manera.az
manera.az

Dovşan kral - Sabir Etibarlının hekayəsi

📅 07.10.2022 13:06

Dovşan kral - Sabir Etibarlının hekayəsi
Uzaq diyarların birində ucsuz-bucaqsız meşənin kralı şir ölmüşdü. Axır ki, ayılar çoxdan bəri gözlədikləri fürsəti əldə edə bilmişdilər.

Onlar nəhəng və çox qüvvətli idilər, sayıları da çox idi. Ayıların heybətli görünüşləri, dəhşətə gətirən gücləri olsa da, onlarda meşəni idarə edəcək ağıl yox idi. Bunu bilən hiyləgər tülkülər ayıları inandırdılar ki, tabe olub meşənin idarəsini tülkülərə verməlidirlər.

Onda ayılar meşənin təzə kralının yanında layiqli yerlərini tuta bilərlər. Beləcə tülkülər ayıları aldadıb onların vasitəsilə meşənin idarəsini ələ aldılar. Tülkülərə başçılıq edən Hiyləgər ləqəbli cavan tülkü meşənin təzə kralı oldu. Bundan sonra hamı onu məcburi şəkildə kral çağırırdı.

Gün keçdikcə tülkülərin və ayıların zülmü artırdı. Artıq meşə sakinlərinin hər günü qorxu içində keçirdi. Onlar tülkü kralı yox, başqa ədalətli kral istəyirdilər. Amma ayıların qorxusundan səslərini çıxarda bilmirdilər. Hamının tülkü kralın zülmündən cana doyduğu bir vaxtda üsyan – dovşan üsyanı başladı.

Üsyana Pambıq adlı cavan dovşan başcılıq edirdi. Üsyançılar sürətlə meşənin dərinliklərinə irəliləyərək kral tülkü ilə birlikdə bir neçə tülkünü və ayıları mühasirəyə aldılar. Hər tərəf ağ-bozumtul rəngli dovşanlarla əhatə olunmuşdu. Dovşanlar arxa ayaqları üstündə durub mümkün qədər böyük görünməyə çalışırdılar. Tez-tez dişlərini göstərirdilər. Onlar bir ağızdan qışqırırdılar:

- Ədalət, ədalət.
Amma ayılar birdən nərildəyəndə dovşanları titrəmə tutdu. Amma geri addım atmadılar. Dovşanlar yenə də nazik səsləriylə qışqırır, ədalət tələb edirdilər. Ayılardan biri irəli çıxıb istehzayla:

- Bu Pambıq sizə başçılıq edir? Siz heç nə edə bilməzsiniz – dedi və gülməyə başladı.
Dovşanlardan cavab gecikmədi:

- Baxma ki, adı Pambıqdır, onun iradəsi poladdan da güclüdür.

Bir anlıq arada səssizlik oldu. Ayılar yenidən nərildəməyə başladılar:
- Kral naminə, kral naminə.

Ayılar tülkü kralın hücum əmrini gözləyirdilər. Bu balaca dovşanların iri pəncəli, iti dişli ayılar qarşısında nə şansı ola bilərdi?

Birdən uzaqdan dəhşətli səslər mühasirəyə doğru yaxınlaşmağa başladı. Səsin qorxusundan hətta ayılar da vahiməyə düşmüşdülər. Nə dovşanlar, nə də ayılar nə edəcəklərini bilirdilər. Bir az sonra səsi çıxaranlar gəlib döyüş meydanına çıxdılar. Qəribə olsa da, bu səsi çıxaranlar, demək olar ki, bütün meşə sakinləri idi.

Hamı orda idi – vüqarlı marallar, gözəl cüyürlər, çaqqallar, kök donuzlar, kirpilər, zirehli tısbağalar, hər növ quşlar – qartallar, şahinlər, bayquşlar, ağacdələnlər, qaranquşlar. Hamı orda idi. Hətta həşarat və cücülər də gəlmişdi. Onlar dovşanların ədalət savaşına yardıma gəlmişdilər. Sən demə, Pambıq elçilər göndərib onları savaşa səsləyibmiş. Onlar da bu çağırışı cavabsız qoymamışdılar. Meşə sakinləri özlərinin çoxluğundan daha da qürrələnir, daha böyük şövqlə bağırırdılar

- Ədalət, ədalət.
Ayılar bərk qorxmuşdu. Mühasirəni çətinliklə yarıb meşəni bir dəfəlik tərk etdilər. Onlar sürətlə qaçanda tülkülər qışqırırdı:

- Qorxaqlar, qaçmayın.
Tülkülər döyüş meydanında tək qalmışdı. Qorxudan ayaqları tir-tir əsirdi. Balaca cüssəli Pambıq qalib ədasıyla irəli çıxdı. Tülkülərə üzünü tutub dedi:

- Biz döyüş istəmirik. Sizin canınızı bağışlayıram. Amma burda artıq sizə yer yoxdur. Gedin və bir daha qayıtmayın.
Tülkülər qorxa-qorxa dovşanın ayaqlarını öpərək sürətlə meşəni tərk etdilər. Artıq Pambıq meşənin yeni və ədalətli kralı idi.


Baxış sayı - 780 | Yüklənmə tarixi: 07.10.2022 13:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031