür orada gördükləri xəngəldən də maraqlıydı,cəlbediciydi. -Ye ,ağzını aç -deyə bacım israr edirdi.
Bu isti yağlı-buğlu xəngəldən bir yarpaq da olsa yeməsinə çalışırdı. -Anam başını yellədi ,əli ilə işarə elədi ki götür apar...Bundan sonra ürəyi heç nə istəmədi.İştahadan tamam kəsildi.Elə bil hansısa qüvvə ona yeməyi qadağan elədi.Cismində taqət olmasa da üzü təbəssümlüydü. Bu təbəssüm bizi yola vermək üçün deyildi. Anamın əvvəlki təbəssümündən də gözəliydi və onun çöhrəsinə ayrıca yaraşıq verirdi.Xəstəliyindən incik olsa da ruhu onu incitmirdi ,əksinə anamı ona əziyyət verən cismindən qurtarmağa çalışırdı. Ruhun işığında onun görkəmi bir başqaydı.Ruh və cism məsələsi təzə söhbət deyil.Amma ruhun bədəni necə tərk elədiyini görmək bu hadisəni həyəcanla müşahidə eləmək mənim üçün gözlənilməziydi, həm də çətiniydı.Çünki bu müşahidənin nəticəsi bir insanın, -mənim doğmaca anamın dünyadan əlini üzməsi demək idi.İnsanın ölüm anlarını müşahidə eləmək nə dəhşətli imiş. O da ki, doğmaca anan ola. Anan ölsün ay Xaliq…
Və belə bir şəraitdə əlimdən heç nə gəlməyə-gəlməyə yalnız qadir Allahın ümidinə qala-qala anamın başının üstündə dayanıb olduqca ağrılı bir vəziyyəti izləmək mənim özümün də əlimi –qolumu bu fani dediyimiz dünyadan əməlli – başlı soyudurdu.Bu zaman həyatın mənasızlığını ,bir qara qəpiyə dəymədiyini daha çox anlayırdım.Anam gözlərimin önündə saralıb solurdu. Varlığından yoxluğuna yol almışdı -çox qısa bir yol…
***
Bacım deyirdi ki, çox uzaqlaşmayın dünyanın işini bilmək olmaz .Həmin gün gecə saat ikiyə qədər anamın yanında olduq .Onu tək buraxmadıq.Bilirdik ki, yolu o yanadır. Nə qədər çalışdıqsa bu yana döndərə bilmədik.Onu həkimə tapşırdıq ümidimizi üzmədik.Həkim isə üzrxahlıq edib Allaha tapşırdı.İndi anamın Allahdan başqa heş kimi yox idi.Dediyim kimi son dəqiqəsinə qədər yanındaydım və onun həyatla mücadiləsinin şahidiyəm. Son nəfəsin nə olduğunu yaxşı bilirəm.
Say hesabı nəfəsi qalmışdı .Sinəsi dəmirçi körüyü kimi qalxıb enirdi.Nəfəs verib bir neçə saniyə dayanırdı.Əlimi üzürdüm ki daha “getdi”.Amma bır neçə saniyə belə qalandan sonra sinəsi təzədən qalxıb –enməyə başlayırdı.Allaha təvəkkül deyib yenə qorxuyla üzünə baxırdım.Bu “can tapşırma” nə yaman dəhşətliymiş. Bir neçə dəfə bu müdhiş hal təkrar olundu .Nəhayət anam sonuncu dəfə dərindən nəfəs aldı,nəfəs verdi.Həsrətlə gözləyirdim ki ,yenə anamın sinəsi qalxıb enəcək amma hərəkətsiz qaldı.İlk dəfəydi ölüm halını bu qədər həyəcanla izləyirdim amma qorxmurdum.
Bəlkə də anam olduğu üçün belə idi.Həm də uşaqlıqdan valideynlərin hər bir hərəkəti bizə qəbuluydu ...Ruhu köməyinə çatan anam sözün əsl mənasında bu dünyadan xəbərsiz idi.Artıq o dünyanın qapılarlndan içəri keçmişdi.Mələklər onu cənnətin gözəllikləri ilə tanış edirdilər.Gözlərimi üzündən çəkə bilmirdim.Üzündəki təbəssüm xeyli artmışdı .Anam nur içindəydi...